Dağlıq Qarabağın qaçqın və məcburi köçkünlərinin sağlamlıq vəziyyətinin öyrənilməsi üzrə “Sağlam Nəsil” Tibbi Elmi Tədqiqat Mərkəzi tərəfindən kompleks proqram hazırlanmışdır. Proqramın məqsədi son illərdə cəmiyyətimizin, dövlətimizin əsasını təşkil edən ailələrin sağlamlığının möhkəmləndirilməsi, ailə dəyərləri və milli ənənələrin qorunub saxlanması, uşaqların firavan inkişafının təmin edilməsi, regionlarda səhiyyənin inkişaf etdirilməsi kimi prioritet məsələlərin həllinə nail olmaqdır.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Layihə çərçivəsində “Sağlam Nəsil” İctimai Birliyi tərəfindən paytaxtın Qaradağ rayonunun Ümid qəsəbəsində tədbir təşkil olunmuşdur. Məqsəd ölkə əhalisini yayılmış aktual xəstəliklər barədə məlumatlandırmaq, onların simptomları, profilaktika üsulları və risk göstəriciləri ilə tanış etməkdən ibarətdir. Maarifləndirmə xarakterli proqram konsultasiya, tematik tədbirlər keçirilməsini özündə əks etdirir.
Tədbirdə “Sağlam Nəsil” İctimai Birliyinin rəhbəri və eyniadlı Tibbi Elmi Tədqiqat Mərkəzinin direktoru, professor Nigar Kamilova iştirakçılara proqram, onun məqsəd və vəzifələrindən danışmış, layihə koordinatoru tədbir proqramı haqqında məlumat vermişdir.
Tədbirin sonunda həkim-terapevt iştirakçıları maraqlandıran suallara cavab vermiş, əhalinin sağlamlıq vəziyyətinin analizi üçün anketlər paylanılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.