Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev: “Gəmiqaya qayaüstü rəsmləri” kitabı fundamental və dəyərli elmi mənbədir”
23.06.2020 11:49
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev: “Gəmiqaya qayaüstü rəsmləri” kitabı fundamental və dəyərli elmi mənbədir”

Naxçıvan Muxtar Respublikasında digər tarixi abidələrimiz kimi, Gəmiqaya abidələri də dövlət qayğısı ilə əhatə olunub. Gəmiqaya təsvirlərinin tədqiqi sahəsində atılan mühüm addımlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamına əsasən ötən müddət ərzində Gəmiqaya ərazisinə bir neçə dəfə elmi ekspedisiyaların təşkil edilməsi, çoxlu sayda təsvirlərin qeydə alınması, monoqrafiya və məqalələrin işıq üzü görməsidir. Bu baxımdan “Gəmiqaya qayaüstü rəsmləri” adlı kitab xüsusilə diqqəti cəlb edir.

Bu barədə Naxçıvan Bölməsinin Tarix, Etnoqra­fiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev məlumat verib. Onun sözlərinə görə, qeyd olunan sərəncamdan sonra Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin əməkdaşlarından ibarət elmi ekspedisiya təşkil edilib, Gəmiqaya ətrafındakı abidələr və Gəmiqaya təsvirləri qeydə alınıb. 2001-2005-ci illərdə burada Azərbaycan və xarici ölkə alimlərinin iştirakı ilə beynəlxalq və yerli ekspedisiyalar fəaliyyət göstərib.

V.Baxşəliyev bildirib ki, Gəmiqaya təsvirlərini daha dərindən öyrənmək məqsədilə 2016-cı ilin avqust ayında AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mütəxəssislərindən ibarət “Gəmiqaya” ekspedisiyası yaradılıb. Ekspedisiya qayaüstü rəsmlərin yayıldığı 136 hektar ərazidə olub, 2040 daş üzərində 7477 təsvir qeydə alıb. Bu tədqiqatların nəticəsi kimi 2020-ci ilin iyun ayında “Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental kitab ərsəyə gəlib.

Arxeoloq diqqətə çatdırıb ki, elmi yeniliklərlə zəngin olan kitabın layihə rəhbəri, gərgin elmi tədqiqatların ideya təşəbbüskarı və himayədarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovdur. Nəfis tərtibatla nəşr olunan kitabın müəllifi “Gəmiqaya” ekspedisiya qrupunun rəhbəri, sənətşünas Nizami Alıyev, fotolar və qrafik cızmaların müəllifləri Nizami Alıyev və Arzu Novruzovdur.

“Yeni nəşrdə Gəmiqayadakı qayaüstü rəsmlərin qısa təsviri verilib və onların rəngli şəkilləri uyğun səhifələrdə yerləşdirilib. Yüksək poliqrafik keyfiyyəti ilə seçilən kitabda qeydə alınan rəsmlərin hamısının fotoşəkilləri əksini tapıb”, – deyə alim vurğulayıb.

Vəli Baxşəliyev tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabın Gəmiqaya təsvirlərinin öyrənilməsi üçün fundamental, dəyərli elmi mənbə olacağını deyib. Qeyd edib ki, mətnlərin rus və ingilis dillərinə tərcümələrinin də verilməsi yeni nəşr vasitəsilə Gəmiqayadakı qayaüstü rəsmlər haqqında məlumatların dünyada təqdim olunması və öyrənilməsi, bəşər sivilizasiyasında öz yeri və dəyəri olan tarixi, etnoqrafik irsimizin təbliği arealının genişləndirilməsi baxımından da əhəmiyyətlidir.

O, əlavə edib ki, yeni nəşr Naxçıvanşünaslığa və milli tariximizə böyük töhfədir. Beynəlxalq elmi ictimaiyyətin də diqqətini cəlb edə biləcək mükəmməl elmi-kütləvi əsər, hər bir vətənpərvər və tarixsevər azərbaycanlının stolüstü kitabı dəyərindədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: