Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

21.02.2020 12:34
  • A-
  • A
  • A+

AMEA-da Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi açılıb

AMEA-da Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi açılıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin açılışı olub.

Mərkəz Ədəbiyyat İnstitutu ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında imzalanmış müqaviləyə əsasən fəaliyyətə başlayıb.

Açılış mərasimində AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək mərkəzin yeni istiqamətlərin müəyyənləşməsinə, birgə tədqiqatların aparılmasına, həmçinin ölkələrimiz arasında ədəbi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinov isə çıxışında iki qurum arasında imzalanmış müqaviləyə əsasən Daşkənddə Füzulişünaslıq Mərkəzinin fəaliyyətə başladığını söyləyib. O, sözügedən mərkəzlərin iki xalq arasında ədəbi-mədəni əlaqələrin inkişafında körpü rolunu oynayacağını vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Almas Binnətova diqqətə çatdırıb ki, ötən illər ərzində iki ölkə alimlərinin iştirakı ilə birgə konfranslar keçirilib, Nizami, Füzuli, Nəvai və digər görkəmli ədiblərin irsi tədqiq olunub, müştərək əsərlər ərsəyə gəlib. 

Sonda Ədəbiyyat İnstitutu tərəfindən çap olunmuş Əlişir Nəvainin əsərlərinə baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: