Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçirilir
11.07.2019 12:05
  • A-
  • A
  • A+

Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçirilir

İyulun 11-də Bakıda Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun açılışı olub.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə əklil və tər güllər qoyublar.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Daha sonra simpozium çərçivəsində təşkil edilən Azərbaycanın tarixi-dini abidələri haqqında fotosərgiyə baxış olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov simpozium iştirakçılarına Prezident İlham Əliyevin müraciətini oxuyub.

Açılış mərasimində çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov İslamın Qafqaz xalqlarının həyatında tutduğu əhəmiyyətli mövqeyə, həmçinin qafqazlı alim və mütəfəkkirlərin İslam sivilizasiyasına bəxş etdikləri töhfələrə toxunub. O, ulu öndərin təşəbbüsü ilə 1998-ci il dekabrın 9-11-də Bakıda "İslam Sivilizasiyası Qafqazda" I Beynəlxalq Simpoziumunun keçirildiyini nəzərə çatdırıb.

Qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğını, həmçinin dinlərarası tolerantlıq və multikultural ənənələrin təbliğinə əsaslanan siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Bildirib ki, bu ideyaların təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi olaraq vurğulanmalıdır.

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktoru Halit Eren isə qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bunun qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır.

Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva qeyd edib ki, İslam dini Azərbaycanda yayılmağa başladığı andan etibarən dərin kök salıb, insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə müəyyənedici təsir göstərib. Qafqazın nadir bölgə olduğunu vurğulayan G.Baxşəliyeva bildirib ki, bu region öz təbiətinə, coğrafi quruluşuna və qədim zamanlardan məskunlaşmış, minillərboyu yaşamış insanlarının xüsusiyyətinə görə xarakterizə oluna bilər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələri xüsusi vurğulayıb. Qeyd edib ki, İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik, inkişaf, islami dəyərlər bəxş edib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev vurğulayıb ki, bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və təbliği, dini radikalizmə qarşı mübarizə istiqamətində aparılan işlər, əldə olunan uğurlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin birgə əməkdaşlığı və fəaliyyəti nəticəsində mümkün olub.

Daha sonra çıxış edən Türkiyənin 29 May Universitetinin Himayəçilər Şurasının sədri, professor Tayyar Altıkulaç, İzmir Katip Çelebi Universitetinin rektoru, professor Saffet Köse, Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov simpoziumun Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılması istiqamətində xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıblar.

Qeyd edək ki, iki gün davam edəcək simpoziumda Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı və Qafqazda İslam sivilizasiyası mövzusu üzrə fəaliyyət göstərən alim, tədqiqatçı və ekspertlərin məruzələrlə çıxışları nəzərdə tutulur.

Builki simpoziumda “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, “Qafqazda İslam elmlərinin inkişafı”, “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”, “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”, “Qafqazda İslamın yayılması”, “Qafqazda multikulturalizm”, “İslam sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, “Çar Rusiyasının Qafqazda İslam siyasəti”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” adlı panellərdə müxtəlif mövzularda məruzələr dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: