Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.01.2020 16:41
  • A-
  • A
  • A+

20 Yanvar hadisələri Azərbaycan xalqının əzm və iradəsinin rəmzidir

20 Yanvar hadisələri Azərbaycan xalqının əzm və iradəsinin rəmzidir

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar AMEA-nın Kimya Elmləri Bölməsinə daxil olan Aşqarlar Kimyası, eləcə də Kataliz və Qeyri-üzvi Kimya institutlarında anım tədbirləri keçirilib.

Aşqarlar Kimyası İnstitutunda bu elmi müəssisənin Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatı, Azad Həmkarlar İttifaqı Təşkilatı, Qadınlar Şurası və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən anım tədbirində əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, 20 Yanvar faciəsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.

İnstitut rəhbəri diqqətə çatdırıb ki, həmin qanlı hadisələrdə bütün təbəqələrdən olan insanlar – şagird, tələbə, müəllim, alim şəhid olub. Azərbaycan elminin parlaq nümayəndələrindən hesab olunan professorlar – İbrahim İbrahimov, İsmayıl Mursaqulov, Svetlana Məmmədova şəhid olub, İdris Əhmədov və Parlaq Məmmədova isə ağır yaralanıblar.

“20 Yanvar - Azərbaycanın qırılmaz əzm və iradəsinin rəmzi” mövzusunda məruzə ilə çıxış edən institutun Həmkarlar Təşkilatının sədri, kimya üzrə fəlsəfə doktoru Elxan İsakov 20 Yanvarın təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu deyib. Məruzəçi vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi qiymət verilib.

Tədbirdə, həmçinin institutun Mülki Müdafiə qərargahının rəisi, polkovnik-leytenant Hüseyn Dünyamalıyev, dosent Nüsrət Əliyev çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində oynadığı roldan danışıblar.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda faciənin 30-cu ildönümü ilə əlaqədar keçirilən anım tədbirini isə müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı açıb. O, 20 Yanvar hadisələrinin baş vermə səbəbləri və onun doğurduğu nəticələr barədə məlumat verib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu qeyd edib.

Sonra institutun Həmkarlar təşkilatının sədri, professor Arif Əfəndi, laboratoriya müdiri, professor Fikrət Sadıqov və digərləri 20 yanvar hadisələri ilə bağlı acı xatirələrini bölüşüblər, müstəqillik yolunda canlarını qurban vermiş mərd oğul və qızlarımızın əziz xatirələrinin heç vaxt unudulmayacağını vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: