Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Xalqımızın və dövlətimizin qədim tarixini dərindən öyrənmək Azərbaycan arxeologiya elminin başlıca hədəfidir
05.08.2020 10:00
  • A-
  • A
  • A+

Xalqımızın və dövlətimizin qədim tarixini dərindən öyrənmək Azərbaycan arxeologiya elminin başlıca hədəfidir

Arxeologiya elminin üfüqləri

“Arxeologiya” “arxayos”- qədim, “loqos” - elm mənasını bildirən iki yunan sözünün birləşməsindən əmələ gəlib və qədim tarixi öyrənən elm deməkdir. Amma arxeologiyanın bir elm olaraq yaranma tarixi o qədər də qədim deyil. Başqa sözlə, arxeologiya tarixin nisbətən son dönəmində yaranan və çox sürətlə inkişaf edən elm sahələrindəndir. XIX əsrin sonu - XX əsrin əvvəllərində arxeologiyanın bir elm olaraq məhz hansı elmlər qrupuna aid edildiyi hələ də polemika mövzusu idi. Bəziləri onu antropologiya ilə birlikdə bioloji elmlər qrupuna, digərləri isə incəsənət tarixi ilə birlikdə incəsənət elmləri qrupuna aid edirdilər. Arxeologiyanın dəqiq və ya humanitar elmlərə aidliyi ətrafında diskussiya açanlar da az olmayıb. Amma hər cür fikir ayrılıqlarına rəğmən son və qəti sözü də elə arxeoloqlar özləri dedilər. Yəni, dünyanın ayrı-ayrı nöqtələrində arxeoloji tədqiqatlar elə vüsət aldı ki, artıq bu elmin ictimai elmlər sırasındakı yeri daha heç kəs üçün polemika mövzusu olmadı.

Məlum olduğu kimi, bəşər tarixi iki qrupdan olan mənbələr əsasında öyrənilir: 1. Maddi mədəniyyət nümunələri. 2. Yazılı mənbələr. Maddi mədəniyyət nümunələri o mənbələrdir ki, məhz onlar əsasında arxeoloqlar tarixi öyrənirlər. Xatırladaq ki, yazılı mənbələr əsasında ən yaxşı halda bəşəriyyətin son 5000 illik tarixinin (Misir yazılarından sonrakı dövr nəzərdə tutulur) yalnız müəyyən məqamlarını öyrənmək mümkündür. Əslində, hətta yazılı mənbələrin bol olduğu dövrlərin tarixinin öyrənilməsində də maddi mədəniyyət nümunələrinin geniş surətdə tədqiqata cəlb olunması qaçılmazdır. Bu fikir eynilə, Azərbaycan tarixinə də aiddir. Yəni, yazılı qaynaqlar əsasında Azərbaycan tarixinin olsa-olsa son 2000 illik tarixini qismən öyrənmək mümkündür. Nəzərə alaq ki, yazılı mənbələrdəki bir sıra məlumatların özü də kifayət qədər səhih deyil. Məsələn, Strabon yazırdı ki, albanlar pul tanımır, deməli ticarətdə puldan istifadə etmirdilər. Lakin Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı alban abidələrindən çoxsaylı sikkə nümunələri tapıldı. Onlar içərisində dünyanın ayrı-ayrı ölkələrində və şəhərlərində zərb olunmuş pullarla yanaşı, çoxsaylı yerli alban pulları da vardır. Bu isə o deməkdir ki, əcdadlarımız olan albanlar nəinki pul tanıyırdı, hətta onların özlərinin zərb etdiyi pullar da tarixi reallıqdır.Yazılı mənbələrin nisbətən daha geniş yayıldığı orta əsrlər dövrünün tarixini də arxeoloji materiallarsız tam və əhatəli şəkildə öyrənmək mümkün deyil.

Yəni, arxeoloji tədqiqatlar olmadan əsrlər boyu ölkənin iqtisadi, siyasi və mədəni həyatında olduqca mühüm iştirakı olan, bir çox iri hərbi əməliyyatlara şahidlik etmiş şəhər və qalalarımızın tarixini necə və hansı səviyyədə öyrənə bilərdik?! Nəhayət, belə bir məqamı da qeyd edək ki, əsrlər boyu torpaq altında yatan qədim yazılı mənbələrin bir çox nümunələri də məhz arxeoloji tədqiqatlar zamanı tapılaraq elmi dövriyyəyə gətirilib. Müxtəlif vaxtlarda və müxtəlif yerlərdə arxeoloqların taparaq aşkara çıxarmış olduğu çoxsaylı daş, kağız, papirus, gil qablar, dəri və ağac nümunələri üzərində işlənmiş çox qiymətli kitabələr bəşər tarixinin bir sıra mühüm problemlərinin araşdırılmasında, sözün əsl mənasında, açar rolu oynamışdır. Deməli, yazılı mənbələrin mövcud olduğu dövrlərin də tarixini öyrənmək tarixçilərlə yanaşı, həm də arxeoloq alimlərin işidir.

Qürurverici haldır ki, ölkəmizin ərazisində yazıya qədərki və ondan sonrakı tariximizin bütün mərhələlərini tam şəkildə özündə yaşadan olduqca çoxsaylı maddi mədəniyyət abidələri şəbəkəsi mövcuddur. Bu, o deməkdir ki, əcdadlarımız Qədim Daş dövründən başlayaraq tarixin bütün sonrakı mərhələlərində də bəşəri sivilizasiyanın parlaq nümunələrindən ibarət olduqca zəngin mədəni irs qoyub getmişlər. Belə bir məqamı da xüsusi olaraq qeyd edək ki, Azərbaycan arxeoloqlarının zaman-zaman aşkarlayaraq tədqiq etmiş olduqları qədim insan düşərgələri və onlardan toplanan çox zəngin maddi mədəniyyət qalıqları təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə ümumdünya tarixinin bir sıra mühüm, həm də olduqca aktual problemlərinin də öyrənilməsində əvəzsiz töhfə kimi dəyərləndirilir.

Azərbaycan arxeologiyasının uğurları

Keçən əsrin 50-ci illərinə qədər Azərbaycan ərazisindəki erkən insan məskənlərinin ən çoxu 4-5 min il yaşı olduğu belə şübhə ilə qarşılanırdı. Başqa sözlə, Azərbaycan ərazisində qədim insan düşərgələrinin olmadığı və burada heç vaxt ibtidai insanların yaşamadığı güman edilirdi. Lakin keçən əsrin 50-ci illərindən etibarən istedadlı arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində bir-birinin ardınca aşkar olunan mağara düşərgələri o vaxtadək güman edilən 4-5 minillik tariximizi birdən-birə 2-2,5 milyon ilədək qədimləşdirməyə imkan verdi. Azərbaycan ərazisində, həm də məhz Azərbaycan alimləri tərəfindən elmə gətirilən “Quruçay”, “Şomutəpə”, “Leylatəpə”, “Kür-Araz”, “Xocalı-Gədəbəy”, “Boyalı qablar”, “Muğan” və bir sıra digər arxeoloji mədəniyyətlər təkcə Azərbaycan alimlərinin deyil, bütövlükdə Qafqaz və ona qonşu olan ölkələrin arxeoloqlarının da sonrakı illərdə aparmış olduqları tədqiqatlar üçün bir növ ipucu oldu.

Fəxr edirik ki, Azərbaycan ərazisi dünyada insanın ilkin olaraq məskunlaşdığı ərazilərdəndir. Fəxr edirik ki, ulu əcdadlarımız minilliklər boyu bu torpaqda məskunlaşaraq, dünya mədəniyyəti xəzinəsinə layiqli töhfələr bəxş etmişlər. Bəli, biz ulu, həm də şərəfli tarixi keçmişimizlə fəxr edirik.

Ulu Öndər Heydər Əliyevin tariximizin qədim dövrlərini özündə yaşadan arxeoloji abidələrə olan həssas və qayğıkeş münasibəti nəsillərə örnək olası bir nümunədir. Təsəvvür edin, 1969-cu ildə hakimiyyətə gəlişindən az sonra O, Mədəniyyət Nazirliyi və Elmlər Akademiyası rəhbərliyinə respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin uçotunun aparılması barədə tapşırıq verib. Bu iş həyata keçirilərkən çoxsaylı yeni abidələrin qeydiyyata alınması ilə yanaşı, o da məlum olub ki, əvvəllər dövlət qeydiyyatında olan bir sıra nadir maddi mədəniyyət nümunələrimiz müəmmalı şəkildə yoxa çıxıb. Neçə-neçə abidələrin təyinatını və mənsubiyyətini bildirən yazı və simvollar sındırılıb, dağıdılıb və ya onların “erməniləşdirilməsinə” cəhdlər olunub. Sən demə, sovet təbliğat maşını hər yerdə xalqlar dostluğundan bəhs etdiyi bir vaxtda ermənilər əl altından Azərbaycan abidələri hesabına özlərinə saxta tarix yaratmaqla məşğul imişlər.

1977-ci ilin sonlarında Mingəçevirdən Qəbələ RLS-ə çəkilən yüksək gərginlikli elektrik xətti ilkin layihəyə görə qədim Azərbaycan dövləti Albaniyanın paytaxtı olan Qəbələ şəhəri qalıqlarının olduğu ərazidən keçməli imiş. İnşaatçılar bu işi görərkən arxeoloq alimlər etiraz ediblər. Vəziyyətdən xəbər tutan Ulu Öndər məsələni hərtərəfli araşdırmaq məqsədilə Ali Sovetin Rəyasət Heyətinin sədri Qurban Xəlilovun sədrliyi ilə oraya dövlət komissiyası göndərib. Komissiyanın hazırladığı 13 yanvar 1978-ci il tarixli arayış Azərbaycan KP MK-nın büro iclasının müzakirəsinə çıxarılıb və cavabdeh şəxslərə vəzifə səlahiyyətlərini icra edərkən yol verdikləri səhlənkarlığa, qətiyyətsizliyə və prinsipsizliyə görə ciddi partiya cəzası verilib. MK bürosunun qərarında, həmçinin qədim paytaxt şəhərinin sel sularının dağıdıcı təsirindən qorunması, orada tədqiqatların intensivləşdirilməsi və Dövlət Qoruğu elan olunması məsələləri də öz əksini tapıb.

Gəlin etiraf edək ki, Azərbaycan dövləti ölkə ərazisindəki abidələrin arxeoloji cəhətdən öyrənilməsi, onların qorunması və təbliği üçün nə lazımdırsa hamısını edib və bu gün də etməkdədir. Uzun illərdir ki, ali məktəblərimizin tarix fakültələrində arxeologiya müstəqil fənn kimi tədris olunur. Bakı Dövlət Universitetində arxeologiya kafedrası, AMEA-nın tərkibində isə Arxeologiya və Etnoqrafiya İnstitutu fəaliyyət göstərir. Milli Azərbaycan Tarixi Muzeyi, Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Arxeologiya muzeyi, habelə respublikanın bütün şəhər və rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin ekspozisiya və fondlarında yüz minlərlə arxeoloji material mühafizə və nümayiş olunmaqdadır. Hər il arxeologiya ixtisası üzrə neçə-neçə istedadlı gənc doktorantura və dissertanturaya qəbul olunur. Azərbaycanda arxeologiya ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün müvafiq dissertasiya şurası fəaliyyət göstərir. Hansı ki, hər il həmin şura vasitəsi ilə neçə-neçə elm adamı öz dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək alimlik dərəcəsi alır.

Diqqətəlayiq haldır ki, ölkəmizdə hər il təqribən 40-a yaxın ekspedisiya ayrı-ayrı bölgələrdə Qədim Daş dövründən tutmuş Son Orta əsrlərədək olan abidələrdə arxeoloji tədqiqat işləri aparır. Son illər arxeoloji ekspedisiyaların maddi-texniki şəraiti və maliyyə təchizatı da əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Minnətdarlıq hissi ilə qeyd olunmalıdır ki, ekspedisiyaların səmərəli işlənməsi üçün hər il dövlət büdcəsindən çox sanballı məbləğdə vəsait ayrılır. Bundan əlavə, ölkə Prezidenti və respublika hökuməti tərəfindən də bu məqsədlə vaxtaşırı maliyyələr ayrılır.

Bu yerdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illər bilavasitə arxeoloji tədqiqatların miqyasını artırmaq və keyfiyyətini yüksəltmək məqsədilə imzaladığı sərəncamları xüsusi olaraq qeyd etmək istərdim. Möhtərəm Prezidentimizin “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 5 fevral 2008-ci il tarixli, “Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında” 18 aprel 2012-ci il tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 26 aprel 2012-ci il tarixli və “Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında” 29 oktyabr 2013-cü il tarixli sərəncamları ölkəmizdə arxeologiya elminin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsi olaraq hər zaman minnətdarlıq hissi ilə xatırlanacaqdır.

Ölkə Prezidentinin Tovuz rayonu ərazisindəki Göytəpə arxeoloji kompleksinə səfəri, bölgələrə səfərləri çərçivəsində rayon və şəhərlərimizdəki tarix-diyarşünaslıq muzeyləri ilə tanış olması, Qəbələ Arxeoloji Mərkəzinin və Dəmirçi arxeoloji muzeyinin açılışında iştirakı da bu elm sahəsinə olan maraq və diqqətdən xəbər verir. Azərbaycan arxeoloqları yüksək və hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə möhtərəm Prezidentimiz İlham Əliyevə və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dönə-dönə minnətdardırlar. Amma tam səmimi olaraq onu da etiraf edək ki, təkcə minnətdar olmaq azdır, ortaya daha sanballı tədqiqatlar və fundamental əsərlər qoymaq gərəkdir.

Bu sahədə atılması vacib olan addımlar

Hər kəsə bəlli olduğu kimi, müstəqillik illərində ölkəmizdə arxeoloji abidələrin dövlət tərəfindən mühafizəsini təmin edən mükəmməl qanunvericilik bazası yaradılıb. Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində göstərildiyi kimi, ölkəmizdə “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”. Lakin təəssüf hissi ilə onu da bildirməliyik ki, bir sıra hallarda müvafiq dövlət orqanlarının və ayrı-ayrı vəzifəli şəxslərin biganəliyi və səhlənkarlığı üzündən hələ də bu sahədə qanunvericiliyin tələblərinin kobud surətdə pozulduğu hallarla rastlaşırıq. İnşaat və təsərrüfat işləri zamanı arxeoloji abidələrin dağıdılması hallarına xüsusilə tez-tez rast gəlinir. Bu da, hər şeydən öncə, iki səbəbdən baş verir. Birincisi, ölkə ərazisindəki bəzi yerlərdə arxeoloji abidələrin qeydiyyata alınması, inventarlaşdırılması, onların mühafizə zonasının müəyyənləşdirilməsi işi hələ də tələb olunan səviyyədə deyil. Yəni bir çox yerli hakimiyyət orqanları hələ də onların xidməti ərazisində konkret olaraq hansı arxeoloji abidələr olduğu barədə yetərincə məlumatlı deyil. Məhz bu səbəbdən də yerlərdə torpaq islahatı həyata keçirilərkən bir çox mühüm əhəmiyyətli arxeoloji abidələr pay torpaq sahəsi kimi ayrı-ayrı vətəndaşların xüsusi mülkiyyətinə verilmişdir. Vətəndaşlar da həmin torpaqlardan istifadə edərkən təbiidir ki, arxeoloji abidələr bu və ya digər dərəcədə dağıntıya məruz qalır, beləliklə də uzaq keçmişimizin yadigarları olan çoxsaylı maddi mədəniyyət nümunələri əzilərək, sındırılaraq məhv edilir, yaxud da təsadüfi şəxslər tərəfindən ələ keçirilərək itbat olur. Halbuki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərildiyi kimi “İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal iş dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməlidir”.

Bu sahədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı çoxsaylı konkret misallar da göstərə bilərik. Məsələn, qədim Şamaxının yerləşdiyi Xınışlı ərazisində son illər çoxsaylı sakinlərə torpaq sahəsi verilib və həmin insanlar da orada yeni evlər tikiblər. Göyçay rayonunun Yekəxana kəndi ərazisindəki qədim yaşayış yeri olan təpələrin aqibəti də təhlükədədir. Kürdəmir rayonunun Ərəbqubalı kəndi ərazisindəki orta əsrlərə aid Şəhərgah şəhər yeri də uzun illər şumlanaraq əkilib, becərilib. Aqrar islahatlar aparılarkən isə pay torpaq sahəsi kimi sakinlər arasında bölüşdürülüb. Eyni sözləri Ağsu rayonunun Bəyimli kəndi ərazisində yerləşən Mehrəvan şəhər yeri barəsində də demək olar. Əfsuslar olsun ki, digər rayon və şəhər ərazisində də oxşar hallar mövcuddur.

Təbiidir ki, pay torpaq sahəsi kimi vətəndaşların şəxsi mülkiyyətinə verilmiş həmin yerlərdə arxeoloji tədqiqat aparmaq zərurəti yarananda bir sıra ciddi problemlər ortaya çıxır. Vətəndaşların bəziləri buna etiraz edir, etiraz etməyənlərin isə torpağının ən azı bir hissəsi arxeoloji tədqiqatlar zamanı dövriyyədən çıxır. Aidiyyatı orqanlar tərəfindən həmin vətəndaşların rastlaşdığı problem vaxtında hüquqi cəhətdən tənzimlənmədikdə isə təbiidir ki, sonda həmin insanlar da narazı düşürlər. Narahatlıq hissi ilə onu da bildirək ki, son vaxtlar Azərbaycanın, demək olar ki, bütün bölgələrində qızıl və digər əntik əşyalar “axtarışı” ilə məşğul olan dələduz işbazlar tərəfindən arxeoloji abidələrdə axtarışlar aparılması geniş yayılıb. Mətbuatdan bəlli olduğu kimi, bu yaxınlarda Şəki rayonu ərazisində belə bir dələduz qrup hüquq-mühafizə orqanları tərəfindən birbaşa “iş başında” yaxalanaraq ifşa olundu. Xatırladaq ki, bu cür qanunsuz yollarla əldə olunan əntik əşyalar davamlı olaraq “qara bazar”a ötürülməkdədir.

Bundan başqa, mütəxəssislər hesab edirlər ki, şəraitindən asılı olmayaraq istənilən zirzəmi arxeologiya fondu üçün əsla yararlı yer hesab edilə bilməz. Bu, məsələnin bir tərəfidir. Məsələnin digər, həm də daha ciddi tərəfi ondadır ki, əksəriyyəti fraqmentlər halında tapılan və çox çətinliklə konservasiya və bərpa olunan arxeoloji materiallar, xüsusən də dəmir, keramika, şüşə, sümük və toxuculuq məmulatı nümunələri bəzən sadəcə yerindən tərpədildikdə belə dağılıb məhv olmaq təhlükəsi yaranır.

Arayış üçün onu da əlavə edim ki, hər il Azərbaycan üzrə 40-a yaxın arxeoloji ekspedisiya müxtəlif yerlərdə tədqiqat işləri aparır və üst-üstə təqribən 6-7 min ədəd elm üçün nadir hesab olunan eksponatı qeydiyyata alaraq götürür. Bu, o deməkdir ki, yalnız müstəqillik illərində Azərbaycan arxeoloqları tərəfindən ümumilikdə təqribən 18-20 min ədəd nadir tarixi əhəmiyyəti olan eksponat aşkar edilərək qeydiyyata alınıb. Göründüyü kimi, bu, tariximizi daha dərindən və hərtərəfli öyrənmək üçün həqiqətən bu olduqca dəyərli mənbəəşünaslıq bazasıdır və onun qədrini bilməliyik.

Bu gün hətta arxeologiya sahəsində çalışan gənclərin bir çoxu Gəncə, Mingəçevir, Beyləqan, Xınışlı, Qəbələ və digər iri kompleks arxeoloji ekspedisiyaların materiallarının harada və hansı şəraitdə saxlanıldığından xəbərsizdir. Son illər tarix və arxeologiyaya əsla dəxli olmayan digər peşə sahələrindən olan diletant insanların arxeologiyaya axını müşahidə olunur. Belələrinin tələm-tələsik ona-buna yazdırdıqları, başdan-başa saxta, plagiat və mənasız “elmi işlər” axı kimə lazımdır?

Tarixi-mədəni yadigarların olduğu kimi gələcək nəsillərə ötürülməsi üçün qarşıda duran vəzifələr

Yuxarıda qeyd olunan problemləri aradan qaldırmaqla Azərbaycanda arxeologiya elminin inkişafını təmin etmək, tarixi-mədəni yadigarların olduğu kimi, yəni dağıntısız və itkisiz şəkildə gələcək nəsillərə ötürülməsi üçün qarşıda duran ən ümdə vəzifələr bunlardır:

1. Respublika ərazisində mövcud olan bütün arxeoloji abidələrin müfəssəl uçotu və qeydiyyatı aparılmalı, onların mühafizə zonası müəyyənləşdirilməli, pasportlaşdırılmalı, müvafiq xəritələr işlənməli və nəhayət, onların mühafizəsi təşkil olunmalıdır.

2. Torpaq islahatı zamanı naşılıq, məsuliyyətsizlik və ya başqa bir səbəb ucbatından pay torpaq sahəsi olaraq vətəndaşların şəxsi mülkiyyətinə verilmiş ərazilərdəki, habelə islahatdan sonrakı dövrdə aşkar olunmuş xüsusilə mühüm əhəmiyyətli arxeoloji abidələrin taleyinə aydınlıq gətirilməlidir. Əsasən antik və orta əsrlər dövrünə aid şəhər və şəhər tipli yaşayış məntəqələrindən, habelə qədim nekropallardan ibarət olan həmin abidələrin ərazisi heç bir halda ağır texnikadan istifadə olunmaqla qazıla və ya şumlana bilməz. Bu, çox ciddi dağıntılara yol aça bilər və təəssüf hissi ilə bildiririk ki, artıq belə hallar baş verməkdədir. Odur ki, bu sahədə də müvafiq tənzimləmə tədbirləri həyata keçirilməlidir.

3. Fikrimizcə, respublikanın ayrı-ayrı muzey və fondlarında, şəxsi kolleksiyalarda pərakəndə halda saxlanılmaqda olan zəngin arxeoloji tapıntıları bir yerə toplamaqla vahid mərkəzləşdirilmiş arxeoloji fond və arxeologiya muzeyinin yaradılmasının da vaxtı çatmışdır.

4. Arxeoloji abidələrin tədqiqinin başa çatdırılmasından sonrakı taleyi barədə də düşünməyə dəyər. Bizcə, konservasiya təminatı olmayan abidələrin tədqiqi hələlik bir qədər təxirə salınsa yaxşıdır. Bu mənada arxeoloji tədqiqatların prioritet istiqamətlərinə yenidən baxmaq zərurəti gündəmdə olan məsələlərdəndir. 3-4 nəfərlik heyətdən ibarət çoxsaylı xırda ekspedisiyalar əvəzində genişplanlı kompleks ekspedisiyaların təşkili praktikasına üstünlük verilməlidir. Hesab edirik ki, arxeoloji ekspedisiyaların təşkili və onların hesabatlarının tərtibi qaydalarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 289 saylı və 22 may 2015-ci il tarixli 196 saylı qərarlarındakı bəzi müddəalar da zamanın tələblərinə uyğunlaşdırılmalıdır.

5. Arxeoloji tədqiqatların səmərəsini artırmaq, bütövlükdə respublikada arxeologiya elminin inkişafını təmin etmək naminə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun strukturunun təkmilləşdirilməli, arxeologiyaya dair əsərlərin və dissertasiyaların elmi səviyyəsi qaldırılmalı, Elmi Şuralar və Problem Şuraları tərəfindən dissertasiya mövzuları müəyyənləşdirilərkən mütləq surətdə Azərbaycan arxeologiya elminin prioritetləri əsas götürülməlidir.

6. Arxeoloji irsin təbliği istiqamətində maarifçilik işi genişləndirilməli, uzun müddətdir ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun nəşriyyat planında olan “Azərbaycan arxeologiyası” çoxcildliyinin son illərinin ən yeni elmi nailiyyətləri nəzərə alınmaqla tamamlanaraq nəşri təmin olunmalı, ölkə ərazisində mövcud olmuş qədim dövlətlər, antik və orta əsr şəhərləri, memorial abidələr və müdafiə tikililəri haqqında yeni və daha sanballı əsərlər işlənməlidir.

Xalqımızın və dövlətimizin qədim tarixini dərindən və hərtərəfli öyrənmək Azərbaycan arxeologiya elminin başlıca hədəfidir. Alim üçün belə bir nəcib və vacib missiyaya xidmət etməkdən daha şərəfli nə ola bilər?!

Əziz tarixsevərlər! Tariximizi öyrənməyə Azərbaycan arxeologiyasını öyrənməkdən başlayın. Çünki Azərbaycanın qədim tarixi, hər şeydən öncə, Azərbaycan arxeologiyası üzərində, arxeoloq alimlərimizin elmimizə bəxş etdiyi yeniliklər əsasında formalaşır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Müstəqil Azərbaycanda fizika, riyaziyyat, bilogiya, kimya, yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Bunların hərəsinin özünəməxsus çərçivəsi var. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq ömrünün sonuna qədər lazımdır”.

Qafar Cəbiyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor

"Yeni Azərbaycan" qəzeti

  • Paylaş: