Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnformasiya Texnologiyaları İnstitutunun gənc aliminin rəhbərlik etdiyi layihə müsabiqədə qızıl medala layiq görülüb
17.02.2020 09:24
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun gənc aliminin rəhbərlik etdiyi layihə müsabiqədə qızıl medala layiq görülüb

Məlum olduğu kimi, fevral ayının 11-13-də Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” IX Respublika müsabiqəsi keçirilib. Müsabiqədə iştirak edən şagirdlər riyaziyyat, fizika, astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri sahələri üzrə hazırladıqları layihələri təqdim ediblər. Ümumilikdə 370 layihədən 187-si final mərhələsinədək yüksəlib.

Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyinin X sinif şagirdləri Məhəmməd İsazadə və Kənan Qasımovun hazırladıqları “Azeri Dactyl Alphabet” layihəsi “Kompüter elmləri” nominasiyası üzrə birinci yeri tutub. Qızıl medala layiq görülən bu layihə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Yusif İmamverdiyevin elmi rəhbərliyi ilə ərsəyə gəlib.  

Dünyada 466 milyon eşitmə, 500 milyon nitq qüsurlu insanın olduğunu, Azərbaycanda isə bu rəqəmin 310 min nəfəri əhatə etdiyini söyləyən layihə müəllifləri “Azeri Dactyl Alphabet”in tətbiqinin inklüziv təhsilin inkişafına təkan verəcəyini bildiriblər. Qeyd olunub ki, 3 hissədən ibarət olan bu proqram Android və iOS əməliyyat sistemlərini dəstəkləyir. Proqramın birinci hissəsi olan “Əlifba” bölməsində Azərbaycan Daktil əlifbasının hərfləri təqdim olunub. “İfadələr” bölməsində isə jest dilində istifadə olunan bütün ifadələr yer alıb. Süni intellektin istifadə olunduğu üçüncü hissədə yazılan xüsusi proqram vasitəsilə eşitmə və nitq qüsurlu şəxslər fikrini asanlıqla hər kəsə çatdıra biləcək.

Qeyd edək ki, müsabiqədə iştirak edən akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ruslan Bayramovun İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevin elmi rəhbərliyi ilə hazırladığı “Plant Disease & Cause Detection using Deep Learning” layihəsi isə ikinci yerə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: