Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

15.01.2020 14:01
  • A-
  • A
  • A+

AMEA-da Strasburq Universitetinin nümayəndələri ilə görüş keçirilib

AMEA-da Strasburq Universitetinin nümayəndələri ilə görüş keçirilib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Fransanın Strasburq Universitetinin rektoru Mişel Denekenin rəhbərlik etdiyi nümayəndə heyəti və Fransanın Azərbaycandakı səfiri Zakari Qros ilə görüşüb.

Görüşdə akademik Ramiz Mehdiyev AMEA-nın tarixi inkişaf yolu və bu elm ocağında aparılan elmi-tədqiqatlar barədə qonaqlara məlumat verib. AMEA-nın elmi bölmələrində həyata keçirilən işlərdən danışan alim burada elmin müxtəlif sahələrini əhatə edən prioritet istiqamətlərdə tədqiqatların aparıldığını bildirib.

Akademik Ramiz Mehdiyev qeyd edib ki, son illər AMEA-da beynəlxalq elmi əlaqələr daha da inkişaf etdirilir, dünyanın bir çox ölkəsinin elm və təhsil müəssisələri ilə əməkdaşlığa dair sənədlər imzalanır.

AMEA rəhbəri Azərbaycanla Fransa arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu deyərək, bu əlaqələrin davamı olaraq iki ölkə arasında elmi əməkdaşlığın genişləndirilməsi, müvafiq sahələr üzrə kadr və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Alim prioritet elmi istiqamətlərdə Fransa təcrübəsinin öyrənilməsi və birgə multidissiplinar tədqiqatların həyata keçirməsinin önəmini qeyd edib.

Daha sonra çıxış edən Strasburq Universitetinin rektoru Mişel Deneken AMEA ilə əməkdaşlığın təşkilində maraqlı olduqlarını bildirib. O, rəhbərlik etdiyi müəssisənin dünyanın bir çox ölkəsində nümayəndəliyinin olduğunu deyib.

Mişel Deneken iki qurum arasında əməkdaşlığın faydalarından söz açıb, bu əlaqələrin bütövlükdə Fransa-Azərbaycan elmi münasibətləri üçün böyük əhəmiyyətə malik olduğunu bildirib.

Fransanın ölkəmizdəki səfiri Zakari Qros isə çıxışında Strasburq Unversitetinin bir qrup aliminin Bakıya səfərinin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. Səfir bu görüşün elmi əlaqələrin daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Sonda AMEA və Strasburq Universiteti arasında əməkdaşlıq sazişinin imzalanmasına dair razılıq əldə olunub. 

Görüşdə AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, Fransa səfirliyinin müşaviri Jerom Kel, Strasburq Universitetinin strategiya və inkişaf üzrə vitse-prezidenti Kristel Roy, Fransa-Azərbaycan Universiteti (UFAZ) üzrə əlaqələndirici Jan-Mark Planeks, UFAZ-ın direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotte Payen, Fransa səfirliyinin əməkdaşı Qəmər Əfqani də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: