Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
30.06.2020 10:15
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun (KQKİ) Elmi şurasının onlayn iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, müəssisənin direktoru, akademik Dilqəm Tağıyev açaraq bildirib ki, pandemiya dövründə qurumun binası və otaqları mütəmadi dezinfeksiya edilib, əməkdaşlar qoruyucu maska və spirtlə təmin olunublar.

2020-ci ilin ilk 6 ayında institutun fəaliyyətinin qənaətbəxş olduğunu deyən D.Tağıyev ötən müddət ərzində aparılan elmi-tədqiqat işləri nəticəsində 50-yə yaxın məqalənin (20-si xaricdə) hazırlandığını və müxtəlif elmi jurnallarda  dərc edildiyini söyləyib. Qeyd edib ki, sözügedən məqalələrdən 18-i “Web of Science” bazasına daxil olan impakt faktorlu jurnallarda (“Quantum materials”, “APL materials”, “Journal of organometallic chemistry”, “Journal of molecular liquids”, “Journal of physics D-applied physics”, “Semiconductors” və s.) işıq üzü görüb. O, müəssisə əməkdaşlarının tədqiqatlarına dünya alimləri tərəfindən 400-ə yaxın istinadın olunduğunu vurğulayıb.

Akademik 2019-cu ilin qəbul planına əsasən KQKİ-nin doktoranturasına 6 (4-ü fəlsəfə, 2-si elmlər doktorluğu hazırlığı üzrə), dissertanturasına isə 7 nəfərin (2-si fəlsəfə, 5-i elmlər doktorluğu hazırlığı üzrə) qəbul olunduğunu xatırladıb, iclasda onların fərdi iş planlarının təsdiqinin nəzərdə tutulduğunu söyləyib. Müzakirələrdən sonra doktorant və dissertantların fərdi iş planları təsdiq olunub.

Sonra Elmi şuranın tərkibinin qismən dəyişdirilməsi haqqında qərar qəbul edilib.

Sonda COVİD-19 təhlükəsinə qarşı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl olunmasının, işçilər arasında sosial məsafənin qorunmasının və tibbi maskalardan istifadə edilməsinini zəruriliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: