Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanın şanlı Ordusu status-kvonu dəyişdi
21.10.2020 16:54
  • A-
  • A
  • A+

Azərbaycanın şanlı Ordusu status-kvonu dəyişdi

Azərbaycan Respublikasının Prezidenti,cənab Ali Baş Komandanın son günlərdə xarici televiziya kanallarının müxbirlərinə verdiyi müsahibələrə ətraflı konkret cavab verməsi onun diplomat kimi necə yüksək səviyyəli, bacarıqlı bir dövlət rəhbəri olduğunun göstəricisidir.

Müharibə eyni zamanda informasiya cəbhəsində gedir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət düşmənə həm döyüş meydanında, həm də informasiya müharibəsində üstünlük qazanmağımıza şərait yaratmışdır. Cənab Prezident Ermənistanın 27 sentyabrdan Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığı vaxtdan bu günə kimi dünyanın 17 ən məşhur televiziya kanallarına müsahibə vermişdir. 19 oktyabr 2020-ci il tarixində cənab Prezident növbəti müsahibəni Rusiyanın tanınmış TASS informasiya agentliyinə vermişdir. Müsahibə vaxtı müxbirin Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı sualları cavablandıran cənab Prezident bildirmişdir ki, Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməyə həmişə hazır, öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmişə öhdəlikləri yerinə yetirməyə çalışır və buna hazırdır. Ancaq Ermənistan tərəfi humanitar atəşkəsə əməl etmir.

Ermənistan növbəti dəfə atəşkəsi kobud şəkildə pozdu. Beləliklə, danışıqlardan heç 24 saat keçməmiş Moskvadakı uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə qarşı hörmətsizlik göstərdi. 32 ildir işğalçılıq və təcavüzkarlıq siyasətindən əl çəkməyən Ermənistan yenə qanlı cinayət əməlinə - barbarlıq, vandallıq aktına imza atdı, yenə dünya birliyinə, beynəlxalq hüquq normalarına açıq-aşkar meydan oxudu. Azərbaycanın nəcib, insani, humanist addımın qarşılığında, öz xislətlərinə, mahiyyətlərinə uyğun davrandılar, sözdə, kağız parçası üzərində qalan humanitar atəşkəsin ilk dəqiqələrindən, ilk saatlarından yenidən Tərtəri, Füzulini, Ağdamı, Ağcabədini, Azərbaycanın tarixi şəhəri, dünya sivilizasiyasının mərkəzlərindən, ilk müstəqil Cümhuriyyətimizin paytaxtı olan, qəsbkarlar qarşısında baş əyməyən Cavad xanın yurdu olan Gəncə şəhərini, Azərbaycanın enerji mənbəyi olan Mingəçeviri, digər yaşayış məntəqələrini qadağan olunmuş top, raket atəşinə məruz qoydular, mülki, dinc insanlara hər mənada böyük zərərlər, ziyanlar vurdular.

Bəli, bizim humanistliyimiz, yenidən Gəncədə körpələrin, Tərtərdə dəfn iştirakçılarının, yaxud məktəblilərin, həkimlərin raket atəşinə tutulması ilə əvəzləndirildi. Müharibənin də öz qayda-qanunu, hərbçinin də buna uyğun öz davranışı olmalıdır. Hərb meydanında uduzub, ön cəbhədən uzaqdakı dinc insanları hədəf almaq, raket atəşinə tutmaq acizlik və  rəzillikdən başqa bir şey deyil. Belə qeyri-insani hərəkətlərlə Azərbaycanın haqlı davasını sarsıtmaq mümkün deyil!

Cənab Prezidentin vurğuladığı kimi, Ermənisatan siyasi rəhbərliyinin uydurduğu yenilməz ordu mifologiyası ststus-kvo artıq yoxdur. Staus-kvonu Azərbaycan Ordusu pozub və bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının dəfələrlə səsləndirdikləri bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının səsləndirdikləri bəyanatları çərçivəsində etmişik. Azərbaycan bu bəyanatları eşidib, lakin onların implementasiyasını görməyib. Buna görə Azərbaycan özü onu implementasiya etdi. Yəni, status-kvo yoxdur, təmas xətti yoxdur. O, təmas xətti artıq Azərbaycan Ordusunun əlindədir. Cənab Prezident TASS informasiya agentliyinə verdiyi müsahibədə bildirdi ki, “Bizim nəyə malik olduğumuz heç kəs üçün sirr deyil. Buna görə bizim əlavə hərbi qüvvələrə ehtiyacımız yoxdur. Azərbaycan beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübariz olub. Əlbəttə, hansısa terror təşkilatlarının bizim ərazimizdə yuva salmalarına, xüsusən bizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heç vaxt imkan verməyəcəyik. Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs bizə heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz belədir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur”.

Muzdlular Ermənistan tərəfindən döyüşür, Azərbaycan tərəfindən deyil. Azərbaycan ordusunun məhv etdiyi ermənilər arasında mudzluların da olduğu hər kəsə bəllidir. Muzdlulardan, terrorçulardan istifadə etmək erməni ənənəsinə aiddir. İndiyə qədər ermənilər tərəfdən döyüşən kifayət qədər muzdlular və terroçularu Azərbaycan Ordusu məhv edib.

Düşmənin və onun havadarlarının qarşısında səssiz qalan dünya birliyi artıq dünya birliyinin nəzərə almadığı və ya gözdən qaçırdığı bir məqam, bir gerçəklik də var. Bu məqam, bu gerçəklik də Azərbaycan xalqının yenilməz, sarsılmaz ruhu, Azərbaycan dövlətinin gücü, qüdrəti, Azərbaycan Ordusunun döyüş əzmi və xüsusilə, Azərbaycan Prezidentinin siyasi iradəsidir. Dövlət də, ordu da, lider də öz xalqından güc-qüvvət alır. Azərbaycanda güclü, sarsılmaz, ordu-dövlət-hakimiyyət birliyi var və bu birliyi heç bir addımla, məkrli ssenarilərlə, təxribatlarla, fitnəkarlıqlarla sarsıtmaq mümkün deyil. Azərbaycan insanının  ruhunu, Azərbaycan dövlətinin əzmini sındırmaq, məhv etmək mümkün deyil.

Rəşadətli ordumuzun gücü hesabına tarixi ədalət bərpa olur. Azərbaycan Respublikasının Prezidenti, Ali  Baş  Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Ermənistan işğalçıları tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda apardığı zəfər yürüşü davam edir. Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı geri qaytarır. Demək olar ki, hər gün cənab Prezident, Ali Baş Komandan işğaldan azad olan yaşayış məntəqələrimiz haqqında xalqımıza xoş xəbərlər çatdırır. İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan bütün torpaqlarımızı işğaldan azad edəcək və Azərbaycan bayrağı Xankəndində, Şuşada və azad edilmiş digər yaşayış məntəqələrimizdə dalğalanacaq.

Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına sonuncu müraciətində də deyildiyi kimi, “Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”

Tofiq MƏMMƏDOV, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: