Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

23 aprel - Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür
23.04.2020 11:20
  • A-
  • A
  • A+

23 aprel - Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür

Bu gün dünyada Ümumdünya Kitab və Müəllif Hüquqları Gününün 25 illik yubileyi qeyd olunur. Keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü olan kitabın sehirli gücünü tanımaq üçün hər il 23 aprel tarixində bütün dünyada əlamətdar günlə bağlı müxtəlif tədbirlər keçirilir. Azərbaycanda isə 1997-ci ildən başlayaraq bu tarix qeyd edilir.

Ümumdünya Kitab və Müəlliflik Hüquqları Günü UNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilib. Bu barədə qərarda mədəni ənənələrin inkişafı və dərk edilməsi, biliklərin yayılması və qorunması üçün kitabların, eləcə də maarifləndirmənin ən böyük vasitə, etibarlı üsul olduğu vurğulanır, müəlliflərin cəmiyyətdəki xüsusi rolu qeyd olunur.

Bu əlamətdar günün keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük rolunu vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı yerini göstərmək, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, əsas diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.

UNESCO-nun baş direktoru Odre Azule Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə koronavirus (COVID-19) pandemiyası dövründə insanların çoxunun özünütəcrid şəraitində mütaliə etdiyi qeyd olunur. Diqqətə çatdırılır ki, kitab həm əyləndirmək, həm də bilik vermək iqtidarına malikdir. Kitab, həmçinin insanı əsərin müəllifi, digər aləm və ya mədəniyyətlər ilə tanış olmağa kömək edir, eyni zamanda, insanın öz dünyasına dərindən nüfuz etməsinə imkan yaradır.

O.Azule bildirir ki, insanlar kitaba lazımi qiymət verməklə sayəsində ucaldığı və özünü reallaşdırdığı fəaliyyət növlərini – yazını, qiraəti, tərcüməçilik və nəşriyyat işini hiss edir, eləcə də mahiyyət etibarilə onlar üçün zəruri olan azadlıqları təşviq edir.

Hər il bu əlamətdar gün münasibətilə UNESCO-nun Baş qərargahında böyük bayram tədbiri keçirilir. Tədbirə kitab ticarətçiləri, nəşriyyat şirkətləri və rəssamlar kitablara və mütaliəyə olan sevgilərini gənclərə praktik seminarlar keçirmək vasitəsilə (mətbəə, illüstrasiya, kitab cildlənməsi və s.) bölüşmək üçün dəvət olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: