Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Tanınmış astrofizik alimin 65 yaşı tamam olur
17.02.2020 09:09
  • A-
  • A
  • A+

Tanınmış astrofizik alimin 65 yaşı tamam olur

Fevralın 18-də kosmik plazma fizikası sahəsində tanınmış alim, Avro-Asiya Beynəlxalq Astronomiya Cəmiyyətinin üzvü, Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun 65 yaşı tamam olur.

Namiq Sərdar oğlu Cəlilov 18 fevral 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsilini başa vurduqdan sonra Rusiya Elmlər Akademiyasının N.V.Puşkov adına Yer Maqnetizmi, İonosferi və Radiodalğaların Yayılması İnstitutunda (İZMİRAN) əyani aspiranturada oxuyub. 1983-cü ildə bu institutda “Günəş atmosferində MHD dalğaların yayılması və transformasiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Alim 1986-2005-ci illər ərzində İZMİRAN-da aparıcı elmi işçi kimi fəaliyyət göstərib, institutda həyata keçirilmiş iki kosmik proqramın (KORONAS-İ və KORONOS-F) hazırlanmasında iştirak edib. O, 2004-cü ildə İZMİRAN-da “Günəşin qlobal məxsusi rəqslərinin fiziki modelləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini alıb.

Elmi fəaliyyətə Günəş fizikasının aktual sahəsi olan helioseysmologiyanın nəzəri problemləri ilə başlayan N.Cəlilov fundamental nəticələrə nail olub. O, rəqslərin radiativ udulmasını nəzərə alaraq Günəşin akustik pulsasiyasının spektrini hesablayıb. Alim, həmçinin Rusiya, Kanada və İspaniyadan olan alimlərlə birgə neytrino fizikası sahəsində mühüm layihələrin müəllifidir.

İlk dəfə Namiq Cəlilov tərəfindən (Rusiya və Almaniya alimləri ilə birgə) Günəşin diferensial fırlanması ilə bağlı olan burulğanlı qlobal rəqslər nəzəriyyəsi irəli sürülüb.

130 elmi məqalənin müəllifi olan astrofizikin əldə etdiyi mühüm nəticələr Rusiya, Avropa və ABŞ-ın yüksək reytinqə malik elmi jurnallarında dərc olunub. N.Cəlilovun elmi əsərlərinə 700-dən çox istinad qeydə alınıb.

Alimin əldə etdiyi nəticələr 2002 və 2004-cü illərdə iki dəfə dünyada astrofizika sahəsi üzrə əldə olunmuş ilin ən mühüm nəticələri sırasına daxil edilib. Onun məşhur astrofizik J.Ştaude (Almaniya) ilə birgə yazdığı “Günəşin qlobal rəqsləri” adlı monoqrafiyası elmi ictimaiyyətin böyük marağına səbəb olub.

N.Cəlilov, həmçinin bir sıra fundamental beynəlxalq qrantların rəhbəri və iştirakçısıdır. Onun səyi nəticəsində AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Avropa Birliyinin FP7 proqramı üzrə keçirilmiş 4 illik (2012-2015) birgə qrant layihəsinin qalibi olub.

Astrofizik alim Beynəlxalq Avro-Asiya Astronomiya Cəmiyyətinin üzvüdür.

AMEA-nın müxbir üzvü Namiq Cəlilovu 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və elmimizin inkişafı yolunda nailiyyətlər arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: