Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib
22.05.2020 15:01
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Mayın 22-də AMEA-nın Biofizika İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

İclasda koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən tibbi-profilaktiki tədbirlər, tətbiq edilən xüsusi karantin rejimi, mövcud olan müasir səhiyyə infrastrukturu, yenicə istifadəyə verilmiş tibb mərkəzləri, tibbi maskaların istehsalı, eləcə də bu sahədə həyata keçirilən beynəlxalq əməkdaşlıq barədə məlumat verilib.

Bildirilib ki, Azərbaycan dövləti koronavirusa qarşı bütün qabaqlayıcı tədbirləri zamanında həyata keçirməklə yarana biləcək ciddi təhlükənin qarşısını almağa nail oldu. Prezident İlham Əliyevin bu sahədə gördüyü işlər xalqımızın sağlamlığının qorunmasının qarantına çevrildi. İndiki ağır və mürəkkəb şəraitdə dövlətimiz vətəndaşlarımızın sosial problemlərinin həlli üçün lazım olan bütün zəruri işləri görür.

Daha sonra iclasda institutun elmi işçilərinin 2020-ci il üçün təsdiq olunmuş fəaliyyət planı üzrə I yarımildə görülmüş işlərə dair hesabat müzakirə olunub.

Tədbirdə postpandemiya dövründə Biofizika İnstitutunun qarşısında duran vəzifələrə dair təkliflərin hazırlanaraq AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə təqdim olunması diqqətə çatdırılıb. Bildirilib ki, bu təkliflərin sırasında hüceyrə texnologiyası, xüsusən hibridomanın yaradılması, eləcə də oliqonukleotid praymer sintezinin təşkili kimi məsələlərin olması zəruridir.

Sonda müəssisənin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Florida Mehrəliyeva AMEA prezidentinin akademiya magistrantları üçün distant tədrisin təşkili barədə müvafiq sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə institutda martın 29-dan etibarən magistrantlar üçün dərslərin distant qaydada tədris olunduğunu bildirib. Qeyd edib ki, institutun birinci kurs magistrantları üçün dərslər müvafiq cədvələ uyğun olaraq onlayn formada həyata keçirilir. İkinci kurs magistrantlar isə elmi rəhbərlərinin iştirakı ilə distant olaraq elmi-pedaqoji təcrübə keçirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: