Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Görkəmli alim Əbülfəz Quliyevi 70 illik yubileyi münasibətilə təbrik edirik!
27.03.2020 11:28
  • A-
  • A
  • A+

Görkəmli alim Əbülfəz Quliyevi 70 illik yubileyi münasibətilə təbrik edirik!

Martın 27-də Azərbaycan dilçilik elmi və dünya türkologiyasının inkişafında müstəsna xidmətləri olan görkəmli alim, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 70 yaşı tamam olur.

Əbülfəz Quliyev 27 mart 1950-ci il tarixində Naxçıvan şəhərində anadan olub. O, 1971-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, təyinat üzrə Naxçıvan şəhərinə gəlib və bir il şəhər 1 saylı orta məktəbdə çalışıb. 1972-ci ildə yeni yaradılan Naxçıvan Regional Elm Mərkəzində (indiki AMEA-nın Naxçıvan Bölməsi) kiçik elmi işçi işləyib. 1973-cü ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim kimi pedaqoji fəaliyyət göstərib.

O, 1979-cu ildə “Orxon-Yenisey abidələrində feilin təsriflənməyən formaları (Azərbaycan dili ilə müqayisədə)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 1989-cu ildə dosent elmi adını alıb. 2003-cü ildə isə “Qədim türk onomastikasının leksiksemantik sistemi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Ə.Quliyev 2006-cı ildə professor elmi adını alıb, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Alim 1993-2003-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik edib. AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu yarandığı gündən isə bu müəssisənin direktorudur.

O, apardığı geniş tədqiqat işlərinin nəticəsi olaraq 50-yə yaxın kitab və monoqrafiyanın müəllifi, tərtibçisi və tərcüməçisidir. Eyni zamanda, 350-yə yaxın nüfuzlu elmi jurnalda nəşr olunan məqalənin müəllifidir.

Elmi fəaliyyətini qədim türk yazılarının öyrənilməsinə, tədris və təbliğinə həsr etmiş alimin “Əski türk yazılı abidələri müntəxəbatı”, “Qədim türk abidələrinin sözlüyü”, “Əski türk onomastik sözlüyü” adlı kitabları, o cümlədən ali məktəb tələbələri üçün “Qədim türk abidələrinin seminar məşğələləri” adlı metodik vəsaiti nəşr olunub. Ə.Quliyev tədqiqatçısı olduğu elm sahəsinin Azərbaycanda inkişaf etdirilməsi məqsədilə “Qədim türk onomastikasının leksik-semantik sistemi” (I-II cildlər), “Qədim türk yazılı abidələrinin sintaksisi”, “Qədim türk onomastikası”, “Orxon-Yenisey abidələrində feilin təsriflənməyən formaları”, “Orxon-Yenisey abidələrində toponim və etnonimlər”, “Qədim türk abidələrinə aid materiallar” və digər tədqiqat əsərlərini çap etdirib.

Türkoloq alim “Naxçıvanın görkəmli şəxsiyyətlərinin taleyi və sənəti” seriyasından olan bir neçə toplunun elmi  redaktoru və tərtibçisidir.

Dövlət Dil Komissiyasının üzvü olan Əbülfəz Quliyev Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədri kimi səmərəli fəaliyyət göstərib, AMEA-nın “Azərbaycan dili” və “Türkologiya” ixtisasları üzrə koordinasiya şuralarına, “Mətnşünaslıq” üzrə dissertasiya şurasına üzv seçilib. O, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” elmi jurnalının baş redaktoru, Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalınının baş redaktor müavini,  həmçinin bir neçə nüfuzlu elmi jurnalın redaksiya heyətinin üzvüdür.

Ə.Quliyev 1993-cü ildən bu günədək 100-ə yaxın nüfuzlu qurultay, simpozium, konfrans və s. kimi beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib. Alimin rəhbərliyi ilə 12 namizədlik dissertasiyası müdafiə olunub. O, orta əsrlər ümumtürk ədəbiyyatının öyrənilməsinə, o cümlədən Naxçıvan dialekt və şivələrinin tədqiqinə dair sanballı əsərlərin müəllifidir. Cəlaləddin Ruminin “Məsnəvi”sini (3 cilddə) Azərbaycan dilinə tərcümə edib.

Görkəmli alim Türkiyə Cümhuriyyətinin ali məktəblərində türkologiya, qədim türkcə, orta türkcə fənlərini tədris edib, türk dilinin qədim tarixi və türk ədəbiyyatı tarixindən mühazirələr oxuyub. O, Türkiyədə çalışdığı illərdə rusiyalı şərqşünas alim A.Borovkovun “Orta Asiyada tapılmış türkcə “Quran” təfsirinin leksikası (XII-XIII əsr)” adlı irihəcmli monoqrafiyasını türk dilinə tərcümə edərək nəşr etdirib.

Bundan başqa, Ə.Quliyev özbək şairi Məhəmməd Salihin “Şeybaninamə” poemasını Azərbaycan dilində transkripsiya və tərcümə edib, görkəmli ədib Əhməd Yügnəkin “Atabətül-həqaiq” adlı nəsihətamiz, əxlaqi-didaktik, fəlsəfi əsərini nəşr etdirib, əsərdə işlənən sözlərin lüğətini hazırlayaraq ona şərh və izah yazıb.

O, elmi və pedaqoji fəaliyyətinə görə "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adına və Beynəlxalq Şəhriyar Mədəniyyət mükafatına layiq görülüb.

Görkəmli türkoloq alim Əbülfəz Quliyevi anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: