Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Respublika Günü münasibətilə onlayn tədbir keçirilib
29.05.2020 16:22
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Respublika Günü münasibətilə onlayn tədbir keçirilib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) əməkdaşlarının iştirakı ilə 28 May - Respublika Gününə həsr olunan onlayn tədbir keçirilib.

“Zoom” platforması üzərindən baş tutan tədbiri AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru, akademik İradə Hüseynova açaraq xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş bu əlamətdar gün münasibətilə institut əməkdaşlarını təbrik edib. Akademik qeyd edib ki, 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu bir gündür. Həmin gün Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil respublikanın yaranması dünyaya bəyan edilib.

İ.Hüseynova bildirib ki, əldə edilmiş bu azadlıq xalqımızın mübarizəsinin, onun böyük oğlu Məhəmməd Əmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi. Alim vurğulayıb ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq müstəqil Azərbaycan dövlətini yaradıb. Lakin Azərbaycan Respublikası Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacarıb, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görülüb, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edilib.

“Bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir”, – deyə bildirən akademik İ.Hüseynova bu sahədə qazanılmış nailiyyətlərin qürur doğurduğunu vurğulayıb. O, respublikamızda siyasi, iqtisadi və sosial islahatların uğurla həyata keçirildiyini, ölkə iqtisadiyyatının inkişaf etdirildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əhəmiyyətli tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Ələmdar Məmmədov, YAP AMEA ərazi təşkilatının və institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Ulduza Qurbanova, Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Samirə Rüstəmova, institutun ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Nigar Hacıyeva çıxış edərək Şərqdə ilk demokratik respublikanın yaranması tarixindən bəhs ediblər, bu günün Azərbaycan xalqının dövlətçilik ənənələrinın bərpasında mühüm hadisə olduğunu qeyd ediblər.

Tədbirin sonunda demokratik respublikanın yaranması tarixini əks etdirən qısametrajlı film nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.  

  • Paylaş: