Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim UNESCO-nun baş direktoruna müraciət etmişdir
12.11.2013 00:00
  • A-
  • A
  • A+

Azərbaycanlı alim UNESCO-nun baş direktoruna müraciət etmişdir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə iclasında iştirak etmək üçün Parisdə səfərdə olan Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafael Hüseynov ölkəmizin maraqları baxımından ciddi əhəmiyyət kəsb edən bir məsələ ilə əlaqədar UNESCO-nun baş direktoru İrina Bokovaya müraciət etmişdir. Dünyanın əsas mədəniyyət, elm, təhsil təşkilatının bu günlərdə davam edən Baş Konfransında müxtəlif ölkələrin təqdimatları əsasında ayrı-ayrı xalqların və bəşəriyyətin tarixində mühüm rol oynamış şəxsiyyətlərin, eləcə də əbədi yaşamaq haqqı qazanmış əsərlərin 2014–2015-ci illərdə tamam olan yuvarlaq ildönümlərinin qeyd edilməsi haqda müraciətlərə baxılır. İlk mərhələdən keçmiş və təsdiq olunması gözlənilən müraciətlərdən biri 600 yaşı tamam olan “Məqasid ül-əlhan” əsəri ilə bağlıdır. Təəssüf ki, UNESCO-ya təqdim edilmiş sənədlərdə həmin əsərin müəllifinin adı göstərilmir, onun azərbaycanlı olduğu açıqlanmır. Bununla əlaqədar, UNESCO-nun baş direktoruna müraciət edən professor Rafael Hüseynov məktubunda həqiqətlərə aydınlıq gətirərək yazır: “Hörmətli xanım Bokova! İlk növbədə rəhbərlik etdiyiniz təşkilatın dünya mədəni irsinin qorunması və təbliği yolundakı müstəsna fəaliyyətlərini qeyd edərək bütövlükdə bunun bəşəriyyətə xidmət olduğunu təsdiqləyir, ortaq evimiz olan dünyanı daha gözəl etmək üçün verdiyiniz töhfələrə görə minnətdarlığımı ifadə edirəm.

 

UNESCO xətti ilə dünya xalqlarının mədəni sərvərlərinin qorunub təbliğ edilməsi, mədəniyyətlərin inkişafında böyük əməkləri və təsirləri olmuş şəxsiyyətlərin və əsərlərin yubileylərinin keçirilməsi təqdirəlayiqdir. Şübhəsiz ki, bu qəbildən olan hər təşəbbüsün arxasında elm dayanır və UNESCO-da reallaşdırılan belə niyyət və ideyalar dəqiq, yoxlanılmış, elmi prinsiplərə və mübahisəsiz dəlillərə əsaslanmalıdır, lüzumsuz ziddiyyətlər yaratmağa deyil, mehriban və işgüzar əməkdaşlıqların artmasına yönəlməlidir.

 

Bununla əlaqədar, 2013-cü il oktyabrın 25-də UNESCO-nun İcra Şurasında baxılmış və noyabrın 9-da Baş Konfransda təsdiqi gözlənilən bir nominasiya ilə əlaqədar yol verilmiş müəyyən qeyri-dəqiqlik və təhriflərlə bağlı narahatlığımı Sizə çatdırmaq istəyirəm. Rica edirəm ki, ciddi müzakirə tələb edən həmin məsələnin müvafiq araşdırma aparılmadan tələsik təsdiq edilməsinə yol verməmək üçün səlahiyyətiniz çərçivəsində zəruri addımları atasınız.

 

Məsələnin mahiyyəti ilə əlaqədar bildirirəm:

 

İran İslam Respublikası “Məqasid ül- əlhan” adlı musiqişünaslıq əsərinin 600 illiyinin qeyd edilməsi ilə əlaqədar təşəbbüs irəli sürərək bunun İran ənənəvi musiqisinə dair mənbə olduğunu elan edir.

 

İlk növbədə, onu bildirmək istərdim ki, bu müəllifi naməlum folklor əsəri deyildir. Həmin əsərin müəllifi XIV–XV əsrlərin görkəmli Azərbaycan alimi, musiqiçisi, müğənnisi, şairi, xəttatı Əbdülqadir ibn Qeybi əl-Hafiz Marağayidir (1353–1436). Əbdülqadir Marağayi dünya elmində məhz Azərbaycan musiqişünas alimi kimi qəbul edilmiş, onun haqqında Azərbaycanda dissertasiyalar, araşdırma kitabları, çoxlu elmi məqalələr yazılmışdır.

 

Məlumdur ki, orta əsrlərdə müsəlman Şərqində həmin dövrün qloballaşma siyasətinə uyğun olaraq ən müxtəlif xalqlara mənsub olan alim və şairlər əsərlərini Yaxın və Orta Şərq məkanı üçün ortaq olan ərəb və fars dillərində yazmışlar. Həmin səbəbdən də müasir dövrdə bəzən vaxtilə ayrı-ayrı klassiklərin əsərlərini hansı dildə yaratdıqlarına görə onların milli mənsubiyyəti ilə bağlı suallar da ortaya çıxır. Lakin Əbdülqadir Marağayi bu baxımdan da mübahisə doğurmur. O, ərəb və fars dillərindən savayı öz ana dilində – azərbaycanca da zəngin irs yadigar qoymuşdur. Elə həmin “Məqasid ül-əlhan” əsərində onun Azərbaycan dilində yazdığı şeirləri də verilmişdir.

 

Belə təsəvvür yaranır ki, azərbaycanlı olduğu aşkar bilinən müəllifin kimliyini nəzərə çarpdırmamaq üçün “Məqasid ül-əlhan” UNESCO-ya anonim əsər kimi təqdim edilmişdir.

 

Əlbəttə, bu, düzgün deyildir. Öz müəllif haqqını qoruyacaq Əbdülqadir Marağayi yoxdursa da, onun mənsub olduğu Azərbaycan xalqı var və belə ədalətsizliyə yol verilməsini rəva bilməz.

 

Əbdülqadir Marağayi qədim Azərbaycan şəhəri Marağada doğulmuşdur. Əsrlər öncə olduğu kimi, yenə həmin şəhərdə azərbaycanlılar yaşayır və əhali Azərbaycan dilində danışır. Lakin bugünkü coğrafiyaya görə həmin şəhər İran ərazisində, İran Azərbaycanındadır.

 

İran hazırda öz ərazisində olan və azərbaycanlılara aid Təbriz bazarı, Şeyx Səfi xanəgahı və məqbərəsi kimi abidələrin də İrana məxsus sərvətlər kimi UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilməsinə nail olmuşdur və bunlara etiraz yoxdur. Çünki indi həmin obyektlər müasir İranın sərhədləri içərisindədir.

 

Ancaq mənəvi dəyərlərə, kitablara, milli mənsubiyyətləri dəqiq bəlli olan şəxsiyyətlərə münasibətdə yanaşma başqa cür olmalıdır və onları mənimsəmək, süni şəkildə özününküləşdirmək yolverilməzdir.

 

Əbdülqadir Marağayinin həyatının bir hissəsi Azərbaycanın o vaxtkı paytaxtı Təbrizdə keçib. Böyük musiqiçi bir müddət Bağdadda, bir ara Anadoluda yaşayıb. 1392-ci ildə Teymurləng Bağdadı qəsb etdikdən sonra Əbdülqadiri Səmərqəndə göndərib və sənətkar neçə illər də orada ömür sürüb. Həyatının son vaxtlarını isə Əbdülqadir Heratda yaşayıb və 1436-cı ildə orada vəfat edib, məzarı da məhz indi həmin şəhərdə - Əfqanıstan ərazisindədir.

 

İranının üsulu ilə yanaşılarsa, deməli, indi İraq da, Özbəkistan da, Türkiyə də, Əfqanıstan da gərək Əbdülqadir Marağayini, yaxud əsərlərini öz milli sərvəti kimi UNESCO siyahısına saldırmağa cəhd edə.

 

Əlbəttə, bu səviyyədə, bu mahiyyətdə olan dəyərlər hər xalqa doğma gələ bilər. Bu, təbiidir. Lakin şəxsiyyətlərin real mənsubiyyəti məsələsinə də həssaslıqla yanaşılmalıdır.

 

Bir məqamı da nəzərə almaq lazımdır ki, İran İslam Respublikası bu əsəri bilavasitə fars, İran ənənəvi milli musiqisinə aid kitab kimi təqdim etsə də, həqiqət başqadır. Həmin əsəri diqqətlə araşdırmış bir mütəxəssis kimi bunu vurğulamağı vacib sayıram ki, orta əsrlərdə yaranmış bir çox musiqişünaslıq kitablarından fərqli olaraq “Məqasid ül-əlhan”da təhlillər fars və ərəb deyil, əsasən Azərbaycan, türk musiqisi materialları əsasında aparılır. Bunu əsərdə bir neçə yerdə müəllif Əbdülqadir Marağayi özü xüsusi olaraq diqqətə çatdırır.

 

Zənnimcə, İran tərəfindən Əbdülqadir Marağayinin “Məqasid ül-əlhan” əsərinin UNESCO-nun yubileylər siyahısına salınması yolundakı səylərə hörmətlə yanaşmaqla bərabər ədalət və obyektivlik naminə fərqli bir qərar qəbul edilməlidir.

 

Novruz nominasiyasında olduğu kimi, Azərbaycan musiqişünası Əbdülqadir Marağayinin “Məqasid ül-əlhan” əsərinin 600 illiyi də konkret bir ölkənin deyil, Mərkəzi Asiya xalqlarının – Azərbaycanın, İranın, İraqın, Türkiyənin, Əfqanıstanın, Özbəkistanın və s. ortaq abidəsinin yubileyi kimi qeyd edilməli, tədbirlərə əlaqədar ölkələrin hamısı cəlb olunmalıdır. Onların müştərək şəkildə “Məqasid ül-əlhan” və Əbdülqadir Marağayiyə həsr edilmiş beynəlxalq konfrans keçirmələri məqsədəuyğun olardı.

 

Yəqin ki, bundan ötrü əvvəlcə həmin ölkələrdən olan ekspertlərin iştirakı ilə optimal fəaliyyət plan müəyyənləşdirmək üçün ayrıca bir kollokvium təşkil edilməsinə də ehtiyac vardır.

 

Yubiley mərasimlərini UNESCO-nun himayəsi ilə layihəyə qoşulan ölkələrdən mütəxəssislər, qonaqlar dəvət etməklə həmin ölkələrin hər birində qeyd etmək, müştərək məqalələr məcmuələri buraxmaq, Marağayi konsertləri təşkil etmək və nəhayətdə Parisdə, UNESCO qərargahında da yekun tədbiri ortaq beynəlxalq məclis kimi gerçəkləşdirmək daha düzgün olardı.

 

Məsələnin bu şəkildə həlli UNESCO-nun ali məramı olan dostluq, anlaşma, yaxınlaşma, mədəniyyətlərarası dialoqun dərinləşməsi ideyalarına tam müvafiq gələrdi. Eyni zamanda, bu həll yolu “Məqasid ül-əlhan” və bütövlükdə Əbdülqadir Marağayi şəxsiyyətinin orta əsrlərdən bəri yerinə yetirdiyi birləşdiricilik, yaxınlaşdırıcılıq, hamı ilə ortaq dillə danışmaq missiyasının müasir imkanlar çərçivəsində daha bir parlaq təsdiqinə çevrilərdi”.

 

AzərTAc-ın müxbiri ilə söhbətində Rafael Hüseynov bildirmişdir ki, bu məsələnin ölkəmizin maraqları çərçivəsində həlli üçün gərək olan bütün tədbirlər görüləcək və ümidvarıq ki, UNESCO ilə yüksələn xətt üzrə inkişaf edən əməkdaşlığımız kontekstində son olaraq qənaətbəxş qərar qəbul ediləcəkdir.

 

Əsgər Əliyev

 

AzərTAcın xüsusi müxbiri

 

Paris

www.azertag.com

  • Paylaş: