www.science.az
17.02.2020 15:46

Muzeyin arxeoloji kolleksiyasına aid iki kitabça işıq üzü görüb

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi münasibətilə muzeyin arxeoloji kolleksiyasının bəzi nümunələrinə həsr olunmuş iki kitabça nəşr olunub.

Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadənin müəllifi olduğu “Xəzər Atlantidası yadigarları” adlı kitabça 1968-1987-ci illərdə muzeyin nəzdində fəaliyyət göstərmiş sualtı arxeoloji ekspedisiyasının tapıntılarına həsr olunub. Nəşrdə Xəzər dənizi akvatoriyasında aparılmış tədqiqatların tarixçəsinə qısa nəzər salınıb, tapılmış saxsı, metal, daş, şüşə və digər tərkibli seçmə maddi mədəniyyət nümunələri haqda ümumi məlumat verilib.

“Sehrli çıraq” adlı digər kitabça isə Arxeologiya fondunun müdiri, t.ü.f.d. Aida İsmayılovanın müəllifliyi ilə ərsəyə gəlib və muzeyin çıraq kolleksiyasına həsr edilib. Burada kolleksiyaya daxil olan metal və saxsı, şirli və şirsiz çıraqların seçmə nümunələri barədə ümumiləşdirilmiş məlumat yer alıb.

Hər iki kitabçanın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.