Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Evdən işləmək” mədəniyyətinin formalaşdırılması yolları
06.07.2020 11:15
  • A-
  • A
  • A+

“Evdən işləmək” mədəniyyətinin formalaşdırılması yolları

Ötən 6 ayda koronavirus pandemiyasının dünyanı necə dəyişdiyi və bundan sonra da dəyişməyə davam edəcəyi haqqında yüzlərlə məqalə yazılıb, fikirlər söylənib. Həyatımıza və dilimizə yeni ifadələr və vərdişlər daxil olub. Bunlardan biri də “Evdən işləmək”dir. “Evdən işləmək” mədəniyyətinin formalaşdırılması günümüzün vacib tələblərindəndir.

İnsanlar işlərinə sevgi ilə yanaşdıqları zaman məkan heç bir əhəmiyyət kəsb etmir, onlar tez bir zamanda nəticəni görmək üçün üzərlərinə düşən bütün öhdəlikləri yerinə yetirirlər.

Evdən çalışma sistemi tənbəl, iradəsinə hakim olmayan, daima nəzarət tələb edən, işinə məsuliyyətsiz yanaşan insanlar üçün çətin prosesə çevrilə bilər.

İnsan resursları sahəsində 130 ölkədə fəaliyyət göstərən “Mercer” şirkətinin Türkiyə ofisinin araşdırmalarına görə, pandemiyadan sonrakı dövrdə şirkətlərin 60%-i evdən işləməyə davam edəcəklər. Bu, sabit xərcləri aşağı salmaq üçün kiçik və orta biznesdə olduğu kimi, böyük şirkətlər üçün də bir fürsətdir.

Evdən işləmək insanların əhval-ruhiyyəsinə də təsir edir. Lakin daxili nizam-intizam insanlara hər gün evdən çıxacaqları şəkildə səhər tezdən oyanmağa, yüngül idman və qəlyanaltı etdikdən sonra iş masasının arxasına oturmağa kömək edə bilər. Evdə kiçik bir iş şəraitinin yaradılması, gündəlik plan tərtib edilməsi, görüşlərin planlaşdırılması, müzakirə mövzularının öncədən qeyd edilməsi müsbət nəticələr verə bilər.

Hər insan bir vətəndaş olaraq üzərinə düşən məsuliyyəti hiss etməli, təmsil etdiyi cəmiyyət, müəssisə, şirkət və ölkənin inkişafına bu və ya digər şəkildə töhfə verməlidir.

Gördüyümüz iş gözümüzə o anda kiçik görünsə də, unutmayaq ki, hər birimiz böyük bir zəncirin halqalarıyıq. Zəncir nə qədər qalın və dözümlü olsa da, ən zəif halqası qədər güclüdür.

“İki sahil” qəzeti, 4 iyul 2020-ci il

  • Paylaş: