www.science.az
21.05.2020 14:55

Milli Azərbaycan Tarixi Muzeyində yeni elmi-kütləvi nəşrlər işıq üzü görüb

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində eksponatların toplanılması, təbliği, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə yanaşı, elmi-kütləvi nəşrlər də çap olunur.

Belə ki, 2020-ci ildə bu mədəniyyət ocağının 100 illiyi münasibətilə bir sıra nəşrlər işıq üzü görüb. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının elmi redaktorluğu və t.ü.f.d., dosent Məhfuzə Zeynalovanın müəllifliyi ilə nəşr olunmuş “Əlifba” kitabı uşaq və yeniyetmələrə, o cümlədən yaşlılara xitab edir. Nəşrdə Azərbaycanın qədim tarixi, maddi-mədəniyyət nümunələri, məişətdə işlənən müxtəlif əşyaları haqqında məlumatlar fotoşəkillərlə birgə təqdim olunur. Onların artıq dilimizdən çıxmış, anaxronizmə çevrilmiş adları qeyd olunur.

Muzey tərəfindən çap olunan digər nəşr akademik Nailə Vəlixanlının elmi redaktorluğu və t.ü.f.d., dosent Fərhad Cabbarovun müəllif və tərtibatçılığı ilə Azərbaycan və rus dillərində “Hacı Zeynalabdin Tağıyev fotoşəkillərdə” albomudur. Burada görkəmli Azərbaycan xeyriyyəçisi H.Tağıyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər yer alıb.

Akademik N.Vəlixanlının elmi redaktorluğu və t.ü.f.d., dosent Səbuhi Əhmədovun müəllifliyi ilə Azərbaycan və rus dillərində nəşr olunmuş “Üçtəpə kurqanındakı alban döyüşçüsü” kitabında Azərbaycanın Mil düzündəki Üçtəpə kurqanında arxeoloji qazıntılar zamanı aşkar olunmuş unikal artefaktlar haqqında məlumat verilir. Əksəriyyəti muzeydə qorunan bu artefaktlar kurqanda dəfn edilmiş erkən orta əsr Qafqaz Albaniyası döyüşçüsünün türk tayfasından olduğunu sübut edir.

Muzeyin Silahlar və bayraqlar fondunda qorunan Azərbaycan şəhərlərinin tarixi açarları haqqında məlumat və fotoşəkillərin təqdim edildiyi “Azərbaycan şəhərlərinin açarları” kitabçası t.ü.f.d., dosent Sevinc Vahabovanın müəllifliyi ilə Azərbaycan və ingilis dillərində nəşr olunub.

Bununla yanaşı, muzeyin işıqlandırma vasitələrindən ibarət kolleksiyasında yer alan müxtəlif yerli və xarici, tarixi çıraqlar haqqında məlumat və fotoşəkillərin təqdim edildiyi “Sehrli çıraq” kitabçası, tarixi geyim mədəniyyətimiz, milli qadın geyimlərimiz haqqında “Gözəllik ondur...” kitabı, eləcə də məşhur rus fotoqrafı D.Yermakovun həyat və fəaliyyətindən bəhs edən və onun Azərbaycanla bağlı çəkdiyi fotoşəkillərin təqdim olunduğu “Azərbaycan Dmitri Yermakovun fotoşəkillərində” kitabı Azərbaycan və ingilis dillərində nəşr olunub.

Qeyd edək ki, yeni nəşrlər muzeyin Elmi şurasının qərarı ilə çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.