Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Botanika İnstitutunda Azərbaycanın nadir bitkilərinin mühafizəsi üzrə beynəlxalq səviyyəli tədqiqatlar aparılır
13.07.2020 13:35
  • A-
  • A
  • A+

Botanika İnstitutunda Azərbaycanın nadir bitkilərinin mühafizəsi üzrə beynəlxalq səviyyəli tədqiqatlar aparılır

AMEA-nın Botanika İnstitutu iqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi ilə bağlı müasir çağırışların həlli üçün beynəlxalq elmi cəmiyyətə inteqrasiya olunub, xarici tərəfdaşları ilə birgə elmi tədqiqatlar aparır. İngiltərənin Kyu Kral Botanika Bağlarının Minilliyin Toxum Bankı Tərəfdaşlığı ilə birgə həyata keçirilən “Biomüxtəlifliyin təhlükə altında olan qaynar nöqtələri proqramı” bu fəaliyyətin bir nümunəsidir. Son illərdə qlobal miqyasda müşahidə edilən ətraf mühit dəyişiklikləri Azərbaycanda unikal bitkilərin mövcudluğu üçün dönməz bir şəkildə təhdid hesab edilə bilər. İntensiv antropogen fəaliyyət (neft hasilatı, rekreasiya, infrastrukturun genişləndirilməsi) bitki örtüyündə “qırmızı” kritik zonaların yaranmasına gətirib çıxarıb ki, bu da öz növbəsində bəzi bitki növləri üçün itmə təhlükəsi yaradıb. Qeyd etmək lazımdır ki, ölkəmizin florası qiymətli dərman, qida və dekorativ kimi faydalı, eləcə də endem və relikt bitki növləri ilə zəngindir.

Bu fikirləri Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə söyləyib. O, bildirib ki, bu kimi növlərin gələcək nəsillər üçün qorunub saxlanılması, çoxaldılması və elmi tədqiqat işlərinin aparılması məqsədilə onların toxumlarının toplanılması ilə “ex situ” mühafizəsinin təşkilindən öncə çoxsaylı monitorinq işlərinin aparılması zəruridir.

"Cari ilin yaz-yay aylarında Botanika İnstitutunun bir qrup əməkdaşı, eləcə də gənc magistrant və doktorantlardan ibarət qruplar məqsədli toxum kolleksiyalarının toplanılması üzrə ölkənin müxtəlif rayonlarında çöl şəraitində aparılan ekspedisiyalarda iştirak ediblər", - deyə bildirən alim Böyük Qafqaz dağ silsiləsinin dağlıq və dağətəyi ərazilərini əhatə edən Şamaxı, İsmayıllı, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonları, Kür-Araz ovalığında yerləşən Kürdəmir rayonu və Abşeron rayonu ərazisində monitorinq və araşdırmaların aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, “Biomüxtəlifliyin təhlükə altında olan qaynar nöqtələri proqramı” çərçivəsində cari dövr üçün hədəf siyahı hazırlanıb. Daha sonra bitki növlərinin çiçəkləmə və meyvəvermə dövrü, yayılma əraziləri, endemizm və təhlükə altında olması, faydalı xüsusiyyətləri və s. məlumatları əhatə edən məlumat bazası tərtib edilib. Beləliklə, cari ildə layihə üzrə mart-iyul aylarında Azərbaycanın yuxarıda qeyd edilən rayonlarında aparılan çöl işləri zamanı 21 bitki növünün toxum, herbari və çöl məlumatları toplanılıb, onlara şəkil və digər materiallar əlavə olunub.

Validə Əlizadə, həmçinin ölkəmizin 5 rayonu üzrə 26 nadir bitki növünün 40 senopopulyasiyasının tədqiq edildiyini, onların müasir vəziyyəti və mühafizə statusunun qiymətləndirildiyini bildirib. Qeyd edib ki, tədqiqatlar müxtəlif meşə massivlərində müəyyən edilmiş pilot sahələrində aparılıb. Bu zaman 300-ə qədər herbari nümunəsi yığılaraq təyin olunub, institutun mövcud herbari kolleksiyasının zəngilləşdirilməsi və gələcək tədqiqatların aparılmasında istifadə olunması məqsədilə xüsusi şəraitdə saxlanılıb.

Alim əlavə edib ki, ekspedisiyalarda müşahidə olunan karantinin təbiətə təsirinin mühüm fenomenini xüsusilə qeyd etmək lazımdır: antropogen yüklənmənin azalması əvvəlki illərdə az qala yoxa çıxan bəzi nadir növlərin çoxalmasına səbəb olub. Məsələn, təhlükə altında olan “Limodorum abortivum (L.) Sw.”, “Phelypaea coccinea (M. Bieb.) Poir.” və s. növlərin əvvəlki illərə nisbətən fərdlərinin sayında artım müşahidə edilib. Lakin bəzi bitki növlərinin sayına təbii mühitdə hələ də az rast gəlinir.

"Layihə çərçivəsində Azərbaycanın bir endem bitki növü (Calligonum bakuense Litr.) və Qafqazın üç endem bitki növünün (Galanthus caucasicus (Baker) Grossh., Tulipa eichleri Regel və Iris carthaliniae Fomin) toxumları toplanılıb. Digər toplanılan bitki növləri isə təhlükə altında olaraq, Azərbaycanın “Qırmızı kitabı”nın ikinci nəşrinə daxil edilib. Bəzi növlərin yeni yayılma arealları monitorinqlər və müşahidələr zamanı müəyyənləşdirilib", - deyə institut direktoru bildirib.

Onun sözlərinə görə, COVID-19 pandemiyasının həyatımızın bütün aspektlərinə ciddi mənfi təsirinə baxmayaraq, Botanika İnstitutunun alimləri bitki örtüyünün mühafizəsi istiqamətində işləri davam etdirirlər. Sözügedən beynəlxalq proqram üzrə institut tərəfindən tərtib olunan tərəfdaşlıq hesabatı uğurla qəbul edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: