Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

28.08.2020 11:44
  • A-
  • A
  • A+

Azərbaycan əlyazması UNESCO-nun Dünya yaddaşı beynəlxalq reyestrinə daxil ediləcək

Azərbaycan əlyazması UNESCO-nun Dünya yaddaşı beynəlxalq reyestrinə daxil ediləcək

Azərbaycana aid daha bir əlyazmanın UNESCO-nun Dünya yaddaşı (Memory of the World) beynəlxalq reyestrinə daxil edilməsi üzrə AMEA-nın Əlyazmalar İnstitutu ilə sözügedən təşkilat arasında iyulun 27-dən başlanmış onlayn işçi görüşləri və təqdimat prosesi yekunlaşıb.

UNESCO Baş Qərargahının və Cənubi Koreyanın UNESCO üzrə Milli Komissiyasının təşəbbüsü ilə keçirilmiş çoxsaylı görüşlərə Dünya yaddaşı proqramının Qeydiyyat altkomitəsinin rəhbəri professor Jan Bos (Niderland) sədrlik edib. Qiymətləndirmə üzrə ekspertlər qismində isə UNESCO rəsmiləri, professorlar Joy Şpringer (Niderland), Kyunq-ho Suh (Cənubi Koreya), Rey Edmondson (Avstraliya) və Roslin Rassel (Avstraliya) çıxış ediblər.

UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin sədrliyi ilə elmi müəssisədə yaradılmış komissiya (üzvlər: Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa NəcəfovBeynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova) prosedur qaydalarına uyğun olaraq, institutda mühafizə olunan, XIX əsrə aid unikal əlyazma kitabının UNESCO ekspertləri üçün təqdimatını həyata keçirib.

On dörd onlayn işçi görüşdə institutu təmsil edən komissiya üzvü, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova reyestrə daxil edilmək üçün təqdim olunmuş əlyazma haqqında həm əsas, həm də plenar iclaslarda çıxışlar edib, namizəd əlyazmanın unikallığı, elmi, tarixi, bədii əhəmiyyəti ilə bağlı elmi müəssisənin mövqeyini və obyektiv qiymətləndirməyə yardım edəcək mötəbər arxiv sənədlərini UNESCO ekspertlərinin diqqətinə çatdırıb, proses zamanı meydana çıxmış əlavə sualların cavablandırılması məqsədilə komissiya üzvlərini UNESCO Qeydiyyat altkomitəsi ilə əlaqələndirib.

UNESCO tərəfindən elmi qiymətləndirmə və ekspertiza fəaliyyəti uğurla yekunlaşacağı təqdirdə, Azərbaycana aid daha bir əlyazmanın yaxın bir neçə ay ərzində nüfuzlu Dünya yaddaşı reyestrinə daxil ediləcəyi gözlənilir.

Xatırladaq ki, indiyədək Əlyazmalar İnstitutunda saxlanılan 4 unikal əlyazma - Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi”, Əbülqasim Zəhravinin “Əl-məqələtus-səlasim”, Əbu Əli ibn Sinanın “Əl-qanun fit-tibb” və Məhəmməd Füzulinin anadilli “Divan”ı Dünya yaddaşı reyestrinə daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: