Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Ərtoğrol Cavid: taleyi və sənəti” adlı kitabın müzakirəsi keçirilib
03.06.2020 15:55
  • A-
  • A
  • A+

“Ərtoğrol Cavid: taleyi və sənəti” adlı kitabın müzakirəsi keçirilib

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Naxçıvanşünaslıq Mərkəzi ilə birlikdə “Ərtoğrol Cavid: taleyi və sənəti” adlı kitabın onlayn müzakirəsini keçirib.

Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq Hüseyn Cavid nəslinin layiqli davamçısı Ərtoğrol Cavidin 24 illik qısa ömür yolundan, onun zəngin və parlaq yaradıcılıq fəaliyyətindən danışıb. Alim Ərtoğrol Cavidin rəssamlıq, folklorşünaslıq və musiqişünaslıq fəaliyyətinə də nəzər salıb. O, ölkəmizdə Cavidlər irsinə və ailəsinə göstərilən dövlət qayğısından bəhs edib. Bildirib ki, müstəqillik illərində Hüseyn Cavidin Naxçıvandakı məzarı üzərində məqbərəsi ucaldılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Hüseyn Cavidin 130 və 135 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 19 oktyabr 2002-ci il tarixli Sərəncamı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinə Ərtoğrol Cavidin adı verilib, məktəbin maddi-texniki bazası yeni musiqi alətləri və digər tədris vasitələri ilə təchiz edilib.

Ə.Quliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 18 aprel 2019-cu il tarixli Sərəncamını da xatırladıb, bu istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

İnstitut direktoru sözügedən sərəncama əsasən Ərtoğrol Cavid irsinin öyrənilməsi ilə əlaqədar mədəni kütləvi tədbirlərin, konfransların keçirildiyini qeyd edib. O, Ali Məclisin dəstəyi ilə institutun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Taleyi və sənəti” layihəsi çərçivəsində işıq üzü görən məqalələr toplusunun ötənilki sayının Ərtoğrol Cavidin 100 illiyinə həsr olunduğunu bildirib. Vurğulayıb ki, 14 fundamental araşdırmanın yer aldığı kitabda Ərtoğrol Cavidin çoxcəhətli yaradıcılığı əhatəli şəkildə işıqlandırılıb.

Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli “Ərtoğrol Cavidin bədii yaradıcılığı”, Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev “Müsiqişünas, folklorşünas Ərtoğrol Cavid”, institutun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova “Qərb və Şərqin qovşağında Ərtoğrol Cavid”, Təsviri dekorativ və tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyeva “Ərtoğrol Cavidin təsviri sənət fəaliyyəti” mövzusunda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: