Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.08.2019 12:54
  • A-
  • A
  • A+

MDU-nun Bakı filialının tələbələri AMEA-nın Yüksək Texnologiyalar Parkına ekskursiya ediblər

MDU-nun Bakı filialının tələbələri AMEA-nın Yüksək Texnologiyalar Parkına ekskursiya ediblər

21 avqust 2019-cu il tarixində M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının tələbələri AMEA Yüksək Texnologiyalar Parkına (YT Parkı) elmi-təcrübə ekskursiya ediblər. Görüş universitetin Kimya fakültəsinin dekan müavini Əyyub Məmmədov, professor Bogdan Lazoryak, dosent Oksana Barışnikova və dosent Deyneko Dinanın rəhbərliyi ilə baş tutub.

Öncə YT Parkın direktoru, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Samir Məmmədov universitet heyətini qarşılayaraq onlara rəhbərlik etdiyi müəssisə haqqında ətraflı məlumat verib. Bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması bu qurumun əsas məqsədlərindəndir.

Qonaqlar AMEA-nın təşəbbüsü ilə qurulan, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzi (SEASM) ilə tanış olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, SEASM-in məqsədi akademiyanın elmi müəssisə və təşkilatlarının balansında olan, müasir tələblərə cavab verən elmi avadanlıq, cihaz və digər vasitələrdən elmi tədqiqatların aparılmasında və yeni texnologiyaların işlənməsində daha da səmərəli istifadə olunması üçün onların vahid mərkəzdə cəmləşdirilməsidir. Eyni zamanda bu mərkəz qüvvədə olan milli, dövlətlərarası və digər normativ sənədlərin tələblərinə uyğun qaz, neft və neft-kimya məhsullarının sınaqlarını yüksək səviyyədə aparmaq və sifarişçilərə həqiqi sınaq nəticələrini təqdim etməyi nəzərdə tutur.

Qeyd olunub ki, mərkəzdə quraşdırılmış cihazların qeyri-neft sektorunda, istehlak mallarında toksik elementlərin təyinində, dərman preparatlarının hazırlıq prosesində, kənd təsərrüfatında və tibbi-ekspertizada istifadəsi mümkündür.

Sonra universitet heyəti AMEA-nın Təcrübə-Sənaye Zavodu ilə tanış olub. Ziyarətçilərə zavodun əsas fəaliyyət istiqamətləri, burada istehsal olunan innovativ məhsullar barədə məlumat verilib.  Bildirilib ki, YT Parkın ilk rezidenti olan bu müəssisə beynəlxalq standartlara cavab verən sürtkü yağlarının istehsalı ilə məşğul olur. Elmlə istehsalat arasında birbaşa əlaqələrin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi zavodun həyata keçirdiyi əsas tədbirlərdəndir. Burada müasir tələblərə cavab verən sürtkü yağlarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriya – pilot kompleksi yaradılıb.

Daha sonra ziyarətçilər 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə AMEA-nın birgə təsis etdiyi “Millers Oils Azerbaijan” MMC-nin məhsulları və istehsal sahəsi ilə tanış olublar. Müəllim və tələbə heyətinə burada istehsal olunan yağlar, istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verilib. Qeyd edilib ki, “Millers Oils Azerbaijan” MMC dünya standartlarına cavab verən yüksək keyfiyyətli sürtkü yağlarının istehsalı ilə məşğuldur.

MDU-dan olan nümayəndələr sürtkü yağlarının istehsalı ilə məşğul olan hər iki müəssisəsin istehsal prosesində bilavasitə iştirak edib. YT Parkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti ekskursiya iştirakçılarının böyük marağına səbəb olub, onları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: