www.science.az
04.06.2020 14:05

4 iyun – Hüseyn Cavidi ölümsüzlüyə aparan yolun başlandığı tarix

Bu gün böyük şair və mütəfəkkir Hüseyn Cavidin həbs olunmasından 83 il ötür. 1937-ci il 4 iyun tarixi Azərbaycan ziyalılarının bir çox görkəmli nümayəndəsi kimi Hüseyn Cavidin həyatında da qara hərflərlə yazılıb.

1937-ci il iyun ayının 3-də Azərbaycan Kommunist Partiyasının XIII qurultayında Mərkəzi Komitə katibi Mircəfər Bağırov çıxış edərək “xalq düşməni” adlandırdığı bir çox Azərbaycan ziyalısını, o cümlədən Hüseyn Cavidi kəskin tənqid edib. Bu sərt çıxışdan sonra həmin günün gecəsi sovet cəza orqanlarının nümayəndələri Hüseyn Cavidin yaşadığı mənzilə gələrək onu həbs edib, iki il sonra isə Sibirə sürgün ediblər. Ədibin evində axtarış aparılarkən sənətkarın əsərlərinin bir çoxu məhv olub.

Hüseyn Cavid “xalq düşməni” elan edildiyi üçün Cavidsevərlər də təqiblərə məruz qalıb, şairin əsərləri kitabxanalardan yığışdırılıb, özü isə “pantürkist” və “panislamist” adı ilə damğalanıb.

Həmin gecə Hüseyn Cavidlə yanaşı, onun qələm dostları Mikayil Müşviq, Əhməd Cavad və Seyid Hüseyn də həbs olunublar.

Cavid əfəndi və onun ailəsi üçün faciələrin başlanğıcı olan 1937-ci ilin 4 iyun gecəsi təkcə bu ailənin yox, bütün bir  millətin yaddaşında dərin izlər buraxıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.