Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Avaxılda ilk dəfə arxeoloji tədqiqatlar aparılır
18.03.2020 10:48
  • A-
  • A
  • A+

Avaxılda ilk dəfə arxeoloji tədqiqatlar aparılır

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Qafar Cəbiyevin rəhbərlik etdiyi Avaxil arxeoloji ekspedisiyası mart ayının əvvəlindən etibarən Şamaxının Avaxıl kəndində “Pir Ömər Sultan” ziyarətgahı adı ilə tanınan pirin məhz xəlvəti sufi məktəbinin banisi Əbu Siracəddin Ömər Avaxıliyə aid olduğunu müəyyən etmək məqsədilə arxeoloji tədqiqatlara başlayıb.

Professor Q.Cəbiyev bildirib ki, XIV əsrin ortalarından başlayaraq Şirvanda geniş yayılan və banisi Pir Ömər olan xəlvətilik təriqətinin davamçılarına sonralar Azərbaycanın digər ərazilərində, eləcə də Mərkəzi və Cənubi Avropada, hətta Şimali Afrikada rast gəlinib. Tədqiqat apardıqları ərazinin təriqətin ilkin ocağı olduğunu söyləyən ekspedisiya rəhbəri qeyd edib ki, bura Azərbaycanda və dünyada xəlvətiliklə bağlı ilk xanəgah olub.

133 kvadratmetr sahədə aparılan ilkin arxeoloji tədqiqatlar zamanı ərazidən XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar tapılıb. Kvadrat formalı türbə qaya və çay daşlarından istifadə olunmaqla inşa edilib. Tədqiqat zamanı içərisində “La İlahə İlləllah” kəlmələri yazılmış daş kitabənin bir parçası, habelə üzərində Şirvan memarlıq məktəbi üçün səciyyəvi olan daş üzərində oyma üsulu ilə işlənmiş şəbəkə, xəlvətilik təlimi ilə bağlı ritualların icrası zamanı istifadə olunmuş XIV əsrə aid şirli və şirsiz keramika nümunələri və bir neçə sikkə aşkarlanıb.

Qafar Cəbiyev qeyd edib ki, Pir Ömər ziyarətgahının ətrafında çoxlu sayda insan dəfn olunub: “Onlardan türbənin şərq tərəfində tədqiq olunan iki qəbir üzərindəki kitabə Pir Ömər ziyarətgahının məhz xəlvətilik sufi təliminin banisi Pir Ömər Avaxıliya aid olduğunu təsdiqləyən mühüm tarixi mənbə kimi dəyərləndirilə bilər”.

Hazırda Avaxılda arxeoloji tədqiqatlar davam edir. Yaxın gələcəkdə zəruri konservasiya və bərpa işləri aparılmaqla bu ərazinin arxeoparka çevrilməsi istiqamətində tədbirlər görülür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: