Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.01.2020 14:33
  • A-
  • A
  • A+

AMEA-da “Nəsimi ili”nin yekunlarına həsr olunan elmi konfrans keçirilib

AMEA-da “Nəsimi ili”nin yekunlarına həsr olunan elmi konfrans keçirilib

Yanvarın 13-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Nəsimi ili”nin yekunlarına həsr olunan elmi konfrans keçirilib.

Əvvəlcə Nəsimiyə həsr olunan nəşrlərdən ibarət sərgiyə baxış olub.

Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarını xatırladıb. Qeyd edib ki, bu sərəncamlar müstəqillik şəraitində insanlarda Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi, dahi sənətkarın dünyaya tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Müvafiq sərəncamlarla ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda Azərbaycanın mütəfəkkir şairi Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə bağlı silsilə tədbirlər keçirilib. Bu istiqamətdə ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən keçirilən Nəsimi - şeir, incəsənət və mənəviyyat festivallarını xüsusi qeyd etmək lazımdır.

Alim bildirib ki, hələ sovet dövründə ulu öndər Heydər Əliyevin qərarı ilə ölkəmizdə ilk dəfə Nəsiminin heykəli ucaldılıb, Bakıda rayonlardan və metrostansiyalardan birinə şairin adı verilib. Həmçinin Nəsiminin vəfatının 600 illiyinin UNESKO-da təntənəli şəkildə keçirilməsi Azərbaycan mədəniyyətinin təbliği, Nəsiminin dünyaya təqdim olunması baxımından böyük rol oynayıb. İsa Həbibbəyli Nəsiminin 650 illik yubileyinə həsr olunan “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda keçirilən II beynəlxalq elmi konfransı da xatırladıb, tədbirdə xarici və yerli alimlərin iştirak etdiyini deyib.

Birinci vitse-prezident “Nəsimi ili” çərçivəsində Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlarda silsilə konfransların, elmi sessiyaların keçirildiyini, mətbuatda Nəsimi yaradıcılığının təbliğ edildiyini bildirib. O, ötən il AMEA əməkdaşları tərəfindən böyük mütəfəkkirə həsr olunan 36 kitabın, 13 monoqrafiyanın nəşr olunduğunu, ədibin əsərlərinin 18 dilə tərcümə edildiyini diqqətə çatdırıb. İsa Həbibbəyli şairin yaradıcılığının araşdırılmasında Ədəbiyyat İnstitutu tərəfindən də ortaya dəyərli elmi tədqiqatların qoyulduğunu deyib. Vurğulayıb ki, Nəsimiyə həsr olunan çoxlu sayda fundamental əsərlərin, elmi araşdırmaların meydana gəlməsi dövlətimiz və alimlərimiz tərəfindən dahi şairin yaradıcılığına verilən böyük qiymətin təzahürüdür.

Daha sonra Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli mütəfəkkir şairin zəngin ədəbi irsindən, Azərbaycan ədəbiyyatında mövqeyindən danışıb. Bildirib ki, İmadəddin Nəsimi Azərbaycan dilinin saflığı, milli zəmində inkişafı və təşəkkülü uğrunda ardıcıl, mütəşəkkil şəkildə mübarizə aparan və bu mücadilədə canından keçən əsl xalq qəhrəmanı, həm də böyük cəsarət sahibi idi. Bu mənada dahi şairin zəngin irsi hər zaman aktual olaraq qalacaq, yaradıcılığı araşdırılacaq.

Tədbirdə çıxış edən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Nəsimi irsinin təsir dairəsindən söz açıb. O, tarixə nəzər salaraq sovet dövründə Nəsiminin 600 illik yubileyi ərəfəsində görülən işlərdən danışıb. Azərbaycan ədəbiyyatşünaslarının tədqiqatlarını qeyd edən alim həmin dövrdə Nəsimi yaradıcılığı ilə bağlı ölkəmizin mədəni mühitində bir çox işlərin görüldüyünü deyib.

Akademik R.Hüseynov 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsini və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsini ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi kimi dəyərləndirib. Bildirib ki, Nəsimi mahiyyəti, düşüncəsi, fəlsəfəsi etibarilə insan ruhunun azadlığı deməkdir. 

“Nəsiminin dünyası bugün bütün Yer kürəsini əhatə edir” – deyə bildirən R.Hüseynov ötən il Nəsimi ilə bağlı tarixdə qalacaq mühüm işlərin həyata keçirildiyini söyləyib. Bildirib ki, “Nəsimi ili” dahi şairin və digər klassiklərimizin irsinin daha dərindən öyrənilməsinə və araşdırılmasına təkan verib. Bu ilin nəticələri göstərib ki, klassiklərimizə daha da yaxınlaşmalı, onları miqyaslı şəkildə bütün yönləri ilə dərindən öyrənməliyik.

Rafael Hüseynov qarşıdakı illərdə Nəsiminin anadilli “Divan”ını nəşr və təhlil etməyin zəruriliyini bildirib.

Tədbirdə akademik Möhsün Nağısoylu, professor Qəzənfər Paşayev, filologiya üzrə elmlər doktoru Mahirə Quliyeva və digər çıxış edənlər “Nəsimi ili” çərçivəsində AMEA-da görülən işləri yüksək dəyərləndiriblər.

Sonda il ərzində AMEA-da Nəsimi ilə bağlı nəşr olunan kitabların müəlliflərinə Fəxri fərman və təşəkkürnamələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: