www.science.az
03.06.2020 16:41

İnformasiya Texnologiyaları İnstitutunun onlayn şöbə seminarı keçirilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin onlayn formada növbəti elmi seminarı keçirilib. 

“Zoom” proqramı vasitəsilə təşkil olunan tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, sözügedən şöbənin müdiri, akademik Rasim Əliquliyev açaraq seminarın “Vətəndaş məmnunluğu əsasında e-xidmətlərin qiymətləndirilməsi” mövzusunda magistr dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirib.

Sonra institutun magistrantı Aysən Fərəcova tədqiqat işini təqdim edib. O, məsələnin aktuallığını önə çəkərək, e-dövlət xidmətlərinin göstərilməsi və qarşılıqlı mübadiləsinin daha faydalı və sərfəli imkanlar təklif etdiyini söyləyib. İşin əsas məqsədinin e-dövlət portalları tərəfindən göstərilən xidmətləri vətəndaş məmnunluğu vasitəsilə analiz etmək və çoxmeyarlı qərar qəbuletmə (ÇMQQ) metodları əsasında qiymətləndirmək olduğunu diqqətə çatdırıb.

A.Fərəcova e-dövlət xidmətlərinin göstərilməsi sahəsində dünya təcrübəsindən də danışıb, həmçinin ölkəmizdə fəaliyyət göstərən Elektron Viza Sistemi, Vahid Giriş Sistemi, Elektron Ödənişlər Sistemi, Milli Məlumatlandırma Sistemi və s. haqqında məlumat verib.

Dissertasiya işində alınmış əsas nəticələrdən bəhs edən məruzəçi e-dövlət quruculuğu və e-xidmətlərin göstərilməsi sahəsində beynəlxalq təcrübənin araşdırıldığını, e-dövlətdə e-xidmətlərin istifadəsi və vətəndaş məmnuniyyətinin mövcud vəziyyətinə baxıldığını, vətəndaş yönümlü e-xidmətlərin müxtəlif aspektlərdən müqayisəli analizinin aparıldığını və e-xidmətlərin qiymətləndirilməsinə təsir edən meyarların müəyyən edildiyini diqqətə çatdırıb.

Akademik R.Əliquliyev məruzə ilə bağlı tövsiyələrini bölüşərək, mövzunun müasir dövrümüzdə böyük aktuallıq kəsb etdiyini qeyd edib. Alim vətəndaş məmnunluğu sahəsində baxış və parametrlərin dərindən araşdırılmasının, eləcə də koronavirus pandemiyası dövründə e-dövlət xidmətlərindən istifadə ilə bağlı tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.

Tədbirdə, həmçinin 17 saylı şöbənin əməkdaşları, doktorant və dissertantlarının elmi fəaliyyətləri ilə bağlı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.