Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.12.2020 14:51
  • A-
  • A
  • A+

Qarabağ ərazisindəki mövcud yeraltı hərbi kommunikasiyaların geofiziki üsullarla aşkarlanması üzrə tədqiqatlar aparılacaq

Qarabağ ərazisindəki mövcud yeraltı hərbi kommunikasiyaların geofiziki üsullarla aşkarlanması üzrə tədqiqatlar aparılacaq

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının növbəti iclası keçirilib.

İclası müəssisənin direktoru, akademik Akif Əlizadə açaraq ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun əldə etdiyi qələbə münasibətilə müəssisə kollektivini təbrik edib, 30 il işğal altında qalmış torpaqlarımızın azad edilməsinin tarixi əhəmiyyətindən və bu ərazilərin yenidən elmi tədqiqatlara cəlb edilməsinin önəmindən bəhs edib. O, bu prosesdə institutun alim və mütəxəssislərinin üzərinə düşən vəzifələri nəzərə çatdırıb.

A.Əlizadə daha sonra şura üzvlərini iclasın gündəliyində duran elmi-təşkilati məsələlərlə tanış edib. Akademik GGİ-də bərpa olunan enerji mənbələri və mineral xammalın tətbiqi texnologiyasının işlənilməsi istiqamətlərində aparılacaq fənlərarası elmi-tədqiqat işləri ilə bağlı ətraflı məlumat verib.

Yığıncaqda çıxış edən geologiya-minerologiya üzrə elmlər doktoru Abdulvahab Muxtarov “Azərbaycanın geotermal atlası və geotermal enerji resursları kadastrının tərtib edilməsi” mövzusunda elmi-tədqiqat işi üzrə yekun hesabatı təqdim edib, sualları cavablandırıb.

İclasda, həmçinin akademik Fəxrəddin Qədirovun “Qarabağ ərazisində mövcud yeraltı hərbi kommunikasiyaların geofiziki üsullarla aşkar edilməsi və geoloji təhlükələrin qiymətləndirilməsi” mövzusunda elmi-tədqiqat işinin proqramı maraqla qarşılanıb, geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib. Həmçinin Geologiya və Geofizika İnstitutunda Bakı Dövlət Universitetinin “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının filialının fəaliyyəti haqqında F.Qədirovun hesabatı dinlənilib.

Bundan əlavə, institutda koronavirus pandemiyasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi qərara alınıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: