www.science.az
01.05.2020 12:07

Muzeydə görkəmli ədəbiyyatşünas alim Əziz Mirəhmədovun 100 illik yubileyinə həsr olunan videoseminar keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi şurasının nəzdində daimi “Elmi seminar” fəaliyyət göstərir. Bu seminarlarda il boyu muzey əməkdaşları, o cümlədən Gənc alim və mütəxəssislər şurasının üzvləri müxtəlif mövzularda elmi məruzələrlə çıxış edir və müzakirələr aparırlar.

Pandemiya ilə əlaqədar yaranmış mövcud vəziyyətə uyğun olaraq tədqiqatlarını məsafədən davam etdirən əməkdaşlar elmi seminarın növbəti toplantısını videogörüş vasitəsilə həyata keçiriblər.

Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tənqidçi-alim, Əməkdar elm xadimi, AMEA-nın  müxbir üzvü Əziz Mirəhmədovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş seminarda muzeyin Ədəbi mərasimlər və nəşrlər şöbəsinin əməkdaşı Rəhilə Sadıqova alimin yaradıcılığının elmi tədqiqat istiqamətlərindən bəhs edib.

O, Əziz Mirəhmədovun əsərlərinə istinad edərək bu tənqidi, filoloji irsin müasir Azərbaycan ədəbiyyatının hərtərəfli öyrənilməsi istiqamətindəki mühüm əhəmiyyətini vurğulayıb. Məruzəçi ədəbiyyatşünas alimin Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Cəfər Cabbarlı ədəbi irsini, həmçinin “Molla Nəsrəddin” məktəbi ənənlərini öyrənən əsərlərini təhlil edərkən, onun Azərbaycan realizmi və romantizmi cərəyanlarının nəzəri-filoloji qiymətləndirilməsi işindəki xidmətlərindən danışıb.

Seminar Ə.Mirəhmədovun XIX-XX əsr Azərbaycan ədəbiyyatı və nəzəriyyəsi, mətnşünaslıq, mətbuat tarixi və s. tədqiqat təcrübəsini təqdim edən videoçarxın nümayişi ilə davam etdirilib.

Videoseminarda muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva, Ekspozisiyanın qorunması, izahı və audio müşaiyətin təmini şöbəsinin müdiri Tomiris Babanlı, Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin böyük laborantı, dünya ədəbiyyatının tədqiqi üzrə doktorantı Gülnar Əqiq və digərlərinin sual və çıxışları səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.