www.science.az
04.06.2020 09:07

Əvəzsiz alim Ziyəddin Göyüşov fəlsəfəsinin işığı ilə

Azərbaycan elmi fikir tarixinə, eləcə də geniş oxucu kütləsinə sanballı, ciddi tədqiqatların bəhrəsi olan “Həsən bəy Zərdabinin dünyagörüşü”, “Azərbaycan maarifçilərinin əsərlərində əxlaq məsələləri”, “Azərbaycan maarifçilərinin etik görüşləri”, “Əxlaqi sərvətlər” monoqrafiyalarının, həmçinin dövrünün ən çox populyar elmi əsərləri - “Sadəlik və təvazökarlıq”, “Səadət düşüncələri”,  “Fəzalət və qəbahət”,  “Daxilə pəncərə”, “Həzz və istirab” kitablarının, habelə “Həsən bəy Zərdabinin seçilmiş əsərləri”, “Zərdabi işığında xatirələr” və onlarla elmi-publisist məqalənin müəllifi kimi yaxşı tanış olan görkəmli alim, AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşovun 100 yaşı tamam oldu.

Tarixə nəzər yetirəndə görürük ki, öz dövrünün, öz xalqının, öz peşə sahəsinin tanınmış simaları onillər keçdikcə, müasirlərindən zamana görə uzaqlaşdıqca təqvim günlərindən artıq, təqvim illəri ilə yadda qalırlar. Klassiklərdən başlayaraq yaxın keçmişin məşhurlarına kimi çoxlarının yubiley-anım günləri buna misal ola bilər. Beləcə, fəlsəfə tarixçisi, etik alim, tanınmış fikir adamı Ziyəddin Göyüşov da doğum günündən artıq, doğum ilinin adamı kimi, başqa cür desəm 100 yaşlı - milli elm körpümüzdən ötənlərdən, keçənlərdən biri kimi bu gün anılır.  

Ziyəddin Bahadur oğlu Göyüşov 1920-ci ilin may ayının 20-də Azərbaycanın bir çox sayılıb-seçilən alimlərinin, məşhur söz, musiqi sahiblərinin doğulduğu qədim tarixi yaşayış məskənlərimizdən - “əsirlikdə” olan Dağlıq Qarabağımızın Ağdam rayonunun ilk tunc dövrünə aid Daş qutusu nekropolu, ilk orta əsrlərə aid Gavurqala yaşayış yeri, digər kəndlərlə qonşuluqda 80-a qədər kurqan və s. kimi nəhəng tarixilik daşıyan Boyəhmədli kəndində dünyaya gəlmişdir. Tanınmış fransız maarifçisi İ.Ten yazırdı ki, sənətkarın güclü milli ruha malik olmasını onun doğulduğu torpaq da, təbiət də müəyyən edir və fikrimizcə, belə zəngin təbiətə malik bir yurdda dünyaya gələn Ziyəddin Göyüşovun xalqının tarixi, əxlaq ənənələrini əxz edib, dəyərləndirəcəyi təsadüf deyildi...

1928-1936 illərdə Boyəhmədli kənd məktəbində oxumuş, 1938-1939 illərdə Ağdam Pedaqoji Texnikumunda təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmiş Ziyəddin Göyüşov İkinci Dünya müharibəsi başlayana kimi öz doğulub böyüdüyü kənddə müəllimlik etmişdir.

Müharibə başladıqda isə o dövrün bütün vətənpərvər cəsur gəncləri kimi  Ziyəddin Göyü­şov müharibəyə getmiş, döyüşlərdə iştirak etmiş, yalnız yaralandıqdan sonra Vətənə qayıt­mış­­dır. La­kin 23 yaşlı gənc fəaliyyətsizliyi özünə yaraşdırmayaraq bir müddət Ağdam radio ve­ri­liş­­ləri re­daksiyasına rəhbərlik etməklə xalqa faydalı əməklə, həm də maarifçi işlə xidmət etmişdir.  

Müharibə Ziyəddin Göyüşovun ali təhsilə vaxtından bir qədər gec başlamasına səbəb olsa da,­ onun bu məqsədinə çatmağına mane ola bilməmiş və o, 1945-ci ildə Bakı Dövlət Universi­te­ti­nin (keçmiş Azərbaycan Dövlət Universitetinin) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə da­xil olmuş, 1950-ci ildə oranı bitirmişdir.

Bu həmin illər idi ki, Azərbaycan ictimai fikir tarixində, xüsusilə Şərq fəlsəfəsi səmalarında Heydər Hüseynov adlı pərvanələr tək yanıb-yanıb, məkanını işıqladıb, birdən sönəcək parlaq bir fikir ulduzu parlayırdı... Heydər Hü­sey­nov AMEA-nın həqiqi üzvləri Aslan Aslanov, Firudin Köçərli, müxbir üzv Məqsəd Səttarov, tanınmış filosof alimlər Zümrüd Quluzadə, Əddin Şakirzadə, Mehbalı Qa­sı­mov və başqa tələbələrinin gələcək alim tədqiqalarının əsas ideya istiqaməti olan Bəhmənyar, Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi görkəmli mütəfəkkirləri haqqında ilk ciddi tədqiqat işlərini aparmışdı.

Bütün faciə əsərlərinin katarzislə nikbin sonluğu kimi bu parlaq milli fikir sahibimizin gözlənilməz, alın yazısı kimi “gözlənilən” intihar adında qəfil gedişi də onun davamçıları nəslini yarada bilərdi. Belə­cə, görkəmli filosof Heydər Hüseynovun işıqlı yolunu davam etdirən ilk cəsarətli təd­qi­qat­çı­lar­dan biri Ziyəddin Göyüşov olur. O, 1953-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitu­tu­nun­ as­pi­ran­tu­ra­sına daxil odur. 4 illik gərgin zəhmətdən sonra 1957-ci ildə ona fəlsəfə elmləri na­mizədi adı verilir. Bundan sonra elmin geniş qapıları onun qarşısında açılır və ­o, 1963-cü il­də­ fəlsəfə elm­lə­ri doktoru dissertasiyası müdafiə edir. 1964-cü ildə Azərbaycan Elmlər Aka­de­mi­­yasının pro­fes­soru seçilir.

On ildən artıq məhsuldar elmi fəaliyyəti ona öz töhfəsini verir. Ziyəddin Göyüşov 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olur. Alim elə həmin ildən başlayaraq Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İns­ti­tu­tunda Fəlsəfə tarixi şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərməyə başlayır. Ziyəddin Göyüşov Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yara­dıl­­ma­sın­da fəal iştirak edir, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü olur.

Yuxarıda sadalanan zəhmət, görkəmli alim Ziyəddin Göyüşovun dolğun elmi yaradıcılığı, uğurları nə qədər sevindirici rəngləri ilə diqqəti cəlb edirsə, onun 1982-ci ildə, çox erkən, əslində çoxlu filosof alimlərdən fərqli, 62 yaşda enerjili, ömrün qızıl kimi vaxtında həyatdan getməsi məyus edir.

Ziyəddin Göyüşovdan bizdən əvvəlki elmi tədqiqatçılar nəslinə, davamda bizə və bizdən sonra gələcək nəsillərə ərmağan qalmış zəngin elmi kitabxanasının bir sıra əvəzsiz nümunələrini yada saldıqda alimin “bu qədər işi” sanki ildırım sürəti ilə çatdırdığı düşündürür. Fundamental tədqiqat əsərləri, onların səviyyəsi, dəyər yükü özü deyir ki, Ziyəddin Göyüşov gecəsini-gündüzünə qatıb işləyib, dincəlmək, istirahət bilməyib. Nə bilmək olar, taleyin sonluq kodlarından xaliliklə o, elmi fəaliyyəti məhv edən gur tədbirlərdən, hələ qərəzdən, məkrdən çox uzaq olub, gücü yaradıcılığa verib...

Filosof alimin tədqiqatlarına nəzər-diqqət yetirdikdə görürük ki, onu Azərbaycan elmi fikrinin aktuallıq kəsb edən bir çox mövzuları düşündürmüşdür. Məsələn, əbədi-bəşəri əxlaq hadisəsinin bütün dövrlərdə və bütün cəmiyyətlərdə daimi olaraq yaşanan keyfiyyətləri sırasında  alimin konkret olaraq kitablarının adına istinadən deyə bilərik ki, “Sadəlik və təvazökarlıq”, “Səadət düşüncələri”,  “Fəzalət və qəbahət”, “Daxilə pəncərə”, “Həzz və istirab” mövzuları onu cəlb etmiş və o, bu həyat fəlsəfəsi səhifələrini diqqətlə öyrənib, elmi obyektivliklə qiymətləndirmişdir. Bu əsərlər fəlsəfi-etikanın milli elmi fikir tarixində sanballı təhlilləri olmaqla yanaşı, eyni zamanda ümumoxucu kütləsinin marağı mərkəzində dayanaraq cəmiyyətin maariflənməsi üçün dəyər kəsb etmişdir. 

Əlbəttə, Ziyəddin Göyüşovun yaradıcılığında ana xətti görkəmli Azərbaycan maarifçisi Həsən bəy Zərdabinin maarifçilik irsi, maarifçilik fəaliyyəti təşkil edir. Məhz Zərdabi irsinə dərin bələdlik alimin “Həsən bəy Zərdabinin dünyagörüşü”, “Azərbaycan maarifçilərinin əsərlərində əxlaq məsələləri”, “Azərbaycan maarifçilərinin etik görüşləri” monoqrafiyalarını yazmasına, Azərbaycan elminə sanbal daşıyan belə ciddi tədqiqatları daxil etməsinə səbəb olmuşdur.     

“Həsən bəy Zərdabinin dünyagörüşü” monoqrafiyasında Həsən bəy Zərdabinin fəlsəfi baxışları, burada maarifçinin materializmi, fəaliyyətində dialektika məsələləri, həmçinin böyük maarifçinin ictimai-siyasi baxışları, iqtisadiyyat sahəsində biliyi, habelə dövrün din, etika  məsələləri ətraflı şəkildə tədqiq, təhlil olunmuşdur.   

Bu monoqrafiyaya qədər 1960-cı ildə Ziyəddin Göyüşov “Azəraycan maarifçilərinin etik gö­rüşləri” tədqiqat əsərində Həsən bəy Zərdabinin  fəaliyyətində etika məsələləri ilə bağlı zəngin el­mi qənaətlərini şərh etmişdir. Ziyəddin Göyüşovun əsərinin ilk səhifələrindən birində söylə­di­yi bir fikir onun alim-tədqiqatçı məqsədini  aydın ifadə edir. O, yazır: “Azərbaycan maarif­çilə­ri­nin etik görüşlərini elmi surətdə tədqiq etmədən onların dünyagörüşlərini bütövlükdə, hərtərəfli, dərindən xarakterizə etmək və dürüst qiymətləndirmək olmaz” (Göyüşov Ziyəddin. Azərbaycan maarifçilərinin etik görüşləri (XIX əsrin ikinci yarısı). B.: Azərb.SSR EA nəşri, 1960, 212 s.).

Azərbaycan maarifçiləri arasında xüsusi yeri olan Həsən bəy Zərdabinin  etik görüşlərindən bəhs edən tədqiqatçı onu da qeyd edir ki, “bu problemin öyrənilib dəyərləndirilməsi işi heç də asan deyildir. Çünki Azərbaycan fəlsəfə tarixində mütəfəkkirlərimizdən çoxu öz etik fikirlərinin müntəzəm şərhini qoyub getməmişlər. Bu faktdan bəziləri hətta belə yanlış nəticə çıxarır ki, guya mütəfəkkirlərimizdən çoxunun etik baxışları olmamışdır. Məhz belə yanlış təsəvvür xeyli müddət Azərbaycan ictimai-siyasi və fəlsəfi fikir tarixi nümayəndələrinin etik görüşlərinin öyrənilməsi işinə mane olmuşdur” (Göyüşov Ziyəddin. Azərbaycan maarifçilərinin etik görüşləri (XIX əsrin ikinci yarısı). B.: Azərb.SSR EA nəşri, 1960, 212 s.).

Ziyəddin Göyüşov Həsən bəy Zərdabinin xalqın xoşbəxtliyi, azadlığı üçün maaarifə, elmə çağırışlarını, bu işin həyata keçməsi uğrunda həqiqi mənada mübarizəsini Azərbaycan maarifçiliyinin əsas xüsusiyyətlərindən biri kimi irəli sürür və öz elmi qənaətlərini böyük maarifçinin həyatından gətirdiyi tutarlı faktlarla əsaslandırır.

Məsuliyyət və qürur hissi ilə qeyd etməliyik ki, ötən yarım əsrlik böyük bir tarixi mərhələdə görkəmli maarifçinin yaradıcılığı, fəaliyyəti haqqında yeni materiallar, xroniki sənədlər Ziyəddin Göyüşovdan başqa bir alim-tədqiqatçı tərəfindən yenilənməmiş və üzə çıxarılmamışdır. Çox sayda tədqiqat əsərləri yazılmışdır. Lakin bütün alimlər məhz Ziyəddin Göyüşovun gərgin əməyinin bəhrəsi olan Həsən bəy Zərdabi tədqiqatlarına, onun tərtib etdiyi “Seçilmiş əsərlərinə” üz tutmuş, öz əsərlərində ən çox bu əsərlərə istinad etmişlər.

Bu isə o deməkdir ki, milli mətbuat tariximizin Həsən bəy Zərdabi səhifəsi dünən və bu gün də yalnız filosof alim Ziyəddin Göyüşovun sayəsində dəyərlənir. Hələ sözsüzdür ki, “sabah” da bu qiymətli tədqiqatlar öz yeniliyi ilə gənc tədqiqatçılar üçün faydalı olacaq.

Ziyəddin Göyüşovun Həsən bəy Zərdabi və ümumilikdə milli mənəvi irsimiz və mədəniyyətimizin ən böyük amalı, işıqlı gələcəyi “Əkinçi” qəzetinin meydana gəlməsi ilə bağlı elmi-obyektiv düşüncələri həmişə müasir olub, fikrimizcə gələcəkdə də zamanla səslənəcəkdir: “Əkinçi” qazetinin nəşri xalqımızın həyatında, mədəniyyət tariximizdə son dərəcə böyük, mütərəqqi hadisə idi. “Əkinçi”nin xalqımızın həyatında oynadığı rolu keçən əsrin 50-60-cı illərində “Kolokol” qəzeti və “Sovremennik” məcmusuəsinin rus həyatında oynadığı rolla müqayisə etmək olar” ( Геюшев З.Б. Философская мысль в Советском Азербайджане, Баку, Елм, 1979, c.210. стр.462) .

Ta­nın­mış təd­qi­qat­çı-alimin uzun­il­lik və zən­gin araşdırmalarınə­ti­cə­sin­də Həsən bəy Zər­da­bi ir­si­ ilə bağlı gəldiyi qiymətli fik­ir də bu­ra­da  yada düşür: “Onun mə­qa­lə və əsər­lə­ri­nin təh­li­li gös­tə­rir ki, o, yal­nız maa­rif­çi ic­ti­mai xa­dim de­yil, həm də gör­kəm­li mü­təf­fə­kir ol­muş­dur”.

Göründüyü kimi filosof alim Ziyəddin Göyüşov Azər­bay­can maa­rif­çi­si Həsən bəy Zərdabi­ni fəaliyyətinin nüfuzu baxımından elmi obyektivliklə mütəfəkkir adlandırır, onun yara­dı­cılığının dün­ya­nın ən qa­baq­cıl ölkələrinin maarif­çi dün­ya­gö­rü­şü­nə uyğunluğunu əsaslandırır­. 

Alimin tərtib etdiyi “H.Zərdabinin seçilmiş əsərləri” kitabında böyük zəhmət hesabına üzə çıxardığı çoxsaylı məqalələr var ki, bu külliyyatdan ucalan fikirlər, ideyalar, həmçinin də maa­rif­çinin həyatı ilə bağlı bəzi məslələr, aydınlıq gətirən şərhlər bu gün də maraqla qarşılanır.   

Məsələn,  Ziyəddin Göyüşovun zəhməti sayəsində  Həsən bəy Zərdabi irsindən "Dil və din", "İt­ti­ha­di-li­san" mə­qa­lə­ləri kimi üzə çıxarılan başqa əsərlərini də misal gətirmək olar ki, görkəmli maarifçinin dünya maarifçilər nəslinin bir çox məşhur nümayəndələri ilə eyni mövqedən dinə, əsl monoteist dinlərə qarşı tənqidi mövqedə olmamış, dini müdafiə etmiş, mövhumatı yayan ruhaniləri, hakimiyyətlərini qorumaq üçün dindən ifrat formalarda istifadə edənləri və onlara şərait yaradan hakim silki tənqid etmişdir.

Lakin tədqiqatçı "Hə­sən bəy Zər­da­bi­nin dünyagörü­şü" mo­noq­ra­fi­ya­sı­nın "Zər­da­bi­nin di­nə mü­na­si­bə­ti" fəslin­də maa­rif­çi mü­tə­fək­ki­rin di­nə mü­na­si­bə­ti­ni təh­lil edər­kən dini əqi­də­ni, xü­su­si­lə də İs­lam di­ni­ni tən­qid edir, Zər­da­bi­nin ma­te­ria­list ruhlu el­mi fi­kir­lə­ri­ni, onun "­sün­ni və şiə" tə­ri­qət­lə­ri­nə münasibəti­ni, ha­be­lə möv­hu­mat­çı­la­rı, din­dən öz ma­raq­la­rı üçün isti­fa­də edən axund və mol­la­la­rı if­şa­sı­nı ümumilikdə di­nə qar­şı fikirlər kimi qiy­mət­lən­di­rmişdir ki, bunlar heç şübhəsiz ki, döv­rün ha­kim ideo­lo­ji səviyyə­si­ni təmsil edirdi.

Ziyəddin Gö­yü­şov "Hə­sən bəy Zər­da­bi­nin seçilmiş əsər­lə­ri" ki­ta­bı­na tər­tib­çi və qeyd­lər müəl­li­fi ola­raq "111" say­lı qeyd­də dəgös­tə­rir­di ki, "Zər­da­bi səhv ola­raq di­ni əqidəni, məz­hə­bi mil­lə­tin möv­cud­lu­ğu­nun əsas əla­mət­lə­rin­dən bi­ri he­sab et­miş­dir. Onun zən­nin­cə din­siz mil­lət möv­cud olub yaşa­ya bil­məz. Doğ­ru­dur, Zər­da­bi­nin bu mə­qa­lə­si əsas e­ti­ba­ri­lə baş­qa din ru­ha­ni­lə­ri­nin Azərbay­can­da­kı mis­sio­ner­lik si­ya­sə­ti­nə qar­şı çevrilmiş­dir. La­kin bu ba­rə­də onun fi­kir­lə­ri­nin el­mi əsas­la­rı olmadı­ğı aşkar­dır" (Zərdabi Həsən bəy. Seçilmiş əsərləri B.: Azərnəşr, 1960, 476 s.2).

Fik­ri­miz­cə, bu qeyd­də­ki müddəalar ki­mi, Ziyəddin Gö­yü­şo­vun "nəzərə al­maq la­zım­dır ki, Zər­da­bi çox ağır şə­rait­də maa­rif­çi­lik işi apa­rır­dı, "Əkin­çi" qə­ze­ti­nin bir­ba­şa Al­la­hı dan­ma­sı, in­kar etməsi və ya pey­ğəm­bər əley­hi­nə açıq çı­xı­şı söz­süz ki, han­sı­sa bir din­darıqəzəbləndirər, qə­ze­ti vu­rar­dı; ha­mı qa­çar­dı on­dan, taun­dan qa­çan ki­mi" (Гоюшев З.Б. Мировоззрение Г.Б.Зардаби (1837-1907 г.г.). Б.: Изд-во АН АзССР, 1962, 403 стр 307). - qə­naət­lə­ri də onun da öz dövrünün məhsulu idi. Belə ki, elmi obyektivlik meyarları ilə qeyd etməliyik ki, Ziyəddin Göyüşov da öz dövrünün alimi, ideoloq-fikir sahibi idi. Bu baxımdan onun sovet elmi qarşısında dayanan tələblər çərçivəsindən çıxış etməsi təbii qarşılanır. Lakin alim bütün total məngənələri adlayaraq həm öz tədqiqat obyektini düzgün qiymətləndirmək, həm də milli tariximizin maarifçilik dövrünün görkəmli simalarının xidmətlərini bir tərəfdən azaltmamaq, digər tərəfdən dəyərləndirmək üçün mümkün qədər ehtiyatla “azadlıq” nümayiş etdirmişdir.

Hə­sən bəy Zərdabinin “Seçilmiş əsərləri külliyyatını” toplayıb, yaradıb tarixə bəxş etmiş  görkəmli alim sözsüzdür ki, onu hifz etmək və əslində bu əsərləri meydana çıxara bilmək üçün bəzən subyektiv fikirlərdə dayanmışdır. Digər tərədən bütün Zərdabi irsini tarixə təqdim edən əvəzsiz alim öz tənqidi mühakimələrini “təriflərlə” paralel verməklə sanki, “mən əlimdən gələni etdim” - demək istəmişdir. Bu və bu kimi dəlillər isə əsas verir ki, yeni maarifçilik dövrü tədqiqatçıları Ziyəddin Göyüşov irsində bu cür paralel mühakimələrə obyektivlik meyarı ilə qiymət verib alimin və  onun misilsiz əsərlərinin dəyərini versinlər. Yeri gəlmişkən, Həsən bəy Zər­da­bi­nin adı­na ya­zıl­mış, 20 il de­mək olar ki, ictimaiy­yə­tə Zər­da­bi tə­rə­fin­dən L.Tols­to­ya ün­van­la­dı­ğı kimi mə­lum olan və tədqiqatçıları çaş-baş salan bir di­ni mək­tu­bun da əsl müəl­li­fi tədqiq edilib də­qiq­ləş­di­r­ilməlidir.       

Lakin indi nəinki bu qaranlıqlara aydınlıq gətirilməsi düşünülür, əksinə kimsə heç fərqində deyil, maarifçilik dövrünün yeni tədqiqatçılar sırası böyük alim Ziyəddin Göyüşovun kiril əlifbası ilə yazılmış elmi tədqiqatlarını oxumur,  alimin adını, əsərlərindən iqtibasları köhnə əsərlərdən “kopyalayıb” ona istinad edir. Halbuki, hər bir dövrün tədqiqatçısı problemə yeni rakuslardan yanaşmalıdır. Bunun üçün də əsas elmi mənbənin rəsmi dövlət dilində olması ən ali şərtdir.    

Görkəmli alim Ziyəddin Gö­yü­şovun 1985-ci ildə çap olunmuş “Müasirləri Zərdabi haqqında” kitabı da Hə­sən bəy Zər­da­bi­nin xalqımıza daha dərindən tanınmasında böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən bu kitab böyük alimin təxminən 30 illik fəaliyyətinin, Hə­sən bəy Zər­da­bi­ irsi sahəsində uzun onillikləri əhatə edən elmi tədqiqatlarının yekunu kimi diqqəti cəlb edir. Belə ki, bu əsər alimin sağlığında nəşr olunmuş son kitabı, son Zər­da­bi­ irsi tədqiqatıdır.

Filosof alim “Müasirləri Zərdabi haqqında” kitabında Hə­sən bəy Zər­da­bi­nin həyat yoldaşı Həmidə xanım Məlikovanın, qızı Qəribsoltan Məlikovanın, akademik M.A.Pavlavun yetirməsi R.Cavadovun, F.Köçərli, Yusif Vəzir Çəmənzəmənli, Fərhad Ağazadə və başqalarının xatirə və məqalələrini təqdm etməklə böyük maa­rif­çinin bütöv şəxsyyətini, sabit, dəyişməz ideyalarını və əqidəsini, ən əsas da onun xalqının tərəqqisi, inkişafı naminə gördüyü tarixi işlərin miqyasını və gücünü canlı, həyati faktlar, dəlillərlə əbədiləşdirmişdir.

Kitabın rus dilində yazılması XIX əsrdə yaşayıb fəaliyyət göstərmiş, hətta böyük milli mübariz olmuş görkəmli Azərbaycan maarifçisinin ölkəmizdən kənarda da tanınmasına, öyrənilməsinə imkan yaradır.

Əlbəttə ki, Ziyəddin Göyüşovun tədqiqatları mərkəzində təkcə maarifçi Hə­sən bəy Zər­da­bi­nin  irsi dayanmamış, böyük alim yuxarıda da adını qetd etdiyimiz “Azəraycan maarifçilərinin etik gö­rüşləri” (XIX əsrin ikinci yarısı) tədqiqat əsərində, habelə 1964-cü ildə çap olun­muş “Azərbaycan maarifçilərinin əsərlərində əxlaq mə­sə­lə­lə­ri” monoqrafiyaları həm klassiklərimizin maarifçi baxış­larının, həm ümumi əxlaq, etika problemlərinin təhlili nə qə­dər dövrü ictimai-siyasi buxovlar daxilində olsa da, öz elm­ili­yi ilə əhəmiyyət kəsb edir və aktuallığı baxımından diqqət çəkir.

Məsələn, tədqiqatçının aşağıdakı fikirləri Azərbaycan maarifçilərinin ədəbi irsində milli fəlsəfi-etik problemlərlə bağlı fikirləri elmi obyektivliyi ilə bərabər aktuallığı ilə də müasir səslənir: “Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir nü­mayəndələrinin öz əsərlərində ən çox bəhs etdikləri fəlsəfi məsələlərdən biri məhz əxlaq məsələsi olmuşdur. Klassik Azər­baycan ədəbiyyatı və fəlsəfəsində əxlaq məsələləri həmişə mər­kəzi yer tutmuş və ədiblərimizin, şairlərimizin, filosoflarımızın nəzər-diqqətini cəlb etmişdir. Azərbaycan fəlsəfi ictimai və fəlsəfi fikir tarixi nümayəndələrinin yaradıcılığı üçün xarakterik olan belə bir xüsusiyyəti nəzərə almamaq olmaz ki, onların çoxu Qərbdə adətən haqqında böyük həcmli fəlsəfi əsərlər və traktatlar yazılan etik problemlər barəsində öz fikirlərini ədəbi par­çalarda kiçik həcmli öyüd və nəsihətlərdə, şeir və mək­tub­larda yürütmüşlər. Eyni sözləri XIX əsrin ikinci yuarısındakı Azərbaycan maarifçiləri haqqında da demək lazımdır (Göyüşov Ziyəddin. Azərbaycan maarifçilərinin etik görüşləri (XIX əsrin ikinci yarısı). B.: Azərb.SSR EA nəşri, 1960, 212 s.6-7).

Alim Ziyəddin Göyüşov bu əsərində maarifçilərin etik görüş­lərinin əsasında onların bəhrələndiyi daha qədim köklərə gedib çıxan milli folklor, xalq nümunələrini də önə çəkməklə hələ Azərbaycan bədii yaradıcılığında etik ənənənin da­yan­dı­ğını xüsusi olaraq qeyd etmiş, bununla da milli fəlsəfi-etik dü­şün­cə­nin sistemli şəkildə öyrənilməsi konsepsiyasını irəli sür­müş­dür.

Ziyəddin Göyüşöv mülahizələrini belə bir müddəa ilə əsaslan­dı­rır: “Azərbaycan maarifçilərinin etik görüşləri əvvəlki ideya irsin­dən ayrılmış, əlaqəsiz halda yaranmamışdır. M.F.Axundov, H.B.Zərdabi və S.Ə.Şirvani öz yaradıcılıqlarında çox zəngin ide­ya irsinə əsaslanmışlar. Azərbaycanda etik fikrin çoxəsrlik zəngin tarixi və mütərəqqi ənənələri vardır. Çoxəsrlik Azərbaycan mədəniyyəti dünyaya orta əsrlərdə Nizami, Füzuli, Nə­simi, Xaqani, Bəhmənyar, Şeyx Mahmud Şəbüstəri kimi dahi mütəfəkkirlər və şairlər, XVIII əsrdə Vaqif və Vidadi kimi gözəl şairlər, XIX əsrin birinci yarısında Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Kazımbəy, Mirzə Cəfər Topçubaşov kimi şairlər, yazıçılar, elm və mədəniyyət xadimləri vermişdir. Bunlar dünya mədəniyyəti xəzinəsinə başqa sahələrdə olduğu kimi etika sahəsində də zəngin irs qoyub getmişlər” (Göyüşov Ziyəddin. Azərbaycan maarifçilərinin etik görüşləri (XIX əsrin ikinci yarısı). B.: Azərb.SSR EA nəşri, 1960, 212 s. 29).  

Görkəmli alim Ziyəddin Göyüşovun tədqiqatları H.B.Zərdabi ilə hüdudlanmamış, M.F.Axun­do­v, S.Ə.Şirvani və dövrün digər mütəfəkkirlərinin yaradıcılığını ətraflı şəkildə əhatə etmişdir. Ümumilikdə fi­lo­sof Zi­yəd­din Göyüşovun əsas fikri bundan ibarət idi ki, "Azərbay­can ma­arif­çi­lə­ri yal­nız maa­rif­çi ideo­loq­lar ol­maq­la qalma­yıb, həm də öz­lə­ri pe­şə­kar maa­rif­çi ol­muş­lar. Mə­lum­dur ki, on­lar 1873-cü il­də Azər­bay­can mil­li teat­rı­nın əsa­sı­nı qoy­muş­lar" (Göyüşov Ziyəddin. Azərbaycan maarifçilərinin etik görüşləri (XIX əsrin ikinci yarısı). B.: Azərb.SSR EA nəşri, 1960, 212 s.29).   

Yuxarıdaqeyd etdiyimiz kimi, Ziyəddin Göyüşov dövrünün elə filosof alimlərindən idi ki, o həm fəlsəfə tarixini, həm fəlsəfənin əsasını təşkil edən etika elmini ehtiva edən ən ciddi və yeni mövzuları tədqiqata cəlb edib dəyərli əsərlər meydana çıxarırdı. Bu baxımdan alimin “Əxlaqi sərvətlər” əsəri milli fəlsəfi elmi fikir sahəsində xüsusi çəkiyə malik qiymətli tədqiqat işidir.

Əxlaqi sərvətlər dünya fəlsəfi fikrində aksiologiya – sərvətlər nəzəriyyəsi  kimi də tanınır və mövzu istər beşiyi olan Avropada, istərsə də Rusiyada geniş surətdə təhlil olunmuşdur.

Azərbaycan elmində isə bu nəzəriyyəni yada salan, bu sahədə elmi məlumat, elmi qənaətlər şərh edən ilk və demək olar ki, yeganə əsər Ziyəddin Göyüşovun “Əxlaqi sərvətlər” əsəri hesab olunur.

Filosof Ziyəddin Göyüşov “Əxlaqi sərvətlər”i təhlil edərkən belə bir hər zaman üçün yeni, aktual elmi qənaətə gəlmişdir: “Mənəvi sərvətlər içərisində etik-əxlaqi sərvətlər xüsusən mühüm yer tutur. Əxlaqi sərvətlər cəmiyyətdə əxlaqi tərəqqinin məhsulu olub, bilavasitə bu tərəqqinin nəticəsində yaran­mışdır” ( Quliyeva Xatirə. AMEA Xəbərlər, № 4 Bakı- “Elm”-2004. 287 s. 292). Alimin  mövzunun izahı baxımından aşağıdakı fikirləri də maraqla qarşılanır: “Mənəvi sərvətlər yaradıldıqdan sonra gerçəklik ideal şəkildə tarixi tərəqqi işinə xidmət edən böyük qüvvəyə çevrilir. Müəyyən inkişaf pilləsində müəyyən mənəvi sərvətlərə malik olmayan cəmiyyət təsəvvür etmək çətindir” (Quliyeva Xatirə. AMEA Xəbərlər, № 4 Bakı- “Elm”-2004. 287 s. 292).             

Ziyəddin Göyüşov bu dəyərli fəlsəfi əsərində neokantçıların aksiologiya nəzəriyyəsinə qədər Kantın özünün fəlsəfi dünyagörüşü haqda geniş oxucu kütləsinə öz elmi mülahizələrini çatdırır, cəmiyyət həyatında əxlaqi sərvətlərlə mənəvi dəyərlərin əlaqəsini, insanın yaşamında əxlaqın yeri və rolunu müəyyənləşdirən düşüncələrini bölüşür. Alimin problemin dərki baxı­mın­dan aşağıdakı fikirləri maraqla qarşılanır: “Böyük alman filosofu və əxlaq nəzəriyyəçisi İ.Kant da ədaləti ən mühüm əxlaqi sərvət səviyyəsinə qaldırmışdır. O, qəti bir inamla yazmışdır ki, “nə vaxt ki, ədalət yox olur, onda daha insanların həyatına məna verən qiymətli heç nə qal­mır”. Buradan göründüyü kimi görkəmli alim Demokritdən başlamış XVIII əsr fransız ma­te­ria­list­ləri və Kanta qədər müxtəlif əsrlərdə, müxtəlif tarixi şəraitdə yaşamış filosofların düşündüyü əd­alət  hissi, böyük əxlaq dəyərləri haqqında fikirlərində müəyyən bir oxşarlıq var. Bu oxşarlıq ondan ibarətdir ki, fikirlərinin bəzi məhdud cəhətlərinə baxmayaraq, onların hamısı ədaləti insanlar arasında münasibətlər yaratmağın mühüm şərti hesab etmişlər. Onlar hamısı bu əqidədə olmuşlar ki, insanlar arasında münasibətlərdə ədalətin olmaması əxlaqi hərc-mərclik və pozğunluq törədər” (Göyüşov  Ziyəddin. Əxlaqi sərvətlər. B.: Azərnəşr, 1966, 308 s. 182-183).  

Azadlıq, ədalət, bərabərlik, vicdan, ləyaqət, inam, etibar, sevgi, dostluq və beləcə əxlaqi keyfiyyətlərin zəngin toplusunun görkəmli alim Ziyəddin Göyüşovun iti zəkası, işıqlı təfəkkürü ilə dərindən tədqiq-təhlil olunması fəlsəfə elmimizin etika qolunun inkişafına gətirib çıxarmış və eyni zamanda onun özündən gələcək nəsillərə maraqlı elmi-publisist irs kimi ərmağan edilmişdir. 

Bu baxımdan alimin “Sadəlik və təvazökarlıq”, “Səadət düşüncələri”,  “Fəzalət və qəbahət”,  “Daxilə pəncərə”, “Həzz və istirab” kitabları və bu mövzuda olan bir sıra məqalələri əvəzsiz   elmi-populyar əsərlər kimi öz zamanında elə etik-əxlaqi maarifçilik olub ki, bir neçə nəsil onların “dərsləri” ilə böyüyüb, cəmiyyətdə ləyaqətli adam kimi tanınıblar və bu etik-fəlsəfi  irs indi də qiymətlidir.  

Əlbəttə, bu bir təbii prosesdir ki, istənilən mütəfəkkirin, yaradıcı şəxsin xələfləri onun fəaliyyətinə öz zamanının baxışları ilə baxır. Düzü əvvəl baxışlar hər şeyi tənqid süzgəcindən keçirir, müqayisələr aparır. Bu prosesdə qütbləşmələr də baş qaldırır. Amma sonra münasibət durulur,  aydınlanır və saflaşır. Hətta əvvəlki “tənqid” öz yerini “tərif” və təbliğə verir. Bunu isə  zamanın dəyər məfhumu meydana çıxırır.

Beləcə, Ziyəddin Göyüşov vətəndaş kimi, şəxsiyyət kimi yetişdi. Xalqın ziyalısı olaraq ləyaqətlə yaşadı. Vətənin dar günündə müharibə çağırışına getdi. Canını qoydu ümumi Vətən yolundu. Qanından keçdi, canından keçdi... Yaralandıqdan sonra döndü vətəninə, elinə, obasına. Ziyəddin Göyüşov sənət, peşə kimi ən ağır sahəni seçdi, alim oldu. Təşnə ilə, yanğı ilə elmdə 30 il külüng çaldı və elmi-sistemli irs yaratdı. Ziyəddin Göyüşov bu sevimli peşəsində ilklərdən oldu və geniş qəlbə, şəffaf amala malik alimin çəkdiyi bu yol hamının üzünə açıq oldu. O, bu yola davamçılarını cəlb etdi. Onların kövrək addımlarını bərkitdi, onların inamlı addımlarına sevindi, fərəhləndi... Amma ölüm sonluğu onu həyatdan ayırdıqdan sonra bu “yol” ildən-ilə daralmağa, dağılmağa başladı...

Ziyəddin Göyüşov “dünən” yaşayıb, yazıb-yaratdı, kifayət qədərdən artıq tanındı, əsas əxz olundu! Ziyəddin Göyüşov bu gün “dünəndən” qalma nəslin “havasına” bir az dərk olunur!  40-50 yaşlı “gənc nəsl” də, kopyalardan kopyalamaqla qavrayır böyük alimin irsini. Bəs sabah?.. Sabah kiril əlifbasını qətiyyən tanımayacaq və tədqiqatçını dəyərləndirmək, onun təhlillərini yeni baxışla qiymətləndirmək istəyəcək, kiril qrafikasını bilməyən nəsil neyləyəcək?! Bu gün azmıdır köhnə-əski əlifba ilə olan irsi oxuya bilməyən, beləcə, düzgün dərkdən məhrum olan tədqiqatçılar?

Burdaca diqqətli oxuculara əvəzsiz alimin irsi qarşısında borclarımızı yetirirəm.

Beləcə, alimin zəngin irsini latın əlifbasında yazdırıb, hətta bir neçə dildə nəşr etdirmək, əsərlər haqqında sanballı elmi jurnallarda ciddi məqalələr yayımlamaq, bu mövzu ilə bağlı məruzələrlə müxtəlif beynəlxalq, habelə ölkə miqyaslı onlayn elmi konfranslara qatılmaq, ona həsr olunmuş məqalələr toplusu (necə ki, Ziyəddin Göyüşov “Müasirləri Zərdabi haqqında” kitabını meydana qoymuşdu) hazırlayıb tarixə töfhə vermək bizim tarix qarşısında borclarımızdandır. “Youtube”da “Ziyəddin Göyüşov dərsləri” ilə alimin tədqiqatlarını təravətləndirmək də 100 illiyə layiqli ərməğan ola bilər.

Yuxarıda da qeyd etdiyimiz kimi, Ziyəddin Göyüşov Azərbaycan fəlsəfə elminin çox ciddi problemlərini araşdırıb, dəyərli tədqiqatlar üzə çıxarıb, sovet dövründə xalqa etika-əxlaq elminin əsas mahiyyətini və eyni zamanda əxlaqın həyat fəlsəfəsi prinsiplərini ən anlaşılan dil-üslubda çatdıran alim olub.

Görəsən o həyatda  olsaydı, fəlsəfə elminiin hansı problemlərini tədqiqata cəlb edərdi? Görəsən Azərbaycanın birinci və yenə birinci və həmişə birinci olacaq etik alimi cəmiyyəti anti-etikadan, əxlaq böhranından necə xilas edərdi, o bu dövrdə hansı mövzularda əsərlər yazardı? Mövzular əlbəttəki çoxdur. Mənim isə ağlıma gələn mövzular bunlardır: “Milli Fəlsəfə tariximiz olduğu kimi - buxovlarsız”, “Etika dünən, bu gün, sabah”, həmçinin “İnsan”, “Ədalət”, “Vicdan”, “Qəhrəmanlıq”,  habelə “Biganəlik”, “Riyakarlıq” və s.               

Biz xələflərik və bu gün biz 30 ildən artıq elmi fikrimizə xidmət etmiş və artıq 40 il qədər böyük müddətdə bizdən fiziki varlıq olaraq uzaqlarda olan Ziyəddin Göyüşovun məhsuldar alim hə­yatını, keşməkeşli ömür tarixçəsini, dolğun elmi irsini nə qədər geciksək də daha bir an belə yu­­banmadan qiymətləndirmək, gələcək nəsillərə layiqincə təhvil vermək məsuliyyətini dərk et­mə­liyik. Necə ki, o, bütün qüvvəsi ilə sovet totalitar maneələrini adlamağa müvəffəq olaraq Həsən bəy Zərdabinin ölümünün 50 illiyinin keçirilməsi razılığını almağa nail olmuşdu. Bu vaxt böyük maarifçinin məzarının məlum olmaması məsələsi bəhanayə çevrildikdə sonsuz çətinliklərlə üzbəüz qalmış, nəhayət məzarın yerini müəyyən etmiş, bir neçə ziyalı ilə birlikdə əlinə bel götürüb nəəşin gömüldüyü qəbiri qazıb, böyük maarifçini indiki məzarına köçürmüşdü... Bu gün böyük maarifçinin məzarı Fəxri Xiyabanda yad edilirsə bütün ictimaiyyət buna görə ilk növbədə əvəzsiz alim Ziyəddin Göyüşova minnətdar olmalıdır.

Beləcə, Ziyəddin Göyüşov dünən kimi, bu gün və sabah bizi – Azərbaycan xal­qı­nı və onun nəhəng milli elmi təfəkkürünü tarixdə təmsil edəcək unikal təbii zəka sahib­ləri­miz­dən­dir və biz öz dəyərimizə dəyər verməyə borcluyuq. Belədə onun fəlsəfəsinin işığı ilə sabahkı alim-tədqiqatçılar nəsli də milli fəlsəfəni qiymətləndirər.    

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə  müdiri, fəlsəfə elmləri doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.