Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.02.2021 15:51
  • A-
  • A
  • A+

Nizami Muzeyinin əməkdaşı Moskvada keçirilən videokonfransda iştirak edib

Nizami Muzeyinin əməkdaşı Moskvada keçirilən videokonfransda iştirak edib

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi və AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dəstəyi ilə Moskva şəhərinin K.A.Kərimov adına 1583 saylı ümumtəhsil məktəbində “Sözün gücü” adlı videokonfrans keçirilib.

Tədbirin əsas mövzusu bu il ölkəmizdə 880 illiyi qeyd edilən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı olub.

Onlayn konfransda Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi, Moskva Dövlət Pedoqoji Universiteti, Rusiya Maarif Nazirliyi və digər təşkilatların əməkdaşları iştirak ediblər.

Videokonfransı giriş sözü ilə açan 1583 saylı Moskva ümumtəhsil məktəbinin direktoru Svetlana Yevqenyevna Dvoryantseva Azərbaycanın və Şərqin dahi şairi Nizami Gəncəvinin yaradıcılığına həsr olunan tədbirin əhəmiyyətini qeyd edib. Bildirib ki, böyük mütəfəkkirin zəngin ədəbi irsi sülh və tolerantlığın nümunəsidir. 1991-ci ildə YUNESKO tərəfindən “Nizami ilinin” elan olunmasını xatırladan məktəb direktoru 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsini tarixi hadisə kimi dəyərləndirib.

“Nizami Gəncəvi tarixdə və bu gün” mövzusunda müxtəlif çıxışların səsləndiyi videokonfransda Nizami Muzeyinin Ədəbi mərasimlər və nəşrlər şöbəsinin böyük laborantı, izahatçı Zarema İbrahimova da iştirak edib. O, tədbirdə muzeyin böyük sənətkara həsr olunan ekspozisiya zalları barədə ətraflı izahat verib. Z.İbrahimovanın çıxışı muzeyin Nizami zalında sərgilənən nəfis xalıların, heykəllərin, miniatür və tabloların videogörüntüləri ilə müşayiət olunub.

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan “Sözün gücü” adlı videokonfrans Moskva məktəblilərinin ifasında Nizami lirikasına məxsus qəzəllərin, “Sevgili canan” romansının ifası ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: