Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Müasir elmin inkişafında multidissiplinarlıq prinsipi
26.10.2020 14:59
  • A-
  • A
  • A+

Müasir elmin inkişafında multidissiplinarlıq prinsipi

Böyük Britaniyanın tanınmış fizik-alimi və ictimai xadimi, fizika, kristalloqrafiya və biokimya sahələrində müxtəlif elmi əsərlərin müəllifi Con Desmond Bernalın elmi inkişaf haqqında belə bir fikri var: “Elm yalnız təfəkkürün məhsulu deyil. Elm daima təcrübəyə cəlb edilən və daima təcrübə ilə təsdiqlənən təfəkkürün məhsuludur. Məhz buna görə elmi texnikadan ayrı öyrənmək olmaz”.

1980-ci illərin ortalarından başlayaraq elm sahəsində multidissiplinar araşdırmalar geniş yayılmağa başlayıb. ABŞ, Avropa ölkələri, Yaponiya, Kanada və digər ölkələrdə multidissiplinar institutlar və tədqiqat mərkəzləri yaranıb, universitetlər nəzdində müxtəlif fənlərarası bölmələr təşkil olunub. Maraqlısı da budur ki, bu proses hər hansı bir dövlət proqramlarının tələbi ilə deyil, alimlərin və ali təhsil müəssisələrinin rəhbərliyinin təşəbbüsü nəticəsində baş verib.

Elmdə fənlərarası əlaqələrin və multidissiplinarlığın geniş yayılması sosial, siyasi və iqtisadi inkişafa təkan verdiyi üçün bu cür tədqiqatlar dövlətlər tərəfindən maliyyələşdirilməyə başlayıb. Həmçinin biotibb və digər təbiət elmlərində əldə olunan mühüm elmi nailiyyətlər yeni multidissiplinar fənlərin yaranmasına gətirib çıxarıb: bionanoelm, molekulyar nanoelm, bioinformatika və s.

Bu baxımdan AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadənin elmi koordinatorluğu ilə institutun kollektivi tərəfindən hazırlanan və Azərbaycan, rus və ingilis dillərində nəşr edilən “2020-2030-cu il­lər üçün geolo­gi­ya və geo­fi­zi­ka sa­hələr­in­­də elm­lər dok­tor­la­rı və fəl­sə­fə dok­tor­la­rı­nın hazırlan­ma­sı proq­ram­la­rı üzrə prioritet təd­qi­qat is­ti­qa­mət­lə­ri və ak­tu­al möv­zu­lar” toplusu böyük əhəmiyyət kəsb edir. Sözügedən vəsaitdə geologiya və geofizika sahələri üzrə ixtisaslaşan mütəxəssislərə digər elmi istiqamətlərlə əlaqəli mövzular təqdim olunur. Burada həmçinin, gənc tədqiqatçıları elmi araşdırmalara sövq edə biləcək dünyanın görkəmli mütəfəkkirlərinin elm haqqında söylədikləri kəlamlar da yer alır ki, bu da öz növbəsində tərtib edilən topluya özünəməxsus orijinallıq gətirir.

Vəsaitin “Elmlər doktorlarının hazırlanması proqramı üzrə mövzular” bölməsində tədqiqatçılara 75 adda mövzu təklif edilir. Bunlardan “Xəzər dənizinin geofiziki sahələrinin riyazi modelləri”, “Qafqazın urbanizə olunmuş ərazilərinin radioekoloji vəziyyəti”, “Azərbaycan ərazisinin seysmotektonik modeli”, “Neft və qaz yataqlarının əmələ gəlməsi və işlənilməsi ilə əlaqədar qeyri-bircins geoloji mühitdə flüid dinamikasının xüsusiyyətləri” və digərlərini misal gətirmək olar.

Fəlsəfə doktorlarının hazırlanması proqramı üzrə isə tədqiqatçılara 102 mövzu təqdim edilir: “Biq Data texnologiyasının tətbiqi ilə Xəzər dənizinin hidrofiziki məlumatlarının təhlili”, “Dağlıq Qarabağın cənub-şərq hissəsinin və Qarabağ düzənliyinin seysmotektonik modeli”, “Kosmik monitorinq texnologiyalarının tətbiqi ilə neftli-qazlı ərazilərin səthə yaxın atmosfer təbəqəsində karbohidrogen qazlarının paylanma qanunauyğunluqlarının öyrənilməsi (Azərbaycanın timsalında)”, “Binəqədi dördüncü dövr flora və fauna tapıntı yerində aşkarlanan onurğalıların qalıqlarının molekulyar-genetik analizi” və s.

Sadalananlardan aydın olur ki, araşdırıcılara tövsiyyə olunan mövzular fənlərarası sahələri əhatə edir. Yəni mütəxəssislər sırf geologiya və geofizika sahələrinə aid deyil, bu istiqamətləri digər Yer elmləri, informatika, riyaziyyat, genetika və s. fənlərlə, habelə kosmik texnologiyalar, seysmologiya ilə əlaqələndirib tədqiqatlar aparmalıdırlar.

Bu məsələ toplunun “Ön söz”ündə də öz əksini tapır: “... son onilliklərdə elmdə konvergentlik ideyası, başqa sözlə elmi fənlərin və texnologiyaların yaxınlaşması, qovuşması, onların qarşılıqlı tətbiqi fundamental və praktiki elmi tədqiqatların inkişafında birmənalı şəkildə prioritet rol oynayır. Bu baxımdan AMEA-nın Geologiya və Geofizika İnstitutunun qarşısında olduqca mühüm vəzifə – fənlərarası elmi məkana uyğunlaşa bilən, dünyanı olduğu kimi bütöv şəkildə dərk və qəbul edən bacarıqlı gənc mütəxəssislərin yetişdirilməsi durur.

Bu mürəkkəb problem yalnız müasir elmi baza və dövlətimizi inkişaf etmiş dünya səviyyəsində təmsil edə biləcək, qloballaşma prosesində Azərbaycanın aktiv iştirakına təkan verəcək müvafiq elmi məktəb­lərin yaradılması ilə öz həllini tapa bilər”.

Fikrimizcə, bu mühüm vəzifə yalnız sözügedən institut qarşısında deyil, AMEA-nın bütün elmi müəssisə və təşkilatları, ümumilikdə respublikanın elmi mərkəzləri və ali təhsil müəssisələri qarşısında durur. Məlum olduğu kimi, hazırda hətta humanitar və ictimai elmlər üzrə müasir tədqiqatlar multidissiplinar yanaşmaya əsaslanır. Məsələn, bu sahədə rəqəmsal mədəniyyət, paleoantropologiya, tarixi proseslərin riyazi modelləşdirilməsi, rəqəmsal iqtisadiyyat, riyazi dilçilik və bir çox digər istiqamətləri sadalaya bilərik. Buna görə də təqdim edilən toplu bu kimi vəsaitlərin hazırlanması üçün nümunə ola bilər.

Beləliklə, elmi tədqiqatların müasir inkişaf tendensiyaları “multidissiplinar” statusa doğru hərəkətə, yəni müxtəlif elmi fənlərin üsullarından istifadə etməklə yeni sintez olunmuş biliklərin əldə edilməsinə yönəlib. Elmi fənlər birləşərək yeni ixtisasların formalaşmasına təkan verən klasterlər yarada bilər. Bu baxımdan fənlərarası tədris vasitəsilə baş tutan elmlə təhsilin inteqrasiyası elmi problemləri innovativ üsullarla araşdıran elmi-praktiki kadrlar yetişdirməyə imkan yaradır.

Nəzmin CƏFƏROVA, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: