Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.04.2020 13:00
  • A-
  • A
  • A+

“Arxeoloqlar karantində” qapalı qrupu çərçivəsində növbəti videokonfrans keçirilib

“Arxeoloqlar karantində” qapalı qrupu çərçivəsində növbəti videokonfrans keçirilib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının “Facebook” sosial şəbəkəsində yaratdıqları “Arxeoloqlar karantində” qapalı qrupu çərçivəsində videokonfranslar davam edir.

Növbəti videokonfransın qonağı Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev olub.

Tədbir “Naxçıvanın Neolit və Eneolit abidələri” mövzusuna həsr olunub.

Videokonfransda AMEA-nın müxbir üzvü V.Baxşəliyev tədqiqatlar nəticəsində əldə edilmiş materialların analitik təhlilinə əsaslanaraq Naxçıvanın Neolit və Eneolit dövrü abidələrinin, həmçinin ölkəmizin cənub bölgələri və İran Azərbaycanında müvafiq dövrlərdə formalaşan mədəniyyətlərin ümumi və xarakterik xüsusiyyətlərindən danışıb.

"Azərbaycanda keramikasız Neolit dövrünün aşkar olunmaması geniş arxeoloji tədqiqatların aparılmaması ilə bağlıdır. Lakin keramikalı Neolit dövrünün ən qədim Kültəpə və Şomutəpə mədəniyyətləri, dövrün sonrakı inkişaf mərhələsinə müəyyən təsir edən, Qarabağda özünəməxsus xüsusiyyətləri ilə fərqlənən bir mədəniyyət formalaşıb. Bu isə Azərbaycanda sonrakı Eneolit mədəniyyətinin təkamülündə müəyyən rol oynayıb", - deyə məruzəçi bildirib. O, Azərbaycanın Neolit və Eneolit dövrləri mədəniyyətinin formalaşmasında Şərqi Anadolu və Şimal-Qərbi İran (İran Azərbaycanı) ilə qarşılıqlı əlaqələrin rolunun olduğunu qeyd edib.

Alim, həmçinin sön dövrdə Naxçıvantəpə və Xələc abidələrində aşkar edilmiş Neolit təbəqəsinin bölgənin həmin dövr mədəniyyəti barədə yeni səhifə açdığını vurğulayıb.

Sonda Vəli Baxşəliyev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Videokonfransda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, o cümlədən Arxeologiya və Etnoqrafiya İnstitutunun gənc arxeoloqları iştirak ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: