www.science.az
19.06.2019 14:39

“Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələləri” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görkəmli yazıçı, dramaturq, publisist, nasir Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr edilən “Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələləri” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli açaraq sessiyanın ölkə başçısının “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 17 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən baş tutduğunu bildirib. “Cəlil Məmmədquluzadənin ana dili sevgisi” mövzusunda məruzə ilə çıxış edən B.Məhərrəmli qeyd edib ki, XX əsrin əvvəllərində zəngin yaradıcılığı və özünəməxsus üslubu ilə seçilən Mirzə Cəlil öz əsərlərində Azərbaycan xalqının həyat tərzini əks etdirib, tənqid və sarkazmlarla millətin intibahına çalışıb.

O, yazıçının yaradıcılığında ortaq türk ədəbi dili, ana dilinin saflığı, əlifba məsələsi kimi aparıcı mövzuların mühüm yer tutduğunu, ədibin latın qrafikasının əsas tərəfdarlarından biri olduğunu söyləyib: “C.Məmmədquluzadə  hesab edirdi ki, milli maraqlar baxımından yazmaq, oxumaq, təlim və tərbiyə işləri doğma ana dilində aparılmalıdır”.

Ədibin “Molla Nəsrəddin" jurnalı vasitəsilə ana dilimizin inkişafına və təbliğinə çalışdığını deyən B.Məhərrəmli Mirzə Cəlilin nəşrin ilk sayında yer alan "Sizi deyib gəlmişəm" məqaləsi ilə xalqımıza doğma dilimizdə səsləndiyini diqqətə çatdırıb. Bundan əlavə, Cəlil Məmmədquluzadənin 1913-cü ildə yazdığı "Əlifba" felyetonunda əlifba ilə bağlı oxucuları maarifləndirdiyini, onları düşünüb-daşınmağa çağırdığını bildirib.

Sessiyada, həmçinin filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun “Cəlil Məmmədquluzadənin əsərlərində “yuxarı silkin” bədii obrazları”, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Quliyevanın “Cəlil Məmmədquluzadə yaradıcılığında toponimlərin üslubi xüsusiyyətləri” və filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Vahabovanın “Cəlil Məmmədquluzadə yaradıcılığında milli mənlik problemi” mövzusunda məruzələri dinlənilib. Vurğulanıb ki, Cəlil Məmmədquluzadənin əsərləri Azərbaycan xalqının dünya ədəbiy­­­ya­tına bəxş etdiyi misilsiz bədii sənət nü­munələridir. Qeyd olunub ki, bütün varlığı ilə Azər­baycan xal­qına xidmət edən, yeni ədəbi məktəb yaradan, tənqidi realizmin ba­nisi Mirzə Cəlilin ru­huna ehtiram və sevgi hər bir ziyalının mə­nə­vi borcudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.