Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.10.2019 11:07
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsi beynəlxalq əlaqələrini genişləndirir

AMEA-nın Naxçıvan Bölməsi beynəlxalq əlaqələrini genişləndirir

Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Şərqi Avropanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şimali Makedoniya Respublikasının paytaxtı Üsküp şəhərindəki Beynəlxalq Vizion Universitetində elmi ezamiyyətdə olub.

Əbülfəz Quliyev Avropada ilk türk universiteti olan bu təhsil müəssisəsinin tələbələri üçün “Kuman-kıpçaqlar və Cənubi Qafqazda izləri” mövzusunda mühazirə oxuyub.

Azərbaycanlı alim, həmçinin universitetin rektoru, professor Fadıl Hoca və elmi şura üzvləri ilə görüşüb.

Görüşdə prof. F.Hoca universitetin beynəlxalq əlaqələri və Azərbaycana səfərindən danışıb. O, iki ölkə arasında qarşılıqlı səfərlər, geniş elmi əlaqələr, eləcə də humanitar əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunub.

Müxbir üzv Ə.Quliyev isə Azərbaycanda müstəqillik dövründə elm və təhsilin özünəməxsus inkişaf yolu keçdiyini, mühüm nailiyyətlərin əldə olunduğunu bildirib. Alim Şimali Makedoniya Respublikasının elm və təhsil qurumları ilə beynəlxalq əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Daha sonra Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə Şimali Makedoniya Respublikası Beynəlxalq Vizion Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

İki dildə tərtib olunmuş protokolda öz əksini tapmış 10 maddəlik qərarda müəssisələr arasında elm və təhsilin müxtəlif sahələri üzrə əməkdaşlığın 5 il müddətində həyata keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: