Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.12.2019 14:58
  • A-
  • A
  • A+

AMEA-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

AMEA-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 2-də AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbirdə AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, İradə Hüseynova, AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, o cümlədən akademiyanın elmi müəssisə və təşkilatlarının qadınlar şuralarının sədrləri iştirak ediblər.

Konfransı akademik İsa Həbibbəyli açaraq müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, ömrünü dövlətinin, xalqının inkişafına, çiçəklənməsinə və rifahına həsr edən ulu öndərin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.

AMEA-nın vitse-prezidenti tarixə ekskursiya edərək müxtəlif dövrlərdə ümummilli liderin dövlətin milli maraqlarının qorunması və milli şüurun inkişaf etdirilməsi, iqtisadi gücünün artması, ölkədə sosial-mədəni sferanın inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edib. O, xalqımızın həyatında və tarixində müstəsna rolu olan dahi şəxsiyyətin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün məktəb olduğunu deyib.

Akademik İsa Həbibbəyli dahi liderin elmi, siyasi, iqtisadi və mədəni quruculuq sahəsində, eyni zamanda, AMEA-nın bugünkü fəaliyyətində böyük xidmətlərindən danışıb. Diqqətə çatdırıb ki, ümummilli lider Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizdə elmin, o cümlədən AMEA-nın inkişafına böyük diqqət və qayğı ilə yanaşıb. Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və Azərbaycan elminin yeni inkişaf mərhələsi başlanıb.

İsa Həbibbəyli qeyd edib ki, hazırda ölkəmizdə ulu öndər Heydər Əliyevin böyük ideyaları ardıcıllıqla və dönmədən, uğurla həyata keçirilir. Prezident İlham Əliyev müstəqil Azərbaycanı yaradıcılıqla, yeni epoxanın reallıqlarına uyğun şəkildə böyük sürətlə inkişaf etdirərək yeni sabahlara doğru aparır.

Tədbirdə akademiklər İradə Hüseynova, Gövhər Baxşəliyeva və professor Rəna Mirzəzadə çıxış edərək ulu öndər Heydər Əliyevin müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında əvəzsiz rolundan söz açıblar. 

Daha sonra Toğrul Salmanzadə "Heydər-xalqım" şeirini səsləndirib.

Sonda ulu öndərin həyat və fəaliyyətinə həsr olunan "Heydər Əliyev və dövlət qadın siyasəti" filmi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: