Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Əlyazmalar İnstitutunda Ümumxalq Hüzn Gününə həsr olunan tədbir keçirilib
20.01.2021 14:20
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Ümumxalq Hüzn Gününə həsr olunan tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan tədbir keçirilib.

Öncə qanlı faciənin qurbanları, günahsız olaraq qətlə yetirilmiş oğul və qızlarımızın, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş, eyni zamanda Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan müəssisənin direktoru, akademik Teymur Kərimli qeyd edib ki, qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar tarixi Azərbaycanın istiqlalı yolunda müstəqillik əzmimizin, milli kimliyimizin dünyaya bəyan edilməsinin başlanğıcı oldu. Keçmiş SSRİ rəhbərliyi tərəfindən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və ölkədə baş verən proseslərə, xəyanətkarlığa etiraz edən xalqımıza qarşı misli görünməmiş amansızlıq və qəddarlıq nümayiş etdirildi. 21 yanvar 1990-cı il tarixində ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək etiraz bəyanatı ilə çıxış etdi. 1994-cü il martın 29-da isə ulu öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi. Sovet ordusunun Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi nəticəsində dinc əhalinin qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən törədilən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Akademik T.Kərimli vurğulayıb ki, uzun illərdən bəri torpaqlarımızı işğal etmiş erməni faşizmi üzərində ötən il qazanılmış böyük qələbə sayəsində bu il xalqımız şəhidlərimizin xatirəsini kədər, hüzn hissi ilə yanaşı, daha fərqli duyğu ilə yad edir. O, çıxışının sonunda postmüharibə dövründə alimlərimizin üzərinə düşən vəzifələrdən də söz açıb.

Tədbirdə, həmçinin professorlar Kamandar Şərifov, Azadə Musayeva, filologiya elmləri doktoru Paşa Kərimov, dosentlər Əzizağa Nəcəfzadə və Yusif Günaydın da çıxış ediblər. Çıxışlar zamanı gənclərimizdə vətənpərvərlik hissinin, milli şüurun formalaşmasında ziyalılarımızın, alimlərimizin rolundan danışılıb. Qeyd olunub ki, Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə xalqımızın əzmini, birliyini daha da artırdı. Artıq bayrağımız Şuşa qalasında dalğalanır, şəhidlərimizin ruhu şaddır, onların qanı yerdə qalmadı, qisası alındı. Bu günlərdə Şəhidlər Xiyabanına gələn hər kəs ərazi bütövlüyünü təmin etmiş ölkənin vətəndaşı kimi böyük qürur hissi keçirərək istiqlal fədailərimizin xatirəsini ehtiramla yad edir. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə şəfa versin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: