www.science.az
13.10.2020 11:28

AMEA-nın müxbir üzvü Tulparxan Salavatovun 70 yaşı tamam olur

Bu gün neft və qaz yataqlarının işlənməsi və istismarı sahəsində görkəmli alim, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Tulparxan Salavatovun 70 yaşı tamam olur.

Salavatov Tulparxan Şarabudinoviç 13 oktyabr 1950-ci ildə Bakı şəhərin­də anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azər­­baycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsini bitirib.

T.Salavatov 1981-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1990-cı ildə texnika üz­rə elmlər doktoru elmi dərəcələrini, 2003-cü ildə professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft-Qaz Yataqlarının Problemləri İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlayan T.Salavatov 1978-ci ildən bu günə kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft yataqları­­nın işlənməsi və istismarı kafedrasında ardıcıl olaraq böyük mühən­dis, EHM rəisi, assistent, dosent, professor və kafedra müdiri vəzifələrində işləyib.

T.Salavatov 2001-2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti ya­­nın­­da Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub. 2009-2015-ci illərdə D.02.141 Dissertasiya Şurasının sədr müavini, 2017-2018-ci illərdə sədri, 2019-cu ildən isə ED 2.03 Dissertasiya Şurasının sədridir.

T.Salavatov neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı sahəsində görkəmli alimlərdən biridir. Onun elmi fəaliyyətinin əsas istiqa­mət­lə­rini göstəricilərin dinamiki təhlili əsasında neft və qaz yataqlarının işlənməsi zamanı alternativ üsulların tətbiq edilməsi, neft və qaz yataq­larının işlənməsinin idarə edilməsi üçün kompromis halların seçilməsi təşkil edir. Bundan əlavə, alim qeyri-Nyuton sistemlərin reofiziki xassələrinə fiziki sahələrin təsirinin təd­qi­qində radiospektroskopik üsulların tətbiq edilməsi, müxtəlif fiziki sahələrin (təz­yiq, istilik, maqnit və elektrik) tətbiqi ilə neftçıxarmanın səmərəsinin və layların neftvermə əmsalının yüksəldilməsi, böhran qiymətlərindən yüksək para­metrlərdə neftvermə əmsalının yüksəldilməsi texnologiyalarının yaradıl­ma­sı istiqamətində də tədqiqatlar aparır. Həmçinin enerji və resurslara qənaət texnologiyalarının işlənməsi, alternativ və bər­pa olunan enerji mənbələrinin tətbiqi əsasında neftqazçıxarmanın tex­no­lo­ji proseslərinin səmərəliliyinin artırılması üsullarının işlənməsi və tətbiqi də alimin elmi fəaliyyətinə daxildir.

T.Salavatov 302 elmi əsərin, o cümlədən 11 müəlliflik şəhadətnaməsinin və patentin, 13 monoqrafiyanın, dərs vəsaiti və dərsliklərin müəllifidir. Onun rəhbərliyi ilə 4 elmlər və 24 fəlsəfə doktoru hazırlanıb.

O, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, eləcə də Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (SPE) üzvüdür.  

T.Salavatov “Azərbaycan neft təsərrüfatı”, Rusiyanın «Нефтепромысловое дело», «Геология, геофизика и разработка нефтяных и газовых место-рождений», «Aктуальные проблемы нефти и газа» və «Нефтегазовое дело»  jurnallarının redaksiya heyətinin və redaksiya şurasının üzvüdür.

Alim elm və texnikanın inkişafındakı nailiyyətlərinə və elmi nəticə­lə­rin xalq təsərrüfatına tətbiqinə görə Rusiya Təbiət Elmləri Akademiyasının “Uğur ulduzu” Fəxri nişanına, Vyetnam Respublikasının Fəxri neftçisi və Azərbaycan Respublikasının Əməkdar elm xadimi adlarına layiq görülüb.

AMEA-nın müxbir üzvü Tulparxan Salavatovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və elmi fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.