www.science.az
02.12.2019 09:17

Məktəblilərarası Astronomiya Olimpiadası öz işinə başlayıb

Bakı Dövlət Universitetində (BDU) Məktəblilərarası Astronomiya Olimpiadası öz işinə başlayıb.

BDU-nun, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun təşkilatçılığı ilə baş tutan olimpiada Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.

Əvvəlcə universitetin rektoru, f.ü.f.d. Elçin Babayev və Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək şagirdlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək istiqamətində uğurlar arzulayıblar.

Bildirilib ki, Məktəblilərarası Astronomiya Olimpiadasının əsas məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyanın daha geniş təşviq edilməsi və rəqabət mühitinin formalaşdırılmasıdır.

Sonra təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Abdullah Bazarov olimpiadanın şərtləri və təqdim edilən suallar barədə məlumat verib.

Daha sonra “Kainatın yaradılması və təkamülü: zamana səyahət” adlı elmi-kütləvi film nümayiş olunub.

Qeyd edək ki, Bakı şəhəri üzrə ümumtəhsil məktəblərini əhatə edən olimpiadaya 150-yə yaxın IX-X sinif şagirdi qatılıb.

Olimpiadanın qalibləri sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.