Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Seyfəddin Əliyevin 90 yaşı tamam olur
29.05.2020 17:39
  • A-
  • A
  • A+

Akademik Seyfəddin Əliyevin 90 yaşı tamam olur

Mayın 30-da zoologiya və entomologiya sahəsində görkəmli alim, AMEA-nın Zoologiya institutunun laboratoriya müdiri, akademik Seyfəddin Əliyevin 90 yaşı tamam olur.

Seyfəddin Əliyev 30 may 1930-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1946-cı ildə Naxçıvan şəhərində Tibb texnikumunu, 1951-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Kimya-biologiya fakültəsini bitirib.

O, Naxçıvan Maarif Nazirliyində pedaqoji kabinetin müdiri və 4 saylı şəhər fəhlə-gənclər orta məktəbində kimya və biologiya müəllimi işləyib. 1952-ci ildən Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutunda Entomologiya laboratoriyasında kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb, 1964-cü ildə baş elmi işçi, 1978-ci ildə Pambıq sovkasının bioloji inkişafı laboratoriyasının müdiri seçilib. 1986-cı ildən Entomologiya laboratoriyasına, 1988-2017-ci illərdə Entomologiya şöbəsinə və Cücülərin fauna və sistematikası laboratoriyasına rəhbərlik edib.

S.Əliyev 1961-ci ildə namizədlik, 1977-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1998-ci ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir, 2007-ci ildə isə həqiqi üzvü seçilib.

Alim Azərbaycanda 716 sovka növünün və 75 formasının yayıldığını aşkar edib, onlardan 33 növ Azərbaycan, 32 növ Qafqaz endemiki və 67 növ keçmiş SSRİ-nin faunası üçün yeni olub. O, ilk dəfə olaraq bu növlərin Azərbay­canda ekoloji-faunistik icmalını, zoocoğrafi analizini, qida əlaqələrini verib, zərərli növlərin bioekoloji xüsusiyyətlərini öyrənib, onlara qarşı mübarizənin elmi əsaslarını işləyib hazırlayıb. S.Əliyevin apardığı tədqiqatlar nəticəsində pambıq sovkasının təbiətdə sayını tənzimləyən 21 növ parazit, 12 növ yırtıcı müəyyən edilib, nəticələr inteqrativ mübarizə metodu kimi Azərbaycanın müxtəlif pambıqçılıq rayonlarında tətbiq olunub.

Akademik S.Əliyev 168 elmi əsərin, o cümlədən 4 monoqrafiya və 7 kitabın müəlli­fi, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının II nəşrində (2013) nadir və nəsli kəsilməkdə olan 21 sovka və 31 digər kəpənək növü haqqında verilən məqalənin tərtibçisidir.

O, orta məktəbin 7-8-ci sinifləri üçün “Zoologiya” dərsliyinin (2003; 2006), 10 cildlik “Azərbaycan Ensklopediyası”nın (1980-1987) müəlliflərindəndir. Ali məktəblər üçün hazırlanmış 8 dərsliyin, 4 dərs vəsaitinin, 6 monoqrafiyanın, 4 kitabın redaktoru olub. Həmçinin rus və azərbaycan dilində çap olunmuş “Azərbaycanın heyvanlar aləmi” monoqrafiyasının II cildinin (2004) əsas tərtibçisi və redaktoru olub.

S.Əliyev müxtəlif beynəlxalq qurultay, konfrans və konqreslərdə Azərbaycan elmini ləyaqətlə təmsil edib. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 9 fəlsəfə və 3 elmlər doktoru hazırlanıb.

Alim uzun müddət Zoologiya İnstitutunda Dissertasiya şurasının, Entomologiya və Parazitologiya cəmiyyətlərinin, “Azərbaycan faunası” seriyası üzrə redaksiya heyətinin üzvü, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin büro üzvü olub. Hazırda Azərbaycan Zooloqlar Cəmiyyətinin Mərkəzi Şurasının üzvüdür.

Akademik S.Əliyev AMEA Rəyasət Heyəti, eləcə də yerli və beynəlxalq elmi təşkilatlar tərəfin­dən Fəxri fərmanlarla təltif edilib.

Görkəmli entomoloq alim Seyfəddin Əliyevi 90 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: