www.science.az
29.07.2020 11:09

Əlyazmalar İnstitutunun 70 illik yubileyi qeyd olunacaq

AMEA Rəyasət Heyətinin qərarı ilə 2020-ci ilin oktyabrında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illik yubileyi qeyd olunacaq.

1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında yaradılan institut yazılı abidələrin toplanılması, mühafizəsi, tədqiqi və nəşrə hazırlanması sahəsində misilsiz xidmətlər göstərib. Dünyanın ən zəngin kitab xəzinələrindən biri olan bu elmi müəssisədə müxtəlif sahələri əhatə edən Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə nadir əlyazma kolleksiyaları mühafizə olunur.

IX əsrə aid dəri üzərində yazılmış Quranın “Ən-Nisa” surəsi institutda mühafizə olunan ən qədim əlyazma nümunəsidir. Burada, həmçinin XIX-XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi sənədləri, əski çap kitabları, mikrofilmlər, fotosurətlər və s. materiallar saxlanılır. Müəssisənin fondunda saxlanılan əlyazma, sənəd, arxiv materialları, əski çap kitabları və mətbuat nümunələrinin ümumi sayı 40 mindən çoxdur.

Əlyazmalar İnstitutunda dünya standartlarına uyğun şəkildə əlyazma abidələrinin elektronlaşdırılması işi həyata keçirilir. Bundan başqa, əlyazmaların elektron kataloqu və elektron kitabxanası yaradılıb.

2005 və 2017-ci illərdə institutda mühafizə olunan 4 unikal əlyazma UNESCO-nun Dünyanın Yaddaşı Proqramının reyestrinə daxil edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.