Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Ədəbiyyatda və sənətdə neft faktoru” mövzusunda elmi konfrans keçirildi
19.09.2014 00:00
  • A-
  • A
  • A+

“Ədəbiyyatda və sənətdə neft faktoru” mövzusunda elmi konfrans keçirildi

Bu gün AMEA-nın Əsas binasındakı Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında ümummilli lider Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin 20 illik yubileyinə həsr edilmiş “Ədəbiyyatda və sənətdə neft faktoru” mövzusunda elmi konfrans keçirildi.

Öncə foyedə Mərkəzi Elmi Kitabxana tərəfindən təşkil olunmuş, ölkəmizin uğurlu neft siyasətini əks etdirən sərgi nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirdi ki, xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymuşdur. Əsrin nəhəng neft müqaviləsinin bağlanması da bu siyasətin mühüm tərkib hissəsi kimi meydana çıxmışdır. “Azərbaycan ədəbiyyatının neft dünyası” mövzusunda məruzə ilə çıxış edən akademik İ.Həbibbəyli qeyd etdi ki, bu gün ölkə Prezidenti həmin strateji xətti uğurla davam etdirir.

Akademik İsa Həbibbəyli ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu iqtisadi siyasətin, bilavasitə neftlə bağlı qazanılan nailiyyətlərin, davamlı inkişaf perspektivlərinin, ümumilikdə isə neft amilinin Azərbaycan ədəbiyyatında da öz əksini tapdığını nəzərə çatdırdı. Qeyd etdi ki, indiyədək çoxsaylı əsərlərdə yer tapmış neft mövzusu davamlı olaraq müxtəlif istiqamətlərdə işlənilmişdir. Ədəbiyyatda neft mövzusunda ədəbi-bədii, elmi əsərlərin yaradılmasına böyük önəm verilməsinin vacibliyini önə çəkən akademik İsa Həbibbəyli humanitar elmlər istiqamətində tədqiqatların aparılması üçün akademiyada münbit şəraitin olduğunu xüsusi vurğuladı.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov və Azərbaycan Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilənin imzalanmasını böyük tarixi hadisə kimi dəyərləndirdilər. Bildirdilər ki, tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmış bu müqavilə yeni-yeni bədii və elmi əsərlərin daimi mövzusu olmalıdır. Dünyanın 8 ölkəsinin ən məşhur neft şirkətləri ilə bağlanmış “Əsrin müqaviləsi” müxtəlif istiqamətlərdə istər bədii, istərsə də elmi əsərlərdə öz əksini tapmalıdır.

Daha sonra filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədov “Mehdi Hüseyn yaradıcılığında neft problemi və neftçi obrazları”, filologiya üzrə fəlsəfə doktorları Məhəmmədəli Mustafayev “Azərbaycan ədəbiyyatında neft mövzusunda ilk bədii əsər”, Elnarə Akimova “Azərbaycan poeziyasında qara qızılın tərənnümü”, Şəmil Sadıqov “Müstəqillik dövrü Azərbaycan bədii nəsrində neft mövzusu”, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantı Nigar Axundova “Azərbaycan təsviri sənətində neft” mövzusunda məruzələrlə çıxış etdilər. Məruzələrdə Azərbaycan ədəbiyyatında neft mövzusunda işlənmiş poeziya və nəsr əsərlərinə ədəbiyyatşünaslıq elmi nöqteyi-nəzərindən nəzər salındı, məruzələr ətrafında müzakirələr aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: