www.science.az
05.06.2020 10:30

Arxeologiya elmimizin görkəmli nümayəndəsi Vəli Baxşəliyevin 65 yaşı tamam olur

Bu gün tanınmış arxeoloq alim, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin 65 yaşı tamam olur.

Vəli Baxşəli oğlu Baxşəliyev 1955-ci il iyun ayının 5-də Babək (indiki Kəngərli) rayonunun Böyükdüz kəndində anadan olub. O, 1977-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) Tarix fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1977-ci ildə müəllim kimi başlayan V.Baxşəliyev 1983-cü ildə Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasında müdir, 1986-cı ildə Naxçıvan Regional Elmi Mərkəzində kiçik elmi işçi, aparıcı elmi işçi, elmi katib, 2003-cü ildə AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi vəzifələrində çalışıb. Hazırda həmin institutun Qədim dövr arxeologiyası şöbəsinin müdiridir.

O, 1986-cı ildə namizədlik, 2005-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Alimin muxtar respublika ərazisində apardığı arxeoloji araşdırmalar nəticəsində tarix və arxeologiya elmimizə işıq salan çoxsaylı tədqiqat əsərləri təkcə Naxçıvanın deyil, ümummillikdə Cənubi Qafqaz, Yaxın Şərq və Azərbaycan tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Arxeoloqun gərgin əməyi və axtarışları əsasında Azərbaycan, türk, alman, ingilis və rus dillərində çap olunan kitab və monoqrafiyalar, çoxsaylı elmi əsərlər, həm də Naxçıvanda aparılan arxeoloji araşdırmaların beynəlxalq aləmdə tanınmasına zəmin yaradır.

Naxçıvanda beynəlxalq və yerli arxeoloji ekspedisiyaların rəhbəri, iştirakçısı olan Vəli Baxşəliyev Şərur, Culfa, Ordubad, Babək, Sədərək rayonlarının ərazisində yeni abidələr qeydə alıb. Eyni zamanda, I Kültəpə, II Kültəpə, Oğlanqala, Ovçular təpəsi, Çalxanqala, Qazançıqala, Naxçıvantəpə və yüzlərlə digər arxeoloji abidənin tədqiqində iştirak edib. O, Almaniya, Fransa, Türkiyə, İran, Rusiya, Gürcüstan və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda Azərbaycan arxeologiya elmini layiqincə təmsil edib.

Alimin apardığı tədqiqatlar nəticəsində eramızdan əvvəl VI-I minilliklərdə Naxçıvanda qədim metallurgiya və metalişləmə sənətinin yerli xammal mənbələri əsasında meydana gəlib inkişaf etdiyi, eyni zamanda, qədim mədəniyyətlərin, sənət əsərlərinin Azərbaycan xalqının enoqrafiyası və folkloru ilə sıx bağlı olduğu öyrənilib. Aparılan tədqiqatlar əsasında Naxçıvanın Dalma Təpə, Kür-Araz və Orta Tunc dövrü Boyalı qablar mədəniyyətinin vətəni olduğu müəyyən edilib. Naxçıvanın qədim mədəniyyətlərinin Ön Asiya və Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı münasibətlərinin tədqiqilə müəyyənləşdirilib ki, Orta Tunc dövrü Boyalı qablar mədəniyyəti Cənubi Qafqazın digər ölkələrinə Naxçıvandan yayılıb. Bunlarla yanaşı, Naxçıvanın qədim mədəniyyətlərinin dövrləşdirilməsi ilə bağlı Neolit, Eneolit, Erkən və Orta Tunc dövrü abidələri üçün yeni dövrləşdirmə müəyyənləşdirilib. Gəmiqaya təsvirlərinin böyük bir qisminin semantik məzmunu açılıb və bu təsvirlərin Azərbaycan xalqının ulu əcdadlarına məxsus olduğu elmi şəkildə sübut edilib.

Arxeoloqun tarixi milyon illərə dayanan Naxçıvanda apardığı arxeoloji tədqiqatlarının nəticələri “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələr ensiklopediyası”, “Naxçıvan tarixi” çoxcildliyi, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası və digər ümumiləşdirici fundamental əsərlərlərin hazırlanmasında istifadə edilib. Onun rəhbərliyi ilə Naxçıvan ərazisində qeydə alınmış 1200-dən çox arxeoloji, tarix və mədəniyyət abidəsi haqqında elmi məlumatlar hazırlanıb və pasportlaşdırılıb.

Vəli Baxşəliyev Azərbaycan tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 30 kitab və monoqrafiyanın, dərs vəsaitinin müəllifidir. Onun “Azərbaycan arxeologiyası”, “Naxçıvanın tarixi abidələri”, “Naxçıvanın arxeoloji abidələri”, “Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvanın Erkən Dəmir dövrü abidələri”, “Nəhəcirdə arxeoloji araşdırmalar”, “Ovçular təpəsi”, “Duzdağın qədim duz mədənləri”, “Qədim Şərur”, “Qədim Ordubad”, “Şortəpə” və digər kitabları işıq üzü görüb. 2019-cu ildə alimin əsərlərinə 300-dən artıq istinad edilib. Onun Türkiyə, İran, Rusiya, ABŞ, Almaniya, İtaliyada 5 monoqrafiyası, 50-ə yaxın elmi əsəri, eyni zamanda, “Web of Science” və “Scopus” indeksli dərgilərdə 30-dan artıq məqaləsi çap edilib. Elmi-kütləvi məqalələri Türkiyə, İran və Fransanın müxtəlif qəzetlərində dərc olunub.

Pedaqoji fəaliyyətlə də məşğul olan V.Baxşəliyevin rəhbərliyi altında 5 fəlsəfə doktoru hazırlanıb.

Alim 2014-cü ildə “Tərəqqi”, 2019-cu ildə isə “AXC-nin 100 illiyi” medalı ilə təltif edilib. Arxeologiya elminin inkişafında göstərdiyi xidmətlərinə görə 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin, o cümlədən AMEA-nın və Naxçıvan Bölməsinin Fəxri fərmanlarına layiq görülüb.

Yeni tapıntıları ilə arxeologiya elminə layiqli töhfələr bəxş edən Vəli Baxşəliyevi 65 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, elmi faliyyətində nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.