Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“EaPEC 2021” konfransına hazırlıq işləri görülür
21.10.2020 14:29
  • A-
  • A
  • A+

“EaPEC 2021” konfransına hazırlıq işləri görülür

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının növbəti onlayn iclasında 2021-ci ildə keçiriləcək “Şərq Tərəfdaşlığı E-infrastruktur (EaPEC 2021)” beynəlxalq konfransına hazırlıq işləri haqqında məlumat verilib.

İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev çıxış edərək öncə 2020-ci ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan EaPEC konfransının COVID-19 pandemiyası səbəbindən təxirə salındığını diqqətə çatdırıb. Bildirib ki, hazırda 2021-ci ilin sonu 2022-ci ilin əvvəllərində keçirilməsi planlaşdırılan “EaPEC 2021” konfransı Şərq Tərəfdaşlığının EapConnect layihəsi çərçivəsində reallaşdırılan 5-ci tədbirdir.

B.Nəbiyev qeyd edib ki, konfransa hazırlıq məqsədilə çoxsaylı görüşlər keçirilib, bu görüşlərdə tədbirin plenar iclaslarında ediləcək çıxışlar barədə geniş müzakirələr aparılıb.

O, 2021-ci ilin aprel ayında Avropadan konfransın keçirilməsi üzrə Proqram Komitəsinin Azərbaycana gələcəyini və burada tədbir ilə bağlı fikir mübadiləsinin aparılacağını qeyd edib.

Şöbə müdiri konfransa hazırlıq işləri çərçivəsində ölkəmizdə fəaliyyət göstərən təşkilatçı şirkətlərlə danışıqlar aparıldığını, Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyası (GEANT) tərəfindən müxtəlif təşkilatçı şirkətlərə məlumatlar göndərildiyini, Azərbaycanda tədbirlərin keçirilə biləcəyi potensial məkanların müəyyənləşdirildiyini diqqətə çatdırıb.

Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Alim GEANT-ın təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect layihəsinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, layihə Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu ölkələrdə fəaliyyət göstərən tədqiqat və təhsil müəssisələrində milyonlarla alim, müəllim heyəti və tələbənin yüksəksürətli, genişzolaqlı İnternet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsini nəzərdə tutur.

“EaPConnect layihəsi çərçivəsində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədi ilə təşkil olunan, e-elm və e-infrastruktur məsələlərinin müzakirə olunacağı, 60-dan çox Avropa ölkəsini birləşdirəcək bu konfransın ölkəmizdə keçirilməsi Azərbaycan elmi üçün geniş imkanlar açacaq. Azərbaycan elmi ictimaiyyətinin Avropa mühitinə inteqrasiyasını sürətləndirəcək”, – deyə alim əlavə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: