www.science.az
21.08.2019 12:36

Lənkəranda fermerlər üçün maarifləndirici seminar keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “Gənclik və maarifçilik” İctimai Birliyi tərəfindən bölgənin fermerləri üçün maarifləndirici seminar təşkil olunub.

Seminar “Gənclik və maarifçilik” İctimai Birliyi tərəfindən icra edilən “Fermerlərin ekoloji təmiz kənd təsərrüfatı istehsalı üzrə maarifləndirilməsi” layihəsi çərçivəsində baş tutub.

Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin 1-ci qrant müsabiqəsinin qalibləri sırasındadır.

Seminarın keçirilməsində əsas məqsəd fermerlərə dünyada ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarına olan tələbatın artması barədə məlumat vermək, yüksək keyfiyyətə və standartlara uyğun ekoloji təmiz məhsulların yetişdirilməsi prosedurunu öyrətmək, həmçinin onları maraqlandıran sualları cavablandırmaq olub.

Tədbirdə “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının tarixi və bu günü”, “Üzvi əkinçiliklə bağlı dünya təcrübəsi”, “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı hərəkatı”, “Ekoloji təmiz kənd təsərrüfatı ilə bağlı ölkə qanunvericiliyi”, “Genetik modifikasiya olunmuş bitkilər: problemlər və çıxış yolları” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Seminarda, həmçinin AMEA-da ekoloji təmiz kənd təsərrüfatı istehsalı sahəsində görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzində bu istiqamətdə tədqiqatlar aparılır, fermerlər üçün lazımi imkanlar yaradılıb.

Bundan başqa, AMEA Genetik Ehtiyatlar İnstitutunda geni dəyişdirilmiş bitkilərin aşkarlanması və yayılmasının qarşısının alınması ilə bağlı mühüm işlər görülür.

Tədbirə yekun vuran AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev regionda müvafiq problemlərlə bağlı mövcud durumdan danışıb, ekoloji təmiz çay istehsalının təşkilinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.