Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində cari il üzrə uğurlu elmi nəticələr əldə olunub
13.07.2020 10:19
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində cari il üzrə uğurlu elmi nəticələr əldə olunub

AMEA-nın Naxçıvan Bölməsinin yarımillik elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş onlayn iclas keçirilib.

“Zoom” proqramı vasitəsilə keçirilən tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq elmi-tədqiqat müəssisələrində müvafiq istiqamətlər üzrə aparılan araşdırmalardan, eləcə də elmi-təşkilati işlərdən danışıb.

Daha sonra Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov cari ilin birinci yarısında bölmənin tərkibindəki elmi qurumlarda aparılan elmi-tədqiqat işlərinin nəticələrini diqqətə çatdırıb. O, bildirib ki, təsdiq edilmiş plana uyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuya daxil оlan 38 işin 102 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulub. Hesabat dövründə araşdırmalar 23 şöbə, 9 labоratоriya, 1 elmi-tədqiqat qrupunda yerinə yetirilib.

O.Bağırovun sözlərinə görə, tədqiqat dövründə bölmə əməkdaşlarının 7 monoqrafiyası, 5 kitabı, bir metodik vəsaiti, 223 elmi məqaləsi, 121 konfrans materialı, 3 tezisi olmaqla, ümumilikdə 360 elmi əsəri çap olunub, bir xəritə tərtib edilib. Əsərlərdən 2 monoqrafiya, bir kitab, 52 məqalə, 47 konfrans materialı xaricidə nəşr olunub. Məqalələrin 3-ü Clarivate Analytics-də (Thomson Reuters), 10-u impakt faktorlu jurnallarda çapdan çıxıb. Elmi məqalələrin 213-ü beynəlxalq nüfuzlu elmi jurnallarda işıq üzü görüb.

Qeyd olunub ki, bu dövrdə bölmədə 2 seriya üzrə “Elmi əsərlər” jurnalının iki, “Axtarışlar” jurnalının bir nömrəsi çapdan çıxıb, ikinci nömrəsi isə çapa təqdim olunub.

Şöbə müdiri vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tapşırığına əsasən, “İlandağ” geoparkının yaradılması ilə əlaqədar Naxçıvan Bölməsi və digər məsul qurumların mütəxəssislərindən ibarət yaradılan İşçi Qrupu tərəfindən layihə çərçivəsində geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və ətraflı geoloji-geomorfoloji təsviri istiqamətində bir sıra işlər görülüb: “Babək, Culfa və Ordubad rayonları ərazisində 1700 kvadrat kilometr sahəni əhatə edən “İlandağ” geoparkının layihələndirilən ərazisinin xəritəsi, bu ərazidə yerləşən tarix-mədəniyyət və arxeoloji abidələrin siyahısı, ətraflı təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb. Nadir geoloji-geomorfoloji, təbiət, tarix-memarlıq və arxeoloji obyektlər barədə kompüter məlumat bazasının yaradılması üçün materiallar sistemləşdirilib”.

Həmçinin bölmə əməkdaşları açıq ensiklopediya olan Vikipediyada 12 yeni məqalə, 10 yeni şablon yaradıb və 40-dan çox məqalə üzərində redaktə işləri aparıblar. Bundan əlavə, bölmədə yerinə yetirilən 2 beynəlxalq səviyyəli qrant layihəsinin icrası davam etdirilir.

Tətbiqyönümlü işlərdən bəhs edən məruzəçi qeyd edib ki, Qabıllı və Duzdağdan gətirilən gil nümunələrinin tərkibi bölmə əməkdaşları tərəfindən müəyyən edilib, yuyucu vasitə istehsalı üçün hazırlıq işləri həyata keçirilib. Biləv alüminium süxurunun işlənməsindən alınan alüminium sulfatın kalium sulfatla qarşılıqlı təsirindən kalium alüminium zəyinin alınması istiqamətində işlər isə davam etdirilir.

O, əlavə edib ki, bölmənin Ordubad rayonunun Aşağı Əylis kəndində yerləşən Biokimyəvi tədqiqatlar laboratoriyasının bazasında bitkilərdən müxtəlif efir yağları, gülab, boya, doşab alınması planlaşdırılıb və artıq 120 litrə qədər gülab istehsal edilib. Laboratoriyanın imkanlarından istifadə etməklə gülab-gül suyunun istehsalını artıraraq nanə cövhəri, çaytikanı, kəklikotu, yovşan, razyana, çöl nanəsi, üzərlik yağları istehsal etmək nəzərdə tutulub.

Əməkdaşların muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv açıq dərslərdə məruzə ilə çıxış etdiklərini qeyd edən O.Bağırov vurğulayıb ki, Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş 5 ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə bölmənin elmi-tədqiqat müəssisələrində müvafiq layihələr çərçivəsində tədqiqatlar, seminarlar, dəyirmi masalar, açıq dərslər, laboratoriya məşğələləri və s. keçirilib.

Diqqətə çatdırılıb ki, Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublika Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin 50 şagirdi bölmə alimləri tərəfindən fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib və uğurlu nəticələr əldə olunub. Belə ki, bölmənin 6 əməkdaşının rəhbərliyi ilə 10 şagird müxtəlif layihələrdə iştirak edib və əldə etdikləri nailiyyətlərə görə diplom və medallar qazanıblar.

Vurğulanıb ki, bu dövrdə 20-dən çox elm və təhsil mərkəzi və bir çox ölkələrin alimləri ilə sıx elmi əlaqələr qurulub, səmərəli əməkdaşlıq edilib. Bölmənin əməkdaşları respublikada və xaricdə keçirilən 12 beynəlxalq tədbirdə məruzələrlə çıxış ediblər.

Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin SəfərliTəbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq ƏliyevƏlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman XəlilovBatabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev və Bioresurslar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov çıxış edərək elmi göstəriciləri qənaətbəxş hesab ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: