Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.12.2019 17:18
  • A-
  • A
  • A+

AMEA-da akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi münasibətilə elmi sessiya keçirilib

AMEA-da akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi münasibətilə elmi sessiya keçirilib

Dekabrın 26-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Akademik Məmməd Cəfər Cəfərov və Azərbaycan humanitar elminin müasir problemləri” mövzusunda elmi sessiya keçirilib.

Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində görkəmli alimin həyat və yaradıcılığını əks etdirən əsərlərdən ibarət sərgi təşkil olunub.

Sessiyanı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq 2019-cu ildə Azərbaycanın bir çox görkəmli yazıçılarının, şairlərinin yubileylərinin respublika və dünya səviyyəsində qeyd olunduğunu bildirib. Qeyd edib ki, 2019-cu il ölkə başçısı tərəfindən "Nəsimi ili" elan olunub və bu istiqamətdə AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin təşkilatçılığı ilə silsilə konfranslar təşkil edilib, akademiyada şairə həsr edilən 33 kitab və monoqrafiya çap olunub.

Atılan addımların ölkəmizdə elmə, sözə, ziyalıya verilən dəyərin əməli göstəricisi olduğunu deyən İ.Həbibbəyli, həmçinin Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamını xatırladıb.

O, M.C.Cəfərovun XX əsr Azərbaycan estetik fikir və ədəbi tənqidinin görkəmli nümayəndəsi olduğunu, ədibin ədəbiyyatşünaslıqla yanaşı, dilçilik, folklor, estetika, teatrşünaslıq, tarix və digər sahələrdə də peşəkarcasına fəaliyyət göstərdiyini bildirib. Diqqətə çatdırıb ki, konseptual baxışlara malik alim ədəbiyyat nəzəriyyəsi və tarixi, ədəbi tənqid, o cümlədən ədəbi romantizmə aid sanballı əsərlərin, məqalələrin müəllifidir.

Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi çərçivəsində Ədəbiyyat İnstitutunda tədqiqatların aparıldığını vurğulayan AMEA-nın vitse-prezidenti onun “Get dolangilən, xainsən hələ” tragikomediyasının çap olunduğunu və Naxçıvanda tamaşaya qoyulduğunu söyləyib. Bundan əlavə, Məmməd Cəfər Cəfərovun Ədəbiyyat İnstitutu, o cümlədən Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqqında yazdığı məqalələrin üzə çıxarıldığını, alimin ümumilikdə 100 məktubunun əldə edildiyini deyib. O, aşkarlanan materialların 2020-ci ildə çap ediləcəyini bildirib, ədibin əsərlərinin 10 cild halında yenidən nəşrinə ehtiyac olduğunu diqqətə çatdırıb.

Sonra Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Akademik Məmməd Cəfər Cəfərov və klassik ədəbi irs” və Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Akademik Məmməd Cəfər Cəfərovun dilçilik görüşləri” mövzusunda məruzələrini təqdim ediblər.

Tədbirdə, həmçinin filologiya elmləri doktorları Şirindil Alışanlının “Məmməd Cəfər Cəfərov və Azərbaycan ədəbi-nəzəri fikrinin problemləri”, Tahirə Məmmədin “Məmmməd Cəfər Cəfərovun elmi irsi nəzəri baza kimi”, Vaqif Yusiflinin “Məmməd Cəfər Cəfərov tənqidçi kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovun “Məmməd Cəfər Cəfərovun teatrşünaslıq baxışları” mövzusunda məruzələri dinlənilib.

Sonda görkəmli alimin ailəsi adından professor Ulduz Həşimova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: