www.science.az
13.07.2020 10:33

Hüseyn Cavidin Ev Muzeyi Azərbaycanda cavidşünaslığın əsas mərkəzidir

Azərbaycanda cavidşünaslığın əsas mərkəzi hesab olunan Hüseyn Cavidin Ev Muzeyinin AMEA-nın nəzdində faəliyyətə başlamasının 25 ili tamam olur.

25 il öncə Azərbaycan Respublikasının prezidenti, ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilən müşavirədə Hüseyn Cavidin Naxçıvanda məqbərəsinin, Bakıda ev muzeyinin yaradılması ilə əlaqədar məsələlər müzakirə olunub. Bununla əlaqədar Nazirlər Kabinetinin 10 iyul 1995-ci il tarixli qərarı ilə Hüseyn Cavidin Ev Muzeyinin yaradılması, onun Azərbaycan Elmlər Akademiyasının tabeliyinə verilməklə ədibin yaşadığı binada yerləşməsi və Hüseyn Cavidin Ev Muzeyi adlandırılması məsələsi həllini tapıb.

Bu gün muzey onun qurucuları ümummilli lider Heydər Əliyevin və şairin yadigarı Turan Cavidin məqsəd, məram və arzularını uca tutur, ənənələrinə sadiq qalaraq fəaliyyət göstərir.

Hazırda Hüseyn Cavidin Ev Muzeyi AMEA-nın tam hüquqla tərkibinə daxil olduğu elmi müəssisələrdən biridir. Muzeydə Elmi şura və 6 elmi tədqiqat şöbəsi (“Cavidşünaslıq”, “Elmi-kütləvi işlər şöbəsi”, “Elmi fondlar şöbəsi”, “Elmi və bədii tərtibat şöbəsi”, “Elmi ekspozisiya şöbəsi”, “Elmi informasiya və kitabxana şöbəsi”) fəaliyyət göstərir. Şöbələrdə H.Cavid və cavidlər irsinə aid materialların toplanması, qeydiyyata salınması, elmi təsvirinin verilməsi, mühafizəsi, tədqiqi, təbliği, ekspozisiya və səyyar sərgilərin hazırlanması, nümayişi, oxuculara xidmət, virtual sərgilərin təşkili və s. işlər icra olunur.

Muzey respublikamızın və xarici ölkələrin müvafiq müəssisələri ilə əməkdaşlıq əlaqələri qurub, şairin əsərlərinin dünyanın müxtəlif dillərində nəşrinə müvəffəq olub. Qurumun nəşrə hazırladığı çoxcildliklər Azərbaycan cavidşünaslığına mühüm töhfədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.