Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Fəlsəfə İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
03.12.2019 11:50
  • A-
  • A
  • A+

Fəlsəfə İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Dekabrın 2-də AMEA-nın Fəlsəfə İnstitutunda Fransanın ölkəmizdəki səfiri Zakari Qros və Azərbaycandakı Fransız İnstitutunun direktoru Jerom Kel ilə görüş keçirilib.

Əvvəlcə Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə qonaqlara rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verib. Bildirib ki, institut Fransanın nüfuzlu Sorbonna və Sofiya-Antipolis universitetləri ilə əməkdaşlıq edir, birgə tədqiqatlar və layihələr həyata keçirir, elmi nəşrlər çapa hazırlayır.

Daha sonra Fransanın ölkəmizdəki səfiri Zakari Qros çıxış edərək, 2020-ci il yanvarın 30-da beş qitəni əhatə etməklə “Sağ olmaq” mövzusunda keçiriləcək “İdeyalar gecəsi” barədə məlumat verib. O, Fransız İnstitutu tərəfindən təşkil olunacaq tədbirdə müxtəlif ölkə filosoflarının iştirak edəcəyini və bir sıra mövzular ətrafında müzakirələr aparacağını bildirib.

Görüşdə son beş ildə Fəlsəfə İnstitutunda Fransa səfirliyinin dəstəyi ilə gənc tədqiqatçılar üçün təşkil edilən fransız dili kurslarının davam etdirilməsi barədə razılığa gəlinib. Həmçinin fransız filosofların Fəlsəfə İnstitutunda keçirilən seminarlara dəvət olunması barədə fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: