www.science.az
21.05.2020 13:31

Azərbaycan alimlərinin Dövlət Mükafatına təqdim olunmuş əsərləri dünyanın nüfuzlu elmi müəssisələri tərəfindən təqdir edilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) alimlərinin həmmüəllifi olduqları əsərlər “Azərbaycan ərazisinin geologiyası və faydalı qazıntıları” ümumi başlığı ilə 2020-ci ilin Dövlət Mükafatına təqdim olunub.

Əsərlərə “Azərbaycanın geologiyası” (3 cild), “Azərbaycanın geologiyası” (8 cild, rus dilində), “Geoscience of Azerbaijan” (2 cild, ingilis dilində), “Azərbaycanın məhsuldar qatı” (rus dilində), “Dünyanın palçıq vulkanları atlası” (Azərbaycan, ingilis və rus dillərində), “Azərbaycanın filiz yataqları atlası” (Azərbaycan və rus dillərində) və “Azərbaycan mineralları” atlası (Azərbaycan, ingilis və rus dillərində) daxildir.

Nəşrlərin həmmüəllifləri akademiklər Fəxrəddin QədirovPərviz Məmmədov, mərhum akademik Arif İsmayılzadə, AMEA-nın müxbir üzvləri Dadaş HüseynovTələt KəngərliQurban Yetirmişli, professor Cəbrayıl Azadəliyev, geologiya-mineralogiya elmləri doktorları Muxtar Rüstəmov, Rahid Rəhmanov və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Solmaz Vəlizadədir.

İnstitut alimlərinin Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim edilmiş əsərləri dünyanın bir sıra elmi müəssisələrində onların elmi əhəmiyyəti nəzərə alınaraq geniş müzakirə edilib və dəstəklənib. Həmin müzakirə iclaslarının protokulundan çıxarışlar GGİ-yə göndərilib. Gürcüstan Milli Elmlər Akademiyası, Fransanın “İnstitut des sciences de la terra de Paris”, Tel-Əvivin bir sıra elmi müəssisə və universitetləri, eləcə də Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutu, Almaniyanın “ZENTRALBLATT für Geologie und Palaontologie” elmi təşkilatı və digər elm mərkəzlər azərbaycanlı həmkarlarının nailiyyətlərini təqdir ediblər.  

Bununla yanaşı, respublikamızın bir sıra elmi müəssisələrində də “Azərbaycan ərazisinin geologiyası və faydalı qazıntıları” mövzusu geniş müzakirə edilib. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Texniki Şurasının Geologiya bölməsinin iclasında əsərlərin elmi və tətbiqi əhəmiyyəti, iddiaçıların Azərbaycan geologiya elminin inkişafında rolu nəzərə alınaraq, onların Dövlət Mükafatına təqdim edilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.